• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhid Hafiz Abdullayev son mənzilə yola salınıb


Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçusu, Qazax rayon Yuxarı Salahlı kənd sakini Abdullayev Hafiz Məhəd oğlunun nəşi bu gün yaşadığı doğma Qazax torpağına gətirilib. Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn mərasimi keçirilib.

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın kollektivi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, hərbi birliyin və xidmət etdiyi hərbi hissənin hərbi qulluqçuları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi Mehman Rəhimov və şöbənin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib.

Hafiz Abdullayevin yaşadığı evdə keçirilən dəfn mərasimində Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, xidmət etdiyi hərbi hissənin zabiti Murad Muradov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyiblər. Bütün Qazax ictimaiyyətinə, Yuxarı Salahlılara başsağlığı veriblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin qanının yerdə qalmayacağını, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.

Övladı ilə hər zaman fəxr etdiyini bildirən şəhid atası Məhəd Abdullayev "Vətən, başın sağ olsun”söyləyib. Məğrur duruşlu, dağ vüqarlı atanın dilindən bu kəlmələr səslənib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Ruhuna dualar oxunub, cənazə Namazı qılındıqdan sonra şəhid Abdullayev Hafiz Məhəd oğlunun cənazəsi hərbi orkestrin ifasında, matəm marşının sədaları altında son mənzilə yola salınıb. Əsgərlərin çiyinlərində Yuxarı Salahlı kənd qəbiristanlığına aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar.

Şəhidin tabutuna bürünmüş üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Şəhid hərbçimizin cənazəsi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və yaylım atəşi altında kənd qəbiristanlığında torpağa tapşırılıb. Vətən torpaqlarının azadlığı uğrunda 280-dən artıq şəhid verən Qazax rayonu, xüsusən də Yuxarı Salahlı kəndi bu gün daha bir şəhidini son mənzilə yola salıb.

Məlumat üçün bildirək ki, Abdullayev Hafiz Məhəd oğlu 1 yanvar 1984-cü ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Sumqayıt şəhərində 16 nömrəli tam orta məktəbə daxil olub. 2001-ci ildə həmin məktəbi bitirib. 2001-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiq hərbi xidmətdə olub. 2005-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində gizir rütbəsində xidmətə başlayıb. 2019-cu il mart ayının 4-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifəsini yerinə yetirərkən qar uçqununa düşərək itkin düşmüşdür. 12 aprel 2019-cu ildə Abdullayev Hafiz Məhəd oğlunun nəşi tapılaraq aidiyyəti üzrə təhvil verilib. 1 qız və 2 oğul övladı yadigar qalıb.
























GOYEZEN.AZ



Facebook-da paylaş