Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxda olublar
Bu gün, aprelin 30-da Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və onların
xanımları ölkəmizin Qərb qapısı
sayılan Qazaxda qonaq olublar. Prezident
Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən səfərin məqsədi ölkəmizin regionlarının inkişafını və bu
xüsusda, bölgələrdə həyata keçirilən sosial və iqtisadi layihələri göstərmək,
habelə turizmin inkişafı ilə yerində tanış olmaqdır. 40-dan çox ölkəni və beynəlxalq təşkilatları
təmsil edən diplomatlar səfər çərçivəsində
Qazax rayonunun Daş Salahlı kəndində yerləşən "Damcılı” mağarası, Qazax sement zavodu,
sərhəddə yerləşən Məzəm kəndində, şəhərin mərkəzində şəhidlərimizin xatirəsini
əbədiləşdirən Şəhidlər xiyabanı, Qazax müəllimlər seminariyası, tarixi Cümə
Məscidi, Ədəbiyyat Muzeyi və Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanış olublar. Diplomatları Xarici İşlər Nazirliyinin
Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə müşayiət
edib. Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov və icra aparatının məsul şəxsləri qonaqları salamlayıb, missiya iştirakçılarına xoş səfər təəssüratları
arzulayıblar. "Avey” ailəvi istirahət mərkəzində nahar fasiləsindən sonra Qazax
rayonu ilə tanışlığa start verilib. Qonaqlar
gəzintiyə ilk olaraq rayonun Daş Salahlı kəndində yerləşən Damcılı
mağarasını ziyarətlə başlayıblar. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər
uzanan Aveydağın Cənub-Şərqində,
əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir.
Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4
metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır.
Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov,
bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub.
550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür
qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd
qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası,
forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezeolit dövrü və Neolit dövrünə aiddir. Damcılı mağarası Qazax rayonunun
Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə
kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və
1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi
ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan
ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a
yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada
da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi
istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək
fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi
heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş
dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu
mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17x27
m-dir. Qeyd olunub ki, 2015-ci ilin yayında Yaponiyanın Tokio Unversitetinin
Unversitet Muzeyi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və "Avey” Dövlət
Tarix-Mədəniyyət qoruğu arasında beynəlxalq memorandum imzalanmışdır. Diqqətə
çatdırılıb ki, bu memorandum qoruqlar arasında ilk dəfə məhz bizim qoruqla
bağlanmışdır. Yaponiyalı mütəxəssislər beş il ərzində bu ərazilərdə arxeoloji tədqiqat
işləri aparacaq və bu qazıntılar nəticəsində əldə edilmiş maddi-mədəniyyət
nümunələri bu ərazidə açıq səma altında təşkil edilmiş muzeydə nümayiş
olunacaqdır. Qonaqlara 3 dildə - rus, ingilis və Azərbaycan dillərində Damcılı
mağarası haqqında məlumatları özündə əks etdirən flayerlər paylanılıb. Daş
Salahlı kəndində yerləşən Qazax sement zavodu ilə tanışlıq da qonaqlarda
xoş təəssürat yaradıb. Çay süfrəsinə qonaq nümayəndə heyətinə zavodun bugünkü fəaliyyəti
haqqında ətraflı məlumat verilib. "Qazax Sement Zavodu” MMC-nin idarə heyətinin sədri
Vüqar Süleymanov çıxış edərək bildirib ki, bu zavod 5 iyul
2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin
açılışında iştirak edib. Qeyd edib ki, "Akkord Sənaye Tikinti
İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord
sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılıb. Bu
müəssisənin inşasına 2010-cu ildə başlanılmışdır. Bildirib ki, Qazax-Gürcüstan
sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun
başlanğıcında quraşdırılan monitorlarda ulu öndərin həyat və fəaliyyəti,
ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl
tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə
zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti
çəkilmişdir. Bundan başqa, su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və
digər qurğular inşa olunmuşdur. Müəssisənin ərazisində ümummilli lider Heydər
Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park
salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun
ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı,
dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli
yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı,
beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə
silsilə qurğular inşa edilir. Sement istehsalında istifadə olunan xammalın və
hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki
laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil,
vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki
sınaqları həyata keçirilir. Vurğulayıb ki, hazırda zavodun illik istehsal gücü
1 milyon ton təşkil edir. Gələcəkdə isə istehsal gücünün artırılaraq 1 milyon
400 min tona çatdırılması nəzərdə tutulub. "Qazax Sement Zavodu” MMC-nin
İnvestisiya şöbəsinin rəisi Edward Volek çıxış edərək zavodun əməkdaşlıq etdiyi
ölkələr və yeni layihələr haqqında dolğun məlumatlar çatdırıb. "Qazax Sement Zavodu” MMC-nin
idarə heyətinin üzvü Hikmət Əliyev isə çıxış edərək zavodun fəaliyyət
göstərdiyi müddətdə qazanılan uğur və nailiyyətlər, mükafatlar barədə ətraflı
məlumat verib. Zavod haqqında
ətraflı şəkildə məlumat alan qonaqlar sementin son istehsal prosesi ilə də
əyani şəkildə tanış olublar. Qonaqlara zavod tərəfindən hədiyyə təqdim olunub. Rayonumuzda qonaq olan diplomatların növbəti olduğu məkan düşmənlə sərhəddə, ən ucqar məsafədə yerləşən Məzəm kəndi olub. Kənd sakinləri ilə səmimi söhbət edən qonaqlara bildirilib
ki, Ermənistanla 168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində
yaşayan sakinlər artıq 25 ildən çoxdur ki, düşmən tərəfindən elan olunmamış
müharibənin ağrı-acılarını hələ də yaşayırlar. Bu gün Qazax rayonunun Bağanıs Ayrım,
Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7
kəndi hələ də düşmən tapdağı altındadır. Bu gün daim erməni silahlı
birləşmələrinin atəşi altında olan, sərhədə ən yaxın məsafədə yerləşən
kəndlərdən biri də rayonun Məzəm kəndidir.
Ermənistan-Azərbaycan münaqişəsi başlayan ilk gündən bu kənd 8 şəhid verib. Bu
qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın
müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin
qurbanı olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı
adına layiq görülüb. Sakinlərdən
Bəhruz Süleymanov və Məmməd Alıyev qonaqlarla səmimi söhbət edərək bildiriblər
ki, Məzəm kəndi 1992-ci ildə düşmən tərəfindən işğal olunmasına baxmayaraq
qüdrətli ordumuzun gücü sayəsində yenidən biz kənd sakinlərinə qaytarıldı. Bu
gün düşmənin postu ilə aramızda 50 metr məsafə olmasına baxmayaraq biz yenə də
mətin dayanmışıq. Elan olunmamış müharibə nəticəsində bu kənd də xeyli sayda
şəhid verib. Düşmən gülləsinə tuş gələn kənd sakininin ən kiçiyinin yaşı 11, ən
yaşlısının isə 60 yaşı olub. Bu kənd düşmən tərəfindən dağıdılsa da bu gün
dövlətimiz və dövlət başçımız İlham Əliyev tərəfindən yenidən qurulub. Çıxış
edənlər qeyd ediblər ki, hər an düşmən mövqelərindən atəşə məruz qalan biz kənd
sakinlərinin təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Biz sakinlərin
normal şəkildə həyat sürmələri üçün hər cür şərait yaradılır. Dövlət və dövlət
başçısı tərəfindən sərhəddə yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon
rəhbərliyi tərəfindən də ən yüksək səviyyədə hiss olunmaqdadır. Görülən işlər
sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57 evin
qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları çəkilib.
Bundan əlavə, sakinlərin kəndə təhlükəsiz şəraitdə gediş-gəlişini təmin etmək
məqsədilə yol kənarına da istinad divarı çəkilib. Qonaqlara məlumat veriblər
ki, həmin istinad divarlarının çəkilməsi bu gün də davam etdirilir. Çıxış edən
kənd sakinləri bildiriblər ki, biz inanırıq ki, ölkə başçımız İlham Əliyevin
uzaqgörən siyasəti sayəsində sülh yolu ilə düşmən tapdağında olan
torpaqlarımızı azad edəcəyik. Əks halda biz kənd sakinləri də ordumuzla
birlikdə öz ata-baba yurdumuz olan torpaqları qaytarmağa hər an hazırıq. Sakinlərlə
söhbət edən qonaqlar kənddə istinad divarı çəkilmiş, eləcə də düşmən tərəfindən
zərər çəkmiş evlərə də baxıblar. Sərhəddə yaşayan sakinlərlə görüşən nümayəndə heyəti Fəxri
qazaxlılar parkında da olublar. Burada qonaqlara büstü qoyulmuş
şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun və
ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq
yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam
olur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100
illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar
2019-cu il tarixli sərəncam imzalanıb. Həmin sərəncama əsasən yubiley tədbiri
ilə əlaqədar hazırlıq işləri aparılır və silsilə tədbirlər keçirilir. Sonra qonaqlar şəhərin mərkəzində
yerləşən Şəhidlər Xiyabanını da ziyarət
ediblər. Bildirilib ki, Qazax şəhərindəki Şəhidlər xiyabanı 1990-cı ildə
"20 Yanvar" hadisələrindən sonra "20 Yanvar" şəhidlərinin
xatirəsinə tikilib. 2011-ci ildə yeni layihəyə uyğun olaraq "Şəhidlər xiyabanı"
abidə kompleksində yenidənqurma işlərinə başlanılıb və 19 yanvar 2012-ci il
tarixdə istifadəyə verilib. 2017-ci ildə xiyabanda yenidən əsaslı təmir işləri
aparılıb, şəhidlərin
adı və şəkli əks olunmuş lövhələr vurulub. Qeyd olunub ki, bu gün Qazax
rayonunun 283 nəfər şəhidi, 7 nəfər Milli Qəhrəmanı var. Daha sonra rayonumuzda qonaq olan diplomatlar ölkə Prezidenti İlham
Əliyevin 3 noyabr 2018-ci il tarixli sərəncamı ilə 100 illiyini qeyd edəcəyimiz Qazax müəllimlər seminariyasında olublar. Qonaqlara seminariya haqqında ətraflı məlumat verilərək
bildirilib ki, 1918-ci ildə Gürcüstandan Qori Seminariyasının Azərbaycan bölməsi ilk
Azərbaycan Respublikasının maliyyə vəsaiti hesabına Qazax şəhərinə köçürülüb və
sovet hakimiyyəti qurulduqdan sonra 1940-cı illərə qədər Qazax Pedaqoji
Texnikumu adı ilə fəaliyyət göstərib. Bu tədris ocağının Qazax şəhərinə köçürülməsində
görkəmli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist Firidun bəy
Köçərlinin çox böyük xidmətləri olmuşdur. F.Köçərlinin xanımı Badisəba
xanım Vəkilova Qazaxa gəlir, el-obasına baş çəkir və vəziyyəti danışır.
Problemdən xəbər tutan Kosalar kəndinin sakini Məşədi İbrahim qərara alır ki, 1910-cu
ildə qırmızı kərpicdən tikilmiş öz ikimərtəbəli 17 otaqdan ibarət mülkünü təmənnasız
olaraq seminariyaya versin. Beləcə, Qazax müəllimlər seminariyası bu binada
yerləşir və fəaliyyətə başlayır. Seminariyada 1959-cu ilədək 3000-ə qədər kadr
yetişdirilir. Həmin il seminariya fəaliyyətini dayandırır. Qeyd olunub ki, 100
yaşlı Qazax müəllimlər
seminariyasının Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla
Şamilov, İsmayıl Şıxlı, Mirqasım
Əfəndiyev və
başqa yüzlərlə yetirmələri olub. Qazax Cümə Məscidi ilə tanış olan qonaqlara bildirilib
ki, Qazax Cümə
məscidi 1899-cu ildə Kəsəmən kəndindən olan İsrafil ağa Kərbəlayevin təşəbbüsü
ilə memar Müzəffər Hüseynovun layihəsi əsasında inşa edilib. Qırmızı bişmiş
kərpicdən ucaldılan məscid 17,2 m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan
ibarətdir. Sivri tağlar ilə yaranan səkkizbucaqlı formanın üzərində daxili
diametri 13,4 m olan günbəz inşa edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m,
divarların qalınlığı isə 1,9 m-dir. Məscidin giriş hissəsini baştağ bəzəyir.
Baş fasadın hər iki tərəfindən qoşa minarələr ucalır. Sovet
hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırmış və yalnız 1990-cı ildən
yenidən ibadət yeri kimi fəaliyyətə başlamışdır. Seminariya və Cümə məscidi ilə tanış olan
qonaqların ziyarət etdikləri növbəti ünvan tarixi şəxsiyyətlər, şairlər,
yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin
mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə
tanış olan diplomatlar burada şairlərimizin həyat və yaradıcılığı haqqında
dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar
Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal
muzey haqqında ətraflı məlumat verərək qeyd edib ki, Qazaxda fəaliyyət
göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında
Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin
binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana
və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat
xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət
göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı
vardır. Muzeylə yaxından tanış olan qonaqlar buradan zəngin təəssüratlarla ayrılıblar. Qazaxda qonaq olan diplomatların sonuncu tanış
olduqları ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyi olub. Bu muzeylə tanışlıq da qonaqların böyük
marağına səbəb olub. Muzeyin direktoru Gülnaz Alişanova bildirib ki, Respublika
Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq
Muzeyinin yeni binasının açılışını edib. Məlumat verilib ki, 1984-cü ildə yaradılan
muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi.
Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr
ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın
tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin
ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat
mühafizə olunur.
Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və
Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr
yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya,
qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci
mərtəbəsində olan diplomatlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və
folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”,
"1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri
haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi
inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları
haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş
otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının
müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də
diqqətə çatdırılıb. Azərbaycan Respublikasında
fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Qazaxla tanışlıqdan xoş
təəssüratlarla ayrıldıqlarını bildiriblər.
GOYEZEN.AZ
Facebook-da paylaş