• Təqvim

  • Unutma

  • Maraq



Aprel şəhidi baş leytenant Elvin Namazovun 3-cü ildönümü qeyd olunub

 

Öz qələbəsi, əks-sədası ilə Azərbaycan tarixinə düşmüş 2016-cı ilin Aprel döyüşləri bizim ilk qalibiyyətimiz, ilk zəfər salnaməmizdir. Bu gün həmin şanlı döyüş zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş həmyerlimiz baş leytenant Namazov Elvin Məmməd oğlunun şəhidlik adlı zirvəyə yüksəldiyi gündən 3 il ötür. 
Şəhidin doğulub boya-başa çatdığı Yuxarı Salahlı kəndində ildönümü mərasimi keçirilib.
Mərasimdə Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Qarabağ müharibəsi veteranları, əlilləri, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. Yüzlərlə insan Yuxarı Salahlı kənd qəbiristanlığında şəhidin məzarı başına toplaşıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Elvin Namazovun məzarı önünə gələrək tər gül dəstəsi qoyub, şəhidin əziz xatirəsini dərin hörmətlə yad edib.
Tədbir iştirakçıları da şəhidin məzarı üstünə tər qərənfillər düzərək xatirəsini yad ediblər. Şəhidin ruhuna dua oxunduqdan sonra çıxışlar olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib. Qeyd edib ki, bu gün şəhidimiz Elvin Namazovun uca bir məqama - şəhidlik zirvəsinə ucaldığı gündən 3 il ötməsinə baxmayaraq o, daim bizim qəlbimizdə yaşayır. Onun əziz xatirəsi hər zaman yad edilir. Çünki Elvin təkcə ata və anasının deyil, eyni zamanda, bu elin-obanın, bütöv Azərbaycan xalqının oğludur. Aprel şəhidimiz Elvin Namazov, eləcə də digər şəhidlərimiz elə bir şanlı yol keçiblər ki, başda ölkə rəhbəri olmaqla bütün Azərbaycan xalqı onlarla fəxr edir.

İcra başçısı Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqəti və qayğısı sayəsində qısa bir zamanda ordumuzun qazandıqları nailiyyətlərdən söz açıb. Qeyd edib ki, Aprel döyüşləri bizi Qarabağda böyük qələbəmizə aparan şanlı yolun başlanğıcıdır.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov çıxış edərək şəhidimizin həyat və döyüş yolundan, orduda qazandığı nailiyyətlərdən söz açıb. Qeyd edib ki,
Namazov Elvin Məmməd oğlu 7 sentyabr 1990-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. 2007-ci ildə Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbini bitirmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin ali məktəbi leytenant hərbi rütbəsində bitirmişdir. 2013-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bir illik kursda olmuşdur. 2014-cü ildən Müdafiə Nazirliyinin Xüsusi təyinatlılardan ibarət "N” saylı hərbi hissəsində kəşfiyyat komandiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə baş leytenant hərbi rütbəsi verilmişdir. Elvin Namazov 3 aprel 2016-cı il tarixdə Tərtər istiqamətində gedən döyüşlərdə Azərbaycan-Ermənistan təmas xəttində erməni ordusunun hücumunun qarşısının alınması zamanı baş verən şiddətli atışmada qəhrəmancasına şəhid olmuşdur.

Elvin Namazov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.

2016-cı ildə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, Ağstafa Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Çaylı kənd dini icmasının sədri Sahilə Orucova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev çıxış edərək Aprel döyüşlərində erməni işğalçılarına Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Qeyd ediblər ki, ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü və anladı ki, xalqımız işğal olunmuş torpaqlarını heç zaman güzəştə getməyəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir. Bunun üçün Ali Baş Komandanın irəli əmrinə hazır olan güclü Azərbaycan Ordusu və döyüş ruhlu əsgərlərimiz, zabitlərimiz, hərbçilərimiz var. Çıxışlarda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Elvin Namazovun da heç zaman unudulmayacağı qeyd olunub. Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün uzaqda olmadığı, qəhrəmanlarımızın qanının yerdə qalmayacağı bildirilib.

Anım mərasimində iştirak edən Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı çıxış edərək şəhdin ailəsinə, yaxınlarına, eləcə də qazaxlılara bir daha başsağlığı verib, şəhdimizə Allahdan rəhmət diləyib. Şəhidimizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbdə oxuduğu müddətdə öz nümunəvi davranışı, Vətənə, xalqına bağlı olan vətənpərvər bir oğul kimi tanıdığını, bu gün həmin məktəbi bitirən digər məzunlar kimi, Elvin Namazovla fəxr etdiyini bildirib. Onun döyüş yolunun, qazandığı zəfərin gənclərimizə əsl örnək olduğunu qeyd edib.

Şəhidin atası Məmməd Namazov şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə ailəsi adından öz dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb.

Mərasimdə Yuxarı Salahlı kənd tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Şəhidin ata ocağında ehsan süfrəsi açılıb.














GOYEZEN.AZ


Facebook-da paylaş