İsmayıl Şıxlının 100 illiyi ilə əlaqədar tədbirlər planı təsdiqlənib
Prezident İlham Əliyevin 2019-cu il yanvarın 28-də imzaladığı Sərəncamla
görkəmli nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq
yazıçısı İsmayıl Şıxlının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd
olunacaq.
XX əsr Azərbaycan bədii nəsrinin inkişafında özünəməxsus yeri olan İsmayıl
Şıxlı xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik obrazlar
silsiləsi yaradıb. Ədibin məşhur "Dəli Kür” romanı ictimai şüurda dönüşə və
özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə hesab edilir. Yazıçının xalq
yaradıcılığından güc alan əsərləri dərin həyat fəlsəfəsi və milli koloriti ilə
oxucuların rəğbətini qazanıb. Üslub mükəmməlliyi, bədii dilin obrazlılığı,
daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan
səciyyəvi cəhətlərdir.
GOYEZEN.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısının yazıçının 100 illiyi
haqqında Sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin
əmri ilə tədbirlər planı təsdiq edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib
ki, sənəddə ölkəmizin mədəniyyət müəssisələrində ədibin yubileyinə həsr olunan
ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi və digər tədbirlərin
keçirilməsi əksini tapıb.
May ayında Azərbaycan Dövlət Akademik
Filarmoniyasında İsmayıl Şıxlının yubileyinə həsr olunmuş təntənəli gecə
gerçəkləşəcək.
Yubiley ilində Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçısının kitabının
nəşri, həmçinin Milli Kitabxana və nazirlik tərəfindən "Azərbaycanın görkəmli
şəxsiyyətləri” seriyasından "İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının çap
olunması və təqdimatı, "Xalq yazıçısı İsmayıl Şıxlı - 100” mövzusunda kitab
sərgisinin təşkili nəzərdə tutulur.
Tədbirlər planında Azərbaycan Respublikasının Avstriya, Fransa və
Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət
mərkəzləri tərəfindən həmin ölkələrdə İsmayıl Şıxlının yubileyinə həsr olunmuş
müxtəlif tədbirlərin keçirilməsi də yer alıb.
Mədəniyyət Nazirliyi, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi və "Qazax
Xeyriyyə Cəmiyyəti” İctimai Birliyinin təşkilatçılığı ilə "Xalq yazıçısı
İsmayıl Şıxlı – 100” adlı konfransın keçirilməsi planlaşdırılır.
Bakı Xoreoqrafiya Akademiyasında "Xalq yazıçısı İsmayıl Şıxlının
yaradıcılığında tarixilik və millilik” mövzusunda elmi sessiyanın təşkili,
Təhsil Nazirliyinin müəssisələrində yubileylə bağlı elmi konfrans, simpozium və
seminarların keçirilməsi, məktəb kitabxanalarında İsmayıl Şıxlının bədii
əsərlərinin oxusu və müzakirəsinin təşkili nəzərdə tutulur.
Yubiley ili ərzində Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda,
birliyin bütün filiallarında yazıçının anım gecələri keçiriləcək, AYB-in
mətbuat orqanlarında ədibin ömür yolu və yaradıcılığı ilə bağlı silsilə yazılar
dərc olunacaq.
Facebook-da paylaş