• Təqvim

  • Unutma

  • Maraq



Daş Salahlı kəndində sakinlərlə səyyar görüş keçirilib

"Bu gün respublikamızın bütün bölgələri gündən-günə inkişaf edir, abadlaşır, müasir görkəm alır. Biz sakinlər tam əminliklə deyə bilərik ki, ölkə başçısı İlham Əliyevin diqqəti, qayğısı sayəsində Qazax rayonu da özünün intibah dövrünü yaşayır. Ən əsası da son 3 ildə rayonda 15 ilə bərabər işlər görülüb və hələ də davam edir”. Bu fikirlər bu gün ölkə başçısının tapşırığına əsasən hər həftə sakinlərlə keçirilən görüşlərdən birində - Daş Salahlı kəndində keçirilən səyyar görüşdə səslənib.

Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən bu görüşdə də ötən ildə qazanılan uğur və nailiyyətlərdən, həyata keçirilən işlərdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, ölkə başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.


İcra başçısı bildirib ki, son illər Azərbaycanda, eləcə də bütün bölgələrimizdə genişmiqyaslı quruculuq işləri aparılır. 3 il ərzində Qazaxda da xeyli sayda işlərin görüldüyü hər birinizə yaxşı məlumdur. 2016, 2017, 2018-ci illərdə aparılan quruculuq işlərinə nəzər salsaq aydın şəkildə görə bilərik. Kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə əldə edilən uğurlu nəticələr həmin illərdə həyata keçirilən uğurlu siyasətin bariz nümunəsidir. Eyni zamanda, ölkə başçısının Qazax rayonuna, qazaxlılara göstərdiyi diqqət və qayğı deməkdir.

Rayon rəhbəri qeyd edib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. "Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilini Qazax rayonunda ön plana çəkmək, həmin siyasəti olduğu kimi icra etmək, siz vətəndaşlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun vəzifə borcudur”, - deyən icra başçısı bu sahədə görülən işlərdən də söz açıb. Rayon rəhbəri bildirib ki, bu gün xidmət sahələrində çalışan hər bir idarə, müəssisə və təşkilat rəhbəri, eləcə də rəhbərlik etdikləri kollektivlər birmənalı şəkildə bilməlidirlər ki, vətəndaş mövqeyi hər şeydən üstün olmalıdır. Onlar öz davranışları, hərəkətləri, siz sakinlərə olan diqqət və qayğıları ilə nümunə olmalıdırlar. Göstərdikləri xidmətlərdə çalışmalıdırlar ki, vətəndaş razı qalsın. Çünki ölkə başçısının siyasətinin əsasında xalqa xidmət dayanır. Bütün xidmət sahələrinin rəhbərləri dövlət başçısının istəyinə uyğun xidmət göstərməlidirlər.

Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açan rayon rəhbəri şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən qayğının, ayrılan diqqətin bundan sonra da yüksək səviyyədə olacağını bildirib. Yuxarı Salahlı kəndindən olan şəhidlərimiz Əlləz Əlləzovun və Hafiz Abdullayevin göstərdikləri şücaətdən danışan icra başçısı onların ailələrinə, eləcə də bütün rayon ictimaiyyətinə bir daha başsağlığı verib və ailələrinə səbir diləyib.

 

Ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra başçısı qeyd edib ki, 2018-ci ilin axırı, 2019-cu ilin əvvəlində imzalanan sərəncamlarda Qazax rayonunun da öz payı oldu. Sevindirici hal isə odur ki, hər iki sərəncam ziyalılarımızla bağlı oldu. 3 noyabr 2018-ci il tarixli sərəncamda Qazax müəllimlər seminariyasının, 28 yanvar 2019-cu il tarixli sərəncamda Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileylərinin respublika səviyyəsində qeyd olunması öz əksini tapdı. Bu, dövlət başçısının qazaxlı ziyalılara verdiyi dəyərin ən bariz nümunəsidir.

Səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı rayonda inşa olunan Mərkəzi Xəstəxana binasının tikintisindən də danışıb. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının qalan 5 korpusunun inşasının da öz əksini tapdığını qeyd edib. Bildirib ki, bu gün qalan 5 korpusun tikintisinin davam etdirilməsi həm də rayon sakinlərinin işlə təmin olunması deməkdir. Bu gün həmin tikintidə xeyli sayda rayon sakini çalışır, həm yeni korpusun tikintisinə, həm də işlə təmin olunmalarına görə ölkə başçısına minnətdarlıq edir.

 

İcra başçısı uzun illərdən bəri həlli vacib olan rayonun su-kanalizasiya sisteminin çəkilişindən də danışıb. Qeyd edib ki, artıq bu məsələ də həllini tapıb və çəkilişlər davam edir. Rayon rəhbəri bu sahədə işlərin keyfiyyətlə aparılması üçün rayon ziyalılarından, idarə, müəssisə və təşkilat rəhbərlərindən, aidiyyəti şəxslərdən ibarət işçi qrupunun yaradıldığını və həmin işlərə nəzarət edildiyini də bildirib.

İcra başçısı görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən də görmək olar. 2018-ci ildə yol infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdirildiyini və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Rayon rəhbəri bildirib ki, Daş Salahlı kəndində də yolun əsaslı şəkildə təmirinə ehtiyac vardı. Siz sakinlər tərəfindən də dəfələrlə bununla bağlı haqlı məsələ qaldırılmışdı. Bu gün bu məsələ də ölkə rəhbərinin qayğısı sayəsində öz müsbət həllini tapdı. Uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolu yenidən quruldu. 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər, uzunluğu 11,5 km olan Daş Salahlı avtomobil yolunun çəkilərək sakinlərin istifadəsinə verilməsi dövlətin öz vətəndaşına olan qayğısının əyani təzahürüdür.

 

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də zaman-zaman aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. Əvvəlki illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Son 3 ildə rayonda 41 ədəd subartezian quyusunun qazıldığını qeyd edib.

Rayon rəhbəri vurğulayıb ki, Daş Salahlı kəndində də su problemi yaşanmaqdadır. Lakin bu məsələnin də müsbət həll olunması istiqamətində işlər görülür. Bilirsiniz ki, ötən ay 1 km-ə yaxın yeni su xətti çəkildi və hazırda bioloji analizin cavabı gözlənilir. Yaxın günlərdə həmin yeni xətt kəndin su ilə bağlı məsələsini qismən də olsa həll edəcək. Bundan əlavə də işlərin görülməsi nəzərdə tutulub.

 

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün hər cür şərait yaradıldığını, bu sahədə məqsədyönlü işlərin həyata keçirildiyini bildirib. Yeni uşaq bağçalarının tikilməsini, əsaslı şəkildə təmir olunaraq yenidən qurulmasını, müasir inventar və avadanlıqlarla təmin edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Rayonda olan 25 uşaq bağçasından 17-nin tam müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. Rayon rəhbəri 2017-ci ildə kənddə olan 2 bağçanın Qazax Sement zavodu tərəfindən əsaslı şəkildə təmir olunduğunu qeyd edib. İcra başçısı Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə təmirə ehtiyacı olduğunu, bu istiqamətdə məqsədyönlü işlər görüləcəyini və zavod tərəfindən təmir olunacağını bildirib.

 

Sakinlərdən Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova, 2 saylı tam orta məktəbin müəllimləri Tofiq Cəfərli, Qətibə Kazımova, Fərhad Qocamanov, Şahverdi Mustafayev, Gülöyşə Qaragözova, Şahin Əliyev, Yolçu Əliyev, Flora Həsənova, Akif Yusifov, Cəfər Göyüşov çıxış edərək dövlətimiz və dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkə vətəndaşlarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiklərini bildiriblər. Respublikamızda, eləcə də kəndlərdə görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd sakinləri, xüsusilə də ziyalılar adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 3 il ərzində Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, sağ olun ki, rayonda, eləcə də bütün kəndlərdə vətəndaşların qayğısını öz qayğınız hesab edirsiniz və gündəliyinizə salıb aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırırsınız. Biz sakinlər də bilirik ki, bizim istəklərimizi ölkə başçısına çatdıran rəhbərimiz var. Ona görə də hər bir qayğımızı çəkinmədən deyirik. Biz də bir vətəndaş olaraq bundan sonra da çalışacağıq ki, dövlətimizə və dövlət başçımıza sadiq olaq.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən internetin sürətinin zəif olması, telefon xəttində olan nasazlıq, kənddəki 1 saylı bağçanın təmiri, Coğaz çayından gələn su xəttinin qalan hissəsinin bərpa olunması, kəndin qalan hissəsində transformatorun qoyulması və SİP kabel çəkilişinin davam etdirilməsi və s. məsələ ilə bağlı müraciətləri dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib.

İcra başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, ölkə başçısı İlham Əliyevin siyasətinin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl üzərində quraraq uğurla həyata keçiririk. Daş Salahlı kəndində keçirilən bugünkü görüş də bunun bariz nümunəsidir.













GOYEZEN.AZ


Facebook-da paylaş