Prezident İlham Əliyev: Bizim üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq
Mən tam əminəm
ki, hər bir ölkənin inkişafı üçün demokratiya xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, o cümlədən təbii
resurslarla zəngin ola bilər, lakin cəmiyyətdə gözəl ab-hava, azadlıqlar
yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, siyasi və iqtisadi islahatları paralel şəkildə
aparırıq. Bu da hesab edirəm ki, çox düzgün və düşünülmüş siyasətdir. Əgər
demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların
mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni maddi
rifah, iqtisadi inkişaf, sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış
81-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Milli Mətbuat Günü
münasibətilə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması
mərasimində söylədiyi nitqində səsləndirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik
Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu kitabındakı
materiallar 2017-ci ilin iyun-avqust aylarını əhatə edir.
Kitabda dövlətimizin başçısının Polşa və Latviyaya rəsmi, Türkiyə və Rusiyaya
işgüzar səfərləri zamanı, həmçinin Türkmənistan Prezidentinin Azərbaycana
səfəri zamanı bu ölkələrin rəhbərləri ilə danışıqlarına, imzalanan sənədlərə,
təhsil, mədəniyyət sahəsində anlaşma və hərtərəfli əməkdaşlıq məsələlərinin
müzakirəsinə dair materiallar toplanıb.
Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın
işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə
dəstək verməyə çağırıb.
Oxucu çoxcildliyin 81-ci kitabında Prezident
İlham Əliyevin Avstriya, ABŞ, Türkmənistan, Özbəkistan və digər dövlətlərin
ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair
materiallarla da tanış ola bilər.
Kitabda dövlətimizin başçısının Nazirlər Kabinetinin 2017-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında, həmçinin Qaxda barama, tütün və fındıq istehsalının
inkişafı məsələlərinə dair respublika müşavirəsində nitqlərinin mətnləri,
Balakən, Zaqatala, Göygöl, Samux, Gədəbəy və Şəmkir rayonlarına səfərləri
zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşlərinə, bölgələrdə və
paytaxtda iqtisadi, nəqliyyat, sosial infrastruktur layihələrinin açılışında
iştirakına və çıxışlarına dair materiallar daxil edilib.
Nəşrdə Prezident İlham Əliyevin 2017-ci ilin iyun-avqust aylarında müxtəlif
ölkələrin dövlət başçılarına məktublarının mətnləri də yer alıb.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 81-ci kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Facebook-da paylaş