Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçası da yenidən qurulacaq
Son illər ölkəmizdə aparılan abadlıq və
quruculuq işləri respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da
geniş vüsət alıb. Son 3 ildə isə Qazax böyük bir tikinti meydançasını
xatırladır. Bu gün rayonda elə bir sahə olmaz ki, orada olan yeniliyin,
aparılan tikinti və quruculuq işinin şahidi olmayasan. Diqqət çəkən məqamlardan
biri isə odur ki, Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və
düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində
də məqsədyönlü işlər görülür. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu
sahəni daim diqqət mərkəzində saxlamasının nəticəsidir ki, rayonda olan
bağçaların tikintisi, eləcə də əsaslı şəkildə təmir olunması istiqamətində
görülən işlərin sayı ildən-ilə artır. Rayonda olan 25 uşaq bağçasından 17-nin
tam müasir standartlara cavab verən səviyyəyə çatdırılması bu dediklərimizin əyani
sübutudur. Şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi
ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı
Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar,
İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu
Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları həmin təmirli bağçalar sırasındadır. Sevindirici haldır ki, ötən illərdə
olduğu kimi, bu il də bağça tikintisinə və ya əsaslı təmir olunmasına böyük sürətlə
start verilib. Belə ki, hazırda Qazaxbəyli kənd uşaq bağçasında təmir işləri aparılır. Rayonda təmirə ehtiyacı olan daha bir
neçə kənd bağçası var ki, onlardan biri də Daş Salahlı
kənd 1 saylı körpələr evi-uşaq bağçasıdır. Ötən yazımızda "Qazax Sement Zavodu” MMC
tərəfindən bu bağçanın da əsaslı şəkildə yenidən qurulacağı barədə məlumat
vermişdik. Zavod tərəfindən yenidən qurulan sayca üçüncü bağça olacaq ki, körpə
fidanların, valideynlərin, eləcə də bütün kənd sakinlərinin böyük sevincinə
səbəb olacaq. 2017-ci ildə Daş Salahlı kənd 2 saylı uşaq bağçasını və 3 saylı
körpələr evi-uşaq bağçasını əsaslı şəkildə yenidən quraraq körpə balaların
istifadəsinə verən zavod kollektivi bu ənənəsinə sadiq qalaraq yaxın vaxtlarda Daş
Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının təmirinə də başlayacaq. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov "Qazax Sement Zavodu” MMC tərəfindən yenidən qurulması nəzərdə tutulan
həmin bağçada olub, mövcud vəziyyətlə maraqlanıb, bağça binası üçün nəzərdə
tutulan əraziyə baxış keçirib. Bağça
müdiri Təranə Sultanova bağçanın təmir olunması xəbərini kollektiv olaraq
sevinc hissi ilə qarşıladıqlarını bildirib. Digər kənd bağçaları kimi, bu
bağçanın təmir olunmasını dövlət tərəfindən uşaqlara olan qayğının əyani təzahürü
kimi qiymətləndirib. Təmir işlərinin aparılmasına görə "Qazax Sement Zavodu” MMC-nin
kollektivinə və rayon rəhbərliyinə işçilər, valideynlər, bütün kənd sakinləri
adından dərin minnətdarlığını çatdırıb. GOYEZEN.AZ
Facebook-da paylaş