Qazaxda tütün əkini və barama ilə bağlı iclas keçirilib
Azərbaycanın sürətli iqtisadi inkişafında neft
sektorunun aparıcı rolu olsa da son illər qeyri-neft sektoru da ümumi iqtisadi
artımda önə çıxmaqdadır. Ölkə iqtisadiyyatında böyük çəkiyə malik olan kənd
təsərrüfatının inkişaf etdirilməsi həm də yeni iş yerlərinin yaradılması
baxımından böyük əhəmiyyət kəsb edir. Ölkə başçısı İlham Əliyevin müvafiq
fərman və sərəncamları, verdiyi tapşırıq və tövsiyələr məhz ölkədə kənd
təsərrüfatının inkişafına, əhalinin məşğulluğunun təmin olunmasına yönəldilib.
Son illər ölkəmizdə bu sahənin inkişafı üçün həyata keçirilən məqsədyönlü
tədbirlər nəticəsində uğurlu göstəricilər əldə olunub. Dövlət başçısının
tapşırıq və tövsiyələrinə uyğun olaraq kənd təsərrüfatını inkişaf etdirən,
xüsusilə də əkin sahəsinin hektarını artıran rayonlardan biri də Qazax
rayonudur. Tam əminliklə deyə bilərik ki, rayonda kənd təsərrüfatının bütün
sahələri ildən-ilə uğurla inkişaf edir. Taxılçılıq, kartofçuluq, tütünçülük,
baramaçılıq, eləcə də digər sahələr üzrə əldə olunan göstəricilər bunu
söyləməyə əsas verir. Bu gün Qazax Rayon İcra Hakimiyyətində tütünçülüyün və
baramaçılığın mövcud vəziyyəti ilə bağlı iclas keçirilib. Rayon İcra
Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin və
bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən iclasda tütün əkini və barama
saxlanılması üçün yaradılan şərait, görülən hazırlıq işləri müzakirə olunub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
çıxış edərək son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində kənd
təsərrüfatı sahəsində ölkəmizdə əldə olunan uğur və nailiyyətlərdən danışıb.
İcra başçısı qeyd edib ki, bu gün respublikamızın hər yerində olduğu kimi,
Qazax rayonu da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir. Son 3 ildə rayonda kənd təsərrüfatının bütün sahələri,
o cümlədən də tütünçülüyün və baramaçılığın inkişaf etdiyini diqqətə çatdıran
rayon rəhbəri bu il də yüksək nəticələrin əldə olunacağını bildirib. İcra
başçısı qeyd olunan sahələr üzrə qarşıya qoyulan məqsədə çatmaq üçün lazımi
işlərin görülməsinin vacibliyini vurğulayıb. Ölkəmizdə baramaçılığın
inkişafı istiqamətində görülən işlərdən söz açan icra başçısı "Azərbaycan
Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti
İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli sərəncamını bu sahənin inkişaf
etdirilməsi istiqamətində atılan ən uğurlu addım kimi qiymətləndirib. Rayon
rəhbəri bildirib ki, dövlət başçısının ölkəmizdə baramaçılığın inkişafı ilə
bağlı verdiyi sərəncam, tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra
olunur. Bu il artıq 4 il olacaq ki, rayonda barama
yetişdiriləcək. Bu sahədə görülən məqsədyönlü işlərin nəticəsidir ki, rayonumuzda
barama istehsalı ildən-ilə artmaqdadır. 2016-cı ildə 1502 kq, 2017-ci ildə 4623
kq olmuşdur. Ötən il isə rayon üzrə qazaxlı kümçülər tərəfindən 5000 kq yaş
baramanın yetişdirilməsi nəzərdə tutulduğu halda, 6260 kq yaş barama
istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Bu
il isə 8 ton yaş baramanın yetişdirilməsi nəzərdə tutulub. İcra başçısı son illər tütünçülüyün inkişafı
istiqamətində görülən işlərdən də söz açıb. Qeyd edib ki, kənd təsərrüfatının böyük
potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal
sahələrindən biri də tütünçülük sahəsidir. İşçi
qüvvəsi baxımından da tələbatın çox olduğu bu sahə ölkədə yeni iş yerlərinin
açılmasında da böyük əhəmiyyət daşıyır. İqtisadi əhəmiyyətinə görə
ikinci texniki bitki hesab olunan tütünçülüyün inkişafı ilə əlaqədar zəruri
tədbirlərin həyata keçirilməsi ölkədə bu sahədə böyük hədəflərin müəyyən
olunmasına gətirib çıxarmışdır. Rayon rəhbəri bildirib ki, Prezident
İlham Əliyev tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli sərəncama
əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair
2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımından böyük
əhəmiyyət kəsb edir. 2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci
ildə bu rəqəm 50 hektara çatdırıldı. 2018-ci ildə isə tütünçülər əkin
sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırdılar. Builki mövsümdə isə
Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə
tutulub. Artıq 5 hektarda tütün şitili əkilib və əkin işləri davam etdirilir. İclasda qeyd olunub ki, hər
il olduğu kimi, bu il də yüksək məhsuldarlıq əldə etmək üçün xüsusi hazırlıq
işləri aparılıb. Belə ki, istər tütün əkini aparılacaq, istərsə də barama saxlanılacaq
yerlər əvvəlcədən hazırlanıb. Rayon rəhbəri tütün
əkininin optial müddətdə başa çatdırılması, baramaqurdunun saxlanılması üçün
lazımi şəraitin yaradılması, yem təminatı və s. məsələlərlə bağlı tapşırıq və
tövsiyələrini verib. GOYEZEN.AZ
Facebook-da paylaş