• Təqvim

  • Unutma

  • Maraq



Dövlətimiz üçün hər bir əsgər əziz və dəyərlidir


Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib, bizə düşmən kəsilənləri qorxuya salıb. Silahlı Qüvvələrimizin maddi-texniki təminatı ilbəil təkmilləşdirilir, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılır. Dövlətimizin qayğısını daim öz üzərlərində hiss edən əsgər və zabitlərimiz torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanırlar. Son illər ölkəmizin etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində müasir hərbi hissə və şəhərciklər tikilərək istifadəyə verilib. Təmas xəttində, mürəkkəb relyef şəraitində yerləşən hissə və bölmələrdə möhkəm müdafiə potensialı yaradılıb.

Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda sağlamlığını itirən zabit və əsgərlərə də daim diqqət göstərilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşü də bunun əyani nümayişinə çevrildi. 

Qeyd edim ki, fondun "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başladığı vaxtdan 3 il ötür. Bu müddətdə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. 
Mehriban xanım Əliyevanın hərbçilərlə görüşü bir daha göstərdi ki, dövlətimiz və xalqımız üçün hər bir əsgər əziz və dəyərlidir. Qazilərin sağlamlığının bərpası və normal həyata qayıtmaları üçün Azərbaycan dövləti bütün lazımi addımları atır və bundan sonra da atacaqdır.

Azərbaycanın Ali Baş Komandanı cənab İlham Əliyev qazilərin sağlamlığının bərpasına böyük diqqət ayırır. Xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirən zabitlərin, əsgərlərin özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün mühüm tədbirlər reallaşdırır. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edir, minnətdarlığımızı bildiririk.

Namiq ALIYEV, 
baş leytenant



Facebook-da paylaş