• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı dindarlarla görüşüb


Bu gün Qazax Rayon İcra Hakimiyyətində dindarlarla görüş keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq dindarları salamlayıb, keçirilən görüşün məqsədi barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, rayonda hər ay dindarlarla görüş keçirilir. Bu görüşün keçirilməsində əsas məqsəd rayonda dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi, dindarlar arasında təriqət və məzhəb ayrı-seçkiliyinin aradan qaldırılması, tolerant mühitin yaradılması, multikultural dəyərlərin qorunub saxlanılması və onlara hörmətlə yanaşılmasıdır. İcra başçısı qeyd edib ki, "Dini etiqad azadlığı haqqında” və "Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunlarının öyrənilməsi məqsədilə dindarlar arasında maarifləndirici söhbətlərin təşkili sahəsində aparılan işlərin vəziyyəti, dinlə bağlı problemləri, nöqsan və çatışmazlıqları öyrənmək, onların aradan qaldırılması üçün lazımi tədbirlərin həyata keçirilməsidir.

Sonra icra başçısı dindarların yuxarıda qeyd olunan məsələlərlə bağlı rəy və təkliflərini dinləyib.

Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə qazısı, Qazax "Cüməməscidinin imamı İlham Süleymanov, dini icma sədrlərindən Sahilə Orucova, İslam Əliyev, dini ayinlərin icraçılarından Yelgioğlu Rəcəb, Müseyib Həsənov, Allahverdi Nəsirov, Osman Yaqubov və Xətai Əhmədov çıxış edərək rayonda dini durumun tam sabit olduğunu, bu sahədə heç bir problemin olmadığını, dindarların ölkə prezidenti İlham Əliyev cənablarının ətrafında sıx birləşdiklərini, prezidentimiz və torpaqlarımızın işğaldan azad olunması üçün dualar etdiklərini qeyd ediblər. Eyni zamanda, Qazax "Cümə” məscidində təşkil olunmuş dini kurslardan faydalandıqlarını, dini ayinlərin icrası ilə qanunu əsasda məşğul ola bilmələri üçün imtahan yolu ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən xüsusi icazə almaq üçün çalışdıqlarını söyləyiblər.

İcra başçısı ilə səmimi söhbət edən dindarlar rayonda məscidlərə və dindarlara göstərilən diqqət və qayğıya, hər cür köməyə görə ölkə başçısına və rayon rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra dindarlardan Osman Yaqubov Daş Salahlı kənd qəbiristanlığındakı bulağa əlavə su çəninin qoyulmasını, Yelgioğlu Rəcəb kənd məscidinin döşəməsinin dəyişdirilməsini, Daş Salahlı kənd məscidi dini icmasının sədri İslam Əliyev məscidə yeni sayğacın qoyulmasını xahiş ediblər. Onları diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə yerindəcə tapşırıqlar verib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüş-toplantıya yekun vuraraq bu cür görüşlərin müntəzəm olaraq keçiriləcəyini bildirib.







GOYEZEN.AZ



Facebook-da paylaş