Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Qırmızı Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub
Bu gün aprelin 29-da Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər
Mehdiyev vətəndaşlarla keçirilən qəbuldan sonra Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşovla birlikdə Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı
Körpü" gömrük postunda mövcud vəziyyətlə tanış olub. Səfər Mehdiyev öncə "Qırmızı Körpü"
gömrük-sərhəd keçid məntəqəsinin yaxınlığında inşa edilən Ticarətin
Asanlaşdırılması Mərkəzinə baxış keçirib. Xatırladaq ki, bu mərkəz Avropa İttifaqının maliyyə
dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan və Gürcüstan
arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək"
layihəsi çərçivəsində yaradılıb. Komitə sədrinə məlumat verilib ki, Ticarətin
Asanlaşdırılması Mərkəzinin ümumi sahəsi 12 hektardır. Mərkəzin inzibati binasının
ümumi sahəsi 1590 kv.m təşkil edir. Binanın birinci mərtəbəsində müvafiq dövlət
qurumları "bir pəncərə" prinsipi əsasında xidmət göstərir. İkinci
mərtəbədə isə inzibati otaqlar və yeməkxana yerləşir. Mərkəzin ərazisində
həmçinin yük avtomobillərinin yoxlanılması üçün "X-ray" qurğusu
yerləşdirilib, nəqliyyat vasitələrinin yüklənməsi və boşaldılması üçün xüsusi
yer və yataqxana da var. Sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev
Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Qırmızı Körpü"
gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq
tapşırıqların icra vəziyyətini öyrənib. Bu istiqamətdə görülmüş tədbirlərin
səmərəliyi barədə DGK sədrinə məlumat verilib. Komitə sədri dövlət sərhədindən keçən şəxslərin və
nəqliyyat vasitələrinin daha asan və sürətli keçidinin təmin edilməsi, eləcə də
sərhədkeçmə prosesinin sürətli, şəffaf və maneəsiz şəkildə həyata keçirilməsinə
dair tapşırıq və tövsiyələrini verib.
Facebook-da paylaş