• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda daha bir uşaq bağçasının təmirinə başlanılıb

Heç kəsə sirr deyil ki, bu gün Qazaxda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Son 3 il ərzində rayon rəhbərinin bu sahəni daim diqqət mərkəzində saxlaması, uşaqlara xüsusi qayğı ilə yanaşması bunu söyləməyə əsas verir. Məhz bu qayğının nəticəsidir ki, rayonda olan bağçaların tikintisi və yaxud da əsaslı şəkildə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi ildən-ilə artır. Hər il demək olar ki, bir neçə bağça təmir olunaraq körpə balaların istifadəsinə verilir. Bu gün tam əminliklə deyə bilərik ki, rayonda olan 25 uşaq bağçasından 17-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli bağçalara şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərmək olar. Yola saldığımız 2018-ci il bağça tikintisi baxımından yaddaqalan bir il oldu desək lap yerinə düşər. Təkcə ötən il ikisi şəhərin mərkəzində, biri isə kənddə olmaqla 3 bağça əsaslı yenidənqurmadan sonra körpə fidanların istifadəsinə verildi. Şəhər 2, 3 saylı və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları həmin açılışı olan bağçalardır.  

Ötən il olduğu kimi, bu il də bağça tikintisi və ya əsaslı təmir olunması diqqət mərkəzindədir. Bu il də bu sahədə görülən işlərə böyük sürətlə start verilib. Belə ki, rayonda təmirə ehtiyacı olan daha bir neçə kənd bağçası var ki, onlardan biri də Qazaxbəyli kənd uşaq bağçasıdır. Artıq bir neçə gündür ki, uşaq bağçasının təmirinə başlanılıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov uşaq bağçasında olub, görülən işlərlə maraqlanıb.

Rayon rəhbərinə məlumat verilib ki, hazırda bağça üçün mətbəx inşa olunur. Eyni zamanda, bağçanın ətrafına hasar çəkilməsi işləri aparılır. İşlərin sürətlə aparılması onu deməyə əsas verir ki, hasarın çəkilməsi qısa vaxtda başa çatacaq. Yaxın günlərdə bağça binasında təmir işləri görüləcək.

Bağça müdiri Gözəl Allahverdiyeva çıxış edərək son illər rayonda, eləcə də Qazaxbəyli kəndində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib. Bütün sahələrlə yanaşı, rayonda körpələrə olan qayğını və bağçanın təmir olunmasını kollektiv olaraq minnətdarlıq hissi ilə qarşıladıqlarını vurğulayıb. Təmir işlərinin aparılmasına görə ölkə başçısına və rayon rəhbərliyinə işçilər, valideynlər, eləcə də bütün kənd sakinləri adından minnətdarlığını çatdırıb.




GOYEZEN.AZ



Facebook-da paylaş