• Təqvim

  • Unutma

  • Maraq



“Görülən işlər bizi daha da ruhlandırır”

Yuxarı Salahlı kəndində keçirilən hesabat yığıncağında bu fikir səslənib


“Görülən işlər bizi daha da ruhlandırır”
Yuxarı Salahlı kəndində keçirilən yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov çıxış edərək 2016-cı ildə rayonumuzda görülmüş tikinti-quruculuq işlərindən danışıb. Qeyd edib ki, ötən il rayonumuz üçün uğurlu olmuşdur. Ötən ilin ən mühüm hadisəsi oktyabrın 19-da möhtərəm cənab Prezident İlham Əliyevin rayonumuza səfəridir. Ötən il Qazax Tarix-Diyarşünaslıq Muzeyi, uzunluğu 10 km olan Qazax-Kosalar avtomobil yolu, Birinci Şıxlı kəndində Kəndli Fermer Təsərrüfatı, 110/35 kv-luq Daş Salahlı yarımstansiyası tikilib istifadəyə verilmişdir. Həmin obyektlərin açılışında Prezident İlham Əliyev iştirak etmişdir. Ölkə başçısının növbəti dəfə rayonumuza səfər etməsi hər bir qazaxlıda böyük ruh yüksəkliyi yaratmış, daha əzmlə işləməyə, qurub-yaratmağa sövq etmişdir.

R.Babaşov çıxışı zamanı bildirib ki, yaxın vaxtlarda su-kanalizasiya sisteminin yenidən qurulmasına, mərkəzi rayon xəstəxanasının tikintisinə, Bakı Dövlət Universiteti Qazax filialının yeni binasının inşasına başlanılacaqdır. Hal-hazırda Xalçaçılıq fabrikində, Mətanət A və “Carçıoğlu” şirkətləri tərəfindən inşa edilən illik istehsalı 50 min ton olan 2 ədəd yeni əhəng zavodunun tikintisi işləri sürətlə davam etdirilir. Əhalinin işlə təmin edilməsi, onların maddi rifah halının yaxşılaşdırılması istiqamətində bu zavodların çox böyük əhəmiyyəti olacaq və yaxın vaxtlarda həmin obyektlər istifadəyə veriləcəkdir. Bundan başqa Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində də xeyli işlər görülüb və yaxın vaxtlarda bütün çoxmənzilli binalar öz görkəmini tamamilə dəyişəcəkdir.

İcra Başçısı qeyd edib ki, rayonumuzda suvarma sisteminin qaydaya salınmasının, yeni artezian quyularının qazılmasının, kənd təsərrüfatının su ilə normal təmin olunmasının, rayonumuza yeni kənd təsərrüfatı texnikalarının gətirilməsinin nəticəsidir ki, uzun illərdən sonra camaat torpağa qayıdıb. Bu il rayonumuzda tütün əkini sahələri və barama istehsalının artırılması nəzərdə tutulmuşdur. Eyni zamanda 500 hektardan çox sahədə şəkər çuğunduru əkiləcəkdir. Bununla əlaqədar hazırlıq işləri görülür. Həyata keçirilən bütün bu tədbirlərdə məqsəd işsizliyin aradan qaldırılması, əhalinin maddi rifah halının yaxşılaşdırılmasıdır.
“Görülən işlər bizi daha da ruhlandırır”
Sonra Yuxarı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Osman Mustafayev hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Respublika Prezdenti İlham Əliyevin apardığı müdrik və məqsədyönlü siyasət nəticəsində Azərbaycan nüfüzunu bütün dünyaya tanıdıb. Ölkə başçısının rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan bütün dünyada baş verən proseslərdə iştirak edərək inkişaf edib. Bu gün Cənubi Qafqaz regionunda elə bir layihə, elə bir hadisə yoxdur ki, Azərbaycan orada iştirak etməsin. Respublikamız “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan strateji hədəflərə doğru inamla irəliləməkdə davam edir. Son illər əhalinin işlə təmin edilməsində kənd təsərrüfatının inkişaf etdirilməsinə üstünlük verilməsi, aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın kənd təsərrüfatı məhsullarına olan təlabatının ödənilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
“Görülən işlər bizi daha da ruhlandırır”
Bu gün Qazaxda elə bir sahə yoxdur ki, diqqətdən kənarda qalsın. İcra Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən hər zaman müqəddəs yer sayılan qəbiristanlıqların təmizlənib təmir edilməsi, Şəhid və Qarabağ Müharibəsi Əlilərinin qayğısına qalınması, evlərinin təmir edilməsi, sərhəd zonasında müdafiə üçün mühafizə divarının tikilməsi, Aprel şəhidlərinin adlarının əbədiləşdirilməsi üçün şəhərin mərkəzində bulaqlar tikilməsi, Qazaxbəyli kəndinin su probleminin həll edilməsi, Ürkməzli kəndinə yeni su xəttinin çəkilməsi, şəhərdəki Şəhidlər Xiyabanında, Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki şəhidlər abidə kompleksində yenidənqurma işlərinin aparılması, ilk azərbaycanlı təyyarəçi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidə komleksinin ucaldılması, Bayraq Meydanında və digər yol qovşaqlarında olan tikililərin daha müasir formaya salınması, şəhərin küçələrinin abadlaşdırılması, yaşıllıqların salınması bu yüksəlişin ən bariz nümunəsidir.

Tarixi qədimdən də qədim olan Qazax mahalının köklü kəndlərindən biri də Yuxarı Salahlı kəndidir. XVI əsrin 80-ci illərində əsası qoyulan kənd coğrafi mövqeyinə görə Kür çayının sağ sahilində Qarayazı meşəsi boyunca 7 km məsafədə yerləşib. Rayon mərkəzindən 18 km Şimal-Qərbdə magistral ipək yolunun üzərində yerləşən Yuxarı Salahlı kəndinin ümumi ərazisi 3413 hektar olmaqla, hazırda kənddə 3900 nəfər yaşayır. Kənddə 1060 təsərrüfat vardır. Hesabat ilində kəndlilərin torpağa münasibəti müsbət tərəfə dəyişmişdir. 2137 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik olan kənd əhalisi 2016-cı il ərzində 295 hektarda buğda, 106 hektarda arpa, 4 hektarda kartof, 64 hektarda tərəvəz, 65 hektarda qarğıdalı, 13 hektarda bostan, 67 hektarda yonca, 12 hektarda meyvə bağı, 0,5 hektarda tütün sahəsini əkib beçərmişdir. Müvafiq olaraq 891 ton buğda, 293 ton arpa, 40 ton kartof, 1530 ton tərəvəz, 300 ton qarğıdalı, 215 ton bostan, 2013 ton quru ot, 1085 ton meyvə, 800 kq tütün, 560 kq barama istehsal edilmişdir.
“Görülən işlər bizi daha da ruhlandırır”
Məhsul istehsalının artırılmasında texnikanın, suvarma suyunun, mineral və üzvü gübrələrin verilməsinin böyük rolu vardır. 2016-cı təsərrüfat ilində kanalların, suvarma arxlarının təmiri işlərində, təmizlənməsində və suvarma ilə əlaqədar qarşıya çıxan problemlərin həll edilməsində xeyli işlər görülmüş, tədbirlər aparılmışdır. Belə ki, nasos stansiyalarının mövsüm ərzində fasiləsiz işləməsi üçün su nasoslarında əsaslı təmir işləri aparılmış, bir neçə nasos aqreqatı yenisi ilə əvəz edilmişdir. “Nasos arxı”, “Acı dərə” su arxlarında və digər tarla arxlarında 4300 metr sahənin təmiri və kol-kosdan təmizlənməsi və s. bu kimi işlər görülmüşdür.

Hesabat ilində kənd təsərrüfatı məhsullarının əkini ilə məşğul olan 770 nəfər istehsalçıya mineral gübrə, motor və sürtkü yağlarına görə 52604 manat subsidiya verilmişdir. 24 ton mineral gübrə kənd əhalisinə satılmışdır.

2017-ci ilin məhsulu üçün kənd əhalisi 588 hektarda payızlıq taxıl səpini aparmışdır. 2 hektar sahədə tütün, 60 hektar sahədə isə şəkər çuğunduru əkininin aparılması və 200 kq barama məhsulunun yetişdirilməsi nəzərdə tutulmuşdur. Kənddə baramaçılığı inkişaf etdirmək üçün Çin dövlətindən gətirilmiş 2 min ədəd tut ağacı tingi basdırılmışdır. Kənddə bitkiçiliklə yanaşı heyvandarlıq sahəsinin inkişafı da həmişə diqqət mərkəzində olmuşdur. 1770 baş iribuynuzlu və 7330 baş xırdabuynuzlu heyvanlarda dabaq, qarayara xəstəliklərinə qarşı peyvəndlər aparılmışdır.
“Görülən işlər bizi daha da ruhlandırır”
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun tapşırığına əsasən kənddə tərkibi 5 nəfərdən ibarət işçi qrupu yaradılmış və qrup üzvləri vətəndaşlar tərəfindən müraciət edilmiş istər şifahi, istərsə də yazılı şikayətlərlə maraqlanmış, onların yerində həll edilməsinə nail olmuşlar.

2016-ci ildə əhalinin suvarma suyuna olan təlabatının ödənilməsində, taxıl sahələrində biçinin aparılması üçün texnikanın cəlb edilməsində, yeni salınmış məhəllələrdə 85 ailədən çox evlərə yeni 2,5 km içməli su xəttinin çəkilərək hər dörd ailəyə 1 ədəd su krantının qoyulması, kəndin ictimai yerlərində, yol kənarlarında 8 ədəd bulağın quraşdırılması, sel ötürücü kanalın üzərindən keçid körpüsünün salınmas və s. hesabat ilində kənddə görülmüş işlərdir. Eyni zamanda kənddə olan Şəhid ailələrinin, Böyük Vətən Müharibəsi Vetaranlarının, Qarabağ Müharibəsi Əlillərinin, kimsəsizlərin, imkansızların adları bayramlarda yad edilmiş, onlara maddi yardımlar göstərilmişdir..
“Görülən işlər bizi daha da ruhlandırır”
Hesabat dövründə kənddə 2 ədəd yeni subartezian quyusu istifadəyə verilmiş, 2 ədəd artezian quyusu təmir edilmişdir. Bir ədəd daxili imkanlar hesabına qazılmış artezian quyusu isə balansa götürülərək qeydiyyata alınmış və işlək hala gətirilmişdir. Demək olar ki, 2016-cı il ildə Yuxarı Salahlı kənd əhalisi 100% içməli su ilə təmin edilmişdir. Hal-hazırda kənddə mövcud olan 7 ədəd subartezian quyusu tam işlək vəziyyətdədir.
“Görülən işlər bizi daha da ruhlandırır”
2016-cı ildə nümayəndəliyin inzibati binasının təmir edilməsi, kənd qəbiristanlığının alaq otlardan təmizlənməsi, orada səliqə-sahman yaradılması, həftənin şənbə və bazar günləri bütün kənd ərazisinin iməclik yolu ilə zir-zibillərdən təmizlənməsi, 1941-1945-ci il Böyük Vətən Müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsinə inşa edilmiş “Xatirə abidə” kompleksinin əsaslı təmir edilməsi, Yuxarı Salahlı kənd Səməd Vurğun “Poeziya Evi“nin cari təmir edilməsi, şəhid Vəkilov Zülfiqar Tahir oğlunun çatlamış baş daşının yenisi ilə əvəz edilməsi, Aprel şəhidi Namazov Elvin Məmməd oğlunun qəbrinin ətrafında 50 metr uzunluğunda dəmir torun çəkilməsi, onun qəbrinə gedən 1200 metr yolun qum-çınqıl tökülərək hamarlanması hesabat ilində görülən işlərdəndir.

Kənd əhalisinin fasiləsiz elektrik enerjisi və qaz yanacağı ilə təmin edilməsi istiqamətində də bir sıra işlər görülmüşdür. Çürüyüb istismar müddəti başa çatmış 50-ə yaxın ağac elektrik dirəkləri yeni beton dirəklərlə əvəz edilmiş, 2 min metrdən çox naqillər çəkilmişdir.

Daha sonra icra nümayəndəsi kənddə mövcud olan çatışmazlıqlardan danışıb.
- Kəndin mərkəzindən keçən sel ötürücü kanalın əsaslı təmir edilməsi;
- “Vaqif” düzənliyi su nasos stansiyasından yeni xəttin çekilməsi;
- Təsərrüfat arxlarının beton üzlüklərə alınması;
- Yeni uşaq bağçası-körpələr evinin tikilməsi;
- Yeni elektron ATS binasının tikilməsi.
“Görülən işlər bizi daha da ruhlandırır”
Kənd sakinlərindən Məhəmməd Qocayev və Məmləkət Quliyeva çıxış edərək yeni məktəb binasının qısa müddətdə istiliklə təmin olunmasına göstəriş verdiyinə görə rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşova məktəb kollektivi adından öz dərin minnətdarlıqlarını bildiriblər. Şəhid anası Sultan Vəkilova, kənd ağsaqqallar şurasının sədri Abdulla Məmmədov, Reyhan Əliyeva və başqaları çıxış edərək mütəmadi olaraq kənd sakinləri ilə görüşə gəldiyinə və qaldırılan problemlərin həlli istiqamətində verdiyi göstərişlərə görə rayon rəhbərliyinə minnətdarlıq ediblər.

“Görülən işlər bizi daha da ruhlandırır”
Elçin İSMAYIL


Facebook-da paylaş