Dövlət Gömrük Komitəsinin sədri Qazax şəhərində vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir
görürlər. Aprelin 29-da Dövlət Gömrük
Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qazax
şəhərində vətəndaşları qəbul edib. Dövlət Gömrük Komitəsinin sədri Səfər
Mehdiyev Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovla birlikdə qəbuldan öncə ulu öndər Heydər
Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə
gül dəstəsi qoyub. Sonra ulu öndərin adını daşıyan Heydər Əliyev
Mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış
olub. Qəbulda bölgədə yerləşən - Qazax,
Tovuz və Ağstafa rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan
məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən malların idxal və
ixracı, bununla əlaqədar sənədləşmə qaydaları, gömrük orqanlarında işə qəbul və
digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Səfər
Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan
məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların
rəhbərlərinə tapşırıqlarını verib.
Facebook-da paylaş