• Təqvim

  • Unutma

  • Maraq



Bağçaların fəaliyyəti ilə bağlı müşavirə keçirilib


Son illər respublikamızda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri Qazax rayonunda da öz əksini tapmaqdadır. Qazaxda daim diqqət mərkəzində saxlanılan, xüsusi həssaslıqla yanaşılan sahələrdən biri də uşaqlarla bağlı olan sahədir. Bu gün rayonda bütün sahələrlə yanaşı, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi, yüksək şəraiti olan bağçalarda tərbiyə olunması istiqamətində də məqsədyönlü işlər görülür. Son 3 ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bu sahəyə xüsusi qayğı ilə yanaşması, onun qayğısı sayəsində rayonda olan bağçaların yüksək səviyyədə təmir olunması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu dediklərimizin əyani sübutudur. Bu gün hər bir rayon sakini böyük fəxr və qürur hissi ilə söyləyə bilər ki, rayonda olan 25 uşaq bağçasından 17-i tam müasir standartlara cavab verən səviyyədədir. Həmin təmirli bağçalara şəhərdə yerləşən 1,2,3,4,5,6 saylı, kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçalarını, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarını misal göstərmək olar.

Sevindirici hal isə odur ki, bu gün bağçalarda yaradılan şəraitlə yanaşı, uşaqların keyfiyyətli ərzaq təminatı ilə təmin olunması və körpələrə göstərilən qayğı da daim diqqət mərkəzində saxlanılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətində bağçaların mövcud vəziyyəti, uşaqlara göstərilən qayğı ilə bağlı keçirilən müşavirə də bu sahənin diqqət mərkəzində olmasından xəbər verir.

Şəhərdə fəaliyyət göstərən bağça kollektivlərinin iştirak etdiyi müşavirədə bağçalarda yaradılan şərait, körpələrə göstərilən xidmət və s. məsələlər müzakirə olunub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qeyd edib ki, bu gün ölkə başçısının uşaqlara olan qayğısı, onların parlaq gələcəyi naminə gördüyü işlər Qazax rayonunda da uğurla icra olunur. Dövlətin və dövlət başçısının uşaqlarla bağlı siyasəti Qazaxda da əsas prioritet məsələlərdən biri hesab edilir. Məhz bunun nəticəsidir ki, rayonda bütün bağçaların yüksək səviyyədə təmir olunması, əsaslı şəkildə yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

İcra başçısı körpələr üçün yaradılan şəraitlə yanaşı, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatı və bişirilən yeməklərin keyfiyyəti ilə də maraqlanıb. Bağçalarda istər yataq otaqlarında, istər mətbəxdə, istər oyun otaqlarında təmizliyə riayət olunmasını, uşaqların sağlamlığının hər şeydən vacib sayılmasını bildirib. Yüksək təchizatla bərabər uşaqlara hər zaman diqqət və qayğı göstərilməsini, keyfiyyətli yeməklərlə təmin olunmasını, vaxtlı-vaxtında tibbi müayinədən keçmələrini, təhlükəsizliklərinin təmin olunmasını vacib məsələlərdən hesab edən rayon rəhbəri bu istiqamətdə əməli işlərin görüldüyünü qeyd edib. Uşaqlara olan diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını bildirərək bağçalarda olan mövcud vəziyyətlə bağlı bəzi tapşırıqlarını verib.

Tədbirdə iştirak edən bağça müdirləri, tərbiyəçi müəllimlər, digər işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kollektiv adından öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün göstərdiyi qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.


GOYEZEN.AZ



Facebook-da paylaş