Şəhər sakinləri ilə səyyar görüş keçirilib
"Bu gün biz vətəndaşlar sevinirik ki, son illər ölkə başçısı İlham
Əliyevin diqqəti, qayğısı sayəsində respublikamızın bütün bölgələrində olduğu
kimi, Qazax rayonunda da hər gün bir yeniliyin, inkişafın şahidi oluruq. Son 3
ildir ki, rayonumuz ildən-ilə, aydan-aya inkişaf edir, abadlaşır”.
Bu gün Azadlıq küçəsində
yerləşən 107 saylı binanın qarşısında şəhər sakinləri ilə keçirilən səyyar
görüşdə bu fikirlər səslənib.
Dövlət başçısının
tapşırığına əsasən hər həftə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə keçirilən görüşdə Qazaxda qazanılan uğur və nailiyyətlərdən,
həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb.
Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə
başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci
dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Hər bir görüşdə olduğu
kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz
dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli
mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu
halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.
Son illər Azərbaycanda,
eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işlərinin aparıldığını
qeyd edən rayon rəhbəri 3 il ərzində Qazaxda da xeyli sayda işlərin
görüldüyünü bildirib. İcra başçısı qeyd edib ki, bu illər ərzində görülən
işlərə nəzər salsaq aydın şəkildə görərik ki, rayonumuzda bütün sahələrdə - kənd
təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında,
sənayeləşmədə uğurlu nəticələr əldə edilib.
Rayonda təhsil, səhiyyə,
mədəniyyət, eləcə də digər sahələrdə əldə olunan nailiyyətlərdən danışan rayon
rəhbəri bu sahələrin hər il artan templə inkişaf etdiyini qeyd edib.
Səhiyyə sahəsində qazanılan
uğurlardan danışan icra başçısı rayonda inşa olunan Mərkəzi Xəstəxana binasının
tikintisini bu sahənin inkişafı istiqamətində atılan ən uğurlu addım kimi
qiymətləndirib. Qeyd edib ki, "Azərbaycan Respublikası regionlarının
2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata
keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon
Mərkəzi Xəstəxanasının qalan 5 korpusunun inşasının öz əksini tapması dövlətin
və dövlət başçısının bu sahəyə olan diqqət və qayğısı deməkdir. Eyni zamanda,
bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsi həm də rayon
sakinlərinin işlə təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu gün
həmin tikintidə xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun
tikintisinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq
edir. Rayon
rəhbəri bu illər ərzində rayonda olan Qazax rayonlararası ruhi xəstəxanada da
əsaslı təmir işlərinin aparıldığını bildirib.
Təhsil
sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri ötən il qəbul
imtahanlarının nəticələrinə görə rayonumuzun 3-cü yerdə olduğunu vurğulayıb.
Ölkə prezidenti İlham
Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra başçısı qeyd
edib ki, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəli Qazax rayonu üçün də əlamətdar
hadisələrlə zəngin oldu. Sevindirici hal isə odur ki, hər iki sərəncam
ziyalılarımızla bağlı oldu. 3 noyabr 2018-ci il tarixli sərəncamda Qazax
müəllimlər seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd
olunması öz əksini tapdı. Bu, dövlət başçısının qazaxlı ziyalılara verdiyi
dəyərin ən bariz nümunəsidir. İcra başçısı bu gün həmin ali sərəncama əsasən
yubiley tədbirlərinə xüsusi hazırlıq işlərinin getdiyini və silsiləli şəkildə
davam etdiyini diqqətə çatdırıb.
İcra başçısı qeyd edib ki,
hər birinizə yaxşı məlumdur ki, Qazaxda uzun illərdən bəri həlli vacib olan
məsələlərdən biri rayonun su-kanalizasiya sisteminin çəkilməsi idi. Artıq bu
məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapıb
və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə
aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat
rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və
həmin işlərə nəzarət edildiyini də diqqətə çatdırıb.
İcra başçısı bildirib ki,
fəaliyyətə başladığım ilk gündən fərqli yanaşdığım sahələrdən biri də rayonda
azyaşlı körpələrə göstərilən diqqət və qayğıdır. Hər kəsə yaxşı məlumdur ki,
uşaqların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün
hər cür şərait yaradılır. Bu sahədə məqsədyönlü işlər həyata keçirilir. Yeni
uşaq bağçaları tikilir və yaxud da əsaslı şəkildə təmir olunaraq yenidən qurulur.
Müasir inventar və avadanlıqlarla təmin edilir. Rayonda olan 25 uşaq
bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması
bu dediklərimizin bariz nümunəsidir. Şəhərdə 6 uşaq bağçası fəaliyyət göstərir
ki, hər bir bağça müasir standartlara cavab verən səviyyədədir. Rayonumuza
qonaq gələn insanlar belə paytaxtda yerləşən bağçalarla rayonumuzda olan
bağçalar arasında heç bir fərqin olmadığını söyləyirlər. Bu gün bağçada
yaradılan şəraitlə yanaşı, uşaqların sağlamlığına, ərzaq keyfiyyətinə xüsusi
qayğı ilə yanaşılmasını yüksək qiymətləndirirlər. Rayon rəhbəri qeyd edib ki,
əvvəlki illərdə olduğu kimi, bu il də bağça tikintisinə yüksək sürətlə start
verilib. Hazırda Qazaxbəyli kənd uşaq bağçasının əsaslı şəkildə təmir olunması,
Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasında təmir işlərinin nəzərdə
tutulması bu sahədə görülən işlərin bundan sonra da davam etdirilməsi deməkdir.
İcra başçısı vurğulayıb ki, bu gün rayonda bütün sahələrlə yanaşı,
çoxmənzilli yaşayış binalarının təmiri də diqqət mərkəzində saxlanılır. Dövlət
başçısı İlham Əliyevin imzaladığı çoxsaylı sərəncamlara əsasən rayonda mövcud
olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunaraq
sakinlərin istifadəsinə verilməsi də bu istiqamətdə görülən işlərin əyani
sübutudur. Şəhərdə bir neçə çoxmənzilli yaşayış binasında təmir işlərinin
aparıldığını qeyd edən rayon rəhbəri Azadlıq küçəsində yerləşən 107 saylı
binanın da digər binalar kimi yüksək səviyyədə təmir olunduğunu bildirib.
Ölkə başçısının hər dəfə
çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün
dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
"Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini
Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara
qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcudur”, - deyən icra
başçısı bu sahədə görülən işlərdən də söz açıb. Rayon rəhbəri bildirib ki,
bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri,
eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki,
vətəndaş mövqeyi hər şeydən üstün olmalıdır. Onlar öz davranışları,
hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar.
Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə
başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin
rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər.
Sakinlərdən Gülnar Mehdiyeva,
Afaq Məmmədova, Ellada Mahmudova, Mübariz Abdullayev, Elnarə Budaqova, Şölə
Mustafayeva, Tamella Poladlı, Rəna Süleymanova və başqaları çıxış edərək dövlət
başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən
ölkə vətəndaşlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini
bildiriblər. Respublikamızda, eləcə də Qazaxda və rayonun kəndlərində görülən
genişmiqyaslı işlərə görə Prezident İlham Əliyevə bütün rayon sakinləri,
xüsusilə də ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 3 il
ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc
hissi ilə qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, son
illər, xüsusilə də son aylar ölkə başçısının imzaladığı fərman və sərəncamlar
bir daha onu göstərdi ki, ölkə rəhbəri hər zaman vətəndaşların yanındadır. Biz
vətəndaşlar bunu şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, veteranlarının,
eləcə də digər təbəqədən olan insanların sosial rifah halının yaxşılaşdırılması
istiqamətində atılan uğurlu addımlardan aydın şəkildə gördük. Biz də siz rayon
rəhbərimizlə birlikdə hər zaman prezidentimizin yanındayıq və bundan sonra da
olacağıq.
Görüşdə minnətdarlıqla
yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar.
Sakinlər tərəfindən səsləndirilən internetin sürətinin zəif olması, binanın
həyətində işıqlanma sisteminin çəkilməsi və s. məsələ ilə bağlı müraciətləri
dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.
Facebook-da paylaş