• Təqvim

  • Unutma

  • Maraq



Mərkəzi xəstəxanada tikinti işləri sürətlə davam etdirilir


Son illər dövlət başçısı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda irimiqyaslı infrastruktur layihələrin icrası ardıcıl və davamlı həyata keçirilir. Ən ucqar yaşayış məntəqələrində belə yeni mədəniyyət, təhsil, səhiyyə obyektlərinin inşa olunaraq istifadəyə verilməsi demək olar ki, ənənə halını alıb. Bu gün sevindirici haldır ki, paytaxt Bakıdan ən uzaq məsafədə respublikanın qərb bölgəsində, düşmənlə sərhəddə yerləşən Qazax rayonunda da səhiyyənin inkişafı istiqamətində əməli işlər görülür. Rayon sakinlərinə səhiyyə sahəsində yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılır. Ölkə başçısının diqqət və qayğısı sayəsində rayonda inşa olunan 145 çarpayılıq Mərkəzi Xəstəxana binası da bu dediklərimizin əyani sübutudur. 2,6 hektar sahədə inşa olunan Mərkəzi Xəstəxana binası bölgənin ən müasir səhiyyə ocaqlarından biridir. Artıq 10 korpusdan ibarət olacaq Mərkəzi Xəstəxananın 5 korpusu tam hazırdır. Bundan əlavə, 5 korpusla yanaşı, binanın ətrafında həcmi 400 kubmetr olan iki ədəd su hovuzu, qazanxana və nasos stansiyası, transformator stansiyası, nəzarət-buraxılış məntəqəsi də inşa edilib. Bir sözlə, 5 korpusda əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün lazım olan bütün şərait yaradılıb.

Hazırda isə qalan 5 korpusun tikintisi sürətlə davam etdirilir. Tikinti başlayan ilk gündən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov xəstəxananın tikintisinə yaxından dəstək olur və lazım olan köməklik göstərilir.

 

Rayon rəhbəri bu gün də Mərkəzi Xəstəxanada olub əlavə korpusların inşası ilə maraqlanıb, görülən işlərlə tanış olub.

İş icraçısı Calal Əfəndiyev görülən işlər barədə məlumat verərək bildirib ki, özül hissələri tökülmüş Gigiyena və Epidemiologiya Mərkəzi, təcili tibbi yardım, dializ, ümumi cərrahiyə-travmatologiya şöbələrinin yerləşəcəyi korpusların tikintisi sürətlə davam etdirilir.

İş icraçısı qeyd edib ki, cərrahiyə-travmatologiya şöbələrinin yerləşdiyi D blokunda birinci mərtəbənin üst tavasına beton tökülüb. A blokunda dializ şöbəsi fəaliyyət göstərəcək ki, burada da eyni işlər görülüb. Gigiyena və Epidemiologiya Mərkəzinin yerləşdiyi birmərtəbəli binada isə daxili işlər yekunlaşmaq üzrədir.

Bildirib ki, işlərin sürətlə aparılması onu deməyə əsas verir ki, bu korpusların tikintisi yaxın günlərdə yekunlaşacaq və yoluxucu xəstəliklər şöbəsinin tikintisinə başlanılacaq.

Görülən işlərlə tanış olan icra başçısı işlərin keyfiyyətlə aparılmasını qeyd edib, tapşırıq və tövsiyələrini verib.


Rayon sakinləri növbəti 5 il müddətinə genişmiqyaslı quruculuq işlərinin yer aldığı "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasının qalan 5 korpusunun inşasının da öz əksini tapmasını sevinc hissi ilə qarşılayır. Onlar üçün yüksək səviyyədə yeni səhiyyə ocağının inşa olunmasını qazaxlılara verilən ən böyük dəyər kimi qiymətləndirirlər. Respublikamızda, eləcə də düşmənlə 168 km sərhəddə yerləşən Qazax rayonunda səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.









GOYEZEN.AZ



Facebook-da paylaş