Qazaxda "Ölkəmizi tanıyaq” tur-aksiyasından qələbə ilə qayıdan məktəblilərlə görüş keçirilib
Bildiyiniz kimi, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil
məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında
Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur.
Dövlət başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının
təşkilatçılığı ilə keçirilən tur-aksiyalar artıq bir ənənə halını alıb. Bu cür layihənin təşkil olunmasında əsas məqsəd
şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi,
adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin
qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək,
Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik
sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın
yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır. Bundan
əlavə, respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər
bölgələrə səyahətlərini təşkil etməklə məktəblilərin dünyagörüşünü, bilik və
bacarıqlarını daha da formalaşdırmaqdır. Respublika Prezidenti İlham
Əliyev "Ölkəmizi
tanıyaq” layihəsinin əhəmiyyətindən danışarkən qeyd etmişdir ki, bu yüksəliş, bu dinamik
inkişaf Azərbaycanın müstəqillik illərində doğulan, ölkənin sabahı olan Azərbaycan
vətəndaşlarının-Azərbaycanın yeni nəslinin gözləri önündə baş verir. Bizdən
sonra gələn nəsil bizim kimi vətənpərvər, Vətənə bağlı olmalıdır ki, gələcəkdə
Azərbaycan güvənli gəncliyə etibar edilsin. Bunu etmək üçün biz möhkəm təməl
qoyuruq və bu gün başlanan, icra edilən layihələrin bir çoxu gələcəyə
hesablanır. Bəli, aksiya çərçivəsində ölkə
gəncləri ölkəmizin qədim tarixi, mədəniyyət abidələri ilə tanış olur, bölgələrimizin
müasir simasını əks etdirən Heydər Əliyev Mərkəzlərinə, Bayraq Meydanları və
muzeylərinə, Gənclər Mərkəzlərinə, Rəsm Qalereyalarına, Tarix-Diyarşünaslıq Muzeylərinə,
istehsal və emal müəssisələrinə baxış keçirir, park və xiyabanları gəzərək,
qoruq və göllərə ekskursiya edirlər. Bu
gəzintilər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Heydər
Əliyevin siyasi irsi, ulu öndərin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində
əldə olunmuş misilsiz nailiyyətlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi
dinamik sosial-iqtisadi inkişaf və böyük quruculuq işləri ilə hər bir şəhər və
rayonun nümunəsində tanış olmaq imkanı yaradır. Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə
(Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl,
Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz,
Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10
tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu
tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib. Martın 15-18 və
23-26 tarixlərini əhatə edəcək növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə
Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından,
ümumilikdə, 3370 nəfər iştirak etmişdir. Bununla da, "Ölkəmizi tanıyaq”
tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olmuşdur. Respublika Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən 2014-cü il
avqustun 1-dən şəhər və Rayon İcra Hakimiyyətləri tərəfindən IX-XI sinif
şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici
tur-aksiyaların daha
bir mərhələsi uğurla başa çatıb. IX-XI sinif
şagirdlərinin iştirakı ilə reallaşdırılan bu tur-aksiyalara qazaxlı məktəblilər
də qatılıblar. Sevindirci
haldır ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər
və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunmuş "Ölkəmizi tanıyaq”
layihəsi hər il Qazax rayonunda daha yaddaqalan olur və təntənəli şəkildə
keçirilir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov fəaliyyətə başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət və qayğı
göstərir. Rayon məktəblilərinin daha savadlı, bilikli olması, intellektual səviyyələrinin
artması üçün bu sahədə məqsədyönlü işlər görür. Rayon rəhbərinin "Ölkəmizi
tanıyaq” layihəsinə olan yanaşması isə tam başqadır. İcra başçısı respublika səviyyəsində
həyata keçirilən və böyük əhəmiyyət kəsb edən bu layihəyə xüsusi qayğı ilə
yanaşır. Rayon rəhbərinin hər il "Ölkəmizi tanıyaq” layihəsininiştirakçıları ilə istər yola düşməzdən əvvəl, istərsə də qayıtdıqdan sonra
görüşlər keçirməsi, xüsusilə də yolasalma və qarşılanma mərasimlərində şəxsən
iştirak etməsi, onlara uğurlar arzulaması məktəblilərə göstərilən diqqət və
qayğının bariz nümunəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, rayon rəhbərinin
keçirdiyi bu cür görüşlər artıq bir ənənə şəklini alıb. Bu gün də "Ölkəmizi tanıyaq” tur-aksiyasından
qələbə sevinci ilə qayıdan iştirakçılarla görüş keçirilib. Səməd Vurğun adına 2 nömrəli tam
orta məktəbin akt zalında keçirilən tədbirdə icra aparatının məsul işçiləri,
rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları, rayonda Əməkdar və fəxri adlar almış müəllimlər, tur-aksiyada iştirak edən məktəblilər və onları müşayiət edən şəxslər, məktəblilərin
sinif rəhbərləri və valideynləri, KİV nümayəndələri iştirak ediblər. Tədbirdə əvvəlcə martın 26-da Ermənistan
silahlı qüvvələrinin bölmələri tərəfindən Füzuli rayonu istiqamətində törədilən
təxribat nəticəsində şəhid olan həmyerlimiz, Yuxarı Salahlı kənd sakini Əlləzov
Əlləz Ələddin oğlunun göstərdiyi şücaətdən söz açılıb, şəhidin yaxınlarına,
bütövlükdə bütün Qazax ictimaiyyətinə bir daha başsağlığı verilib. Azərbaycanın
Xalq şairi Osman Sarıvəllinin uzun müddət Türkiyədə yaşayan
oğlu, professor Babək Qurbanovun ölümü ilə bağlı da yaxınlarına başsağlığı
verilib. Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov çıxış edərək "Ölkəmizi
tanıyaq” layihəsində məktəblilərimizin qazandıqları uğur və nailiyyətlərdən
danışıb. Qeyd edib ki, bu dəfə də şagirdlərimiz rayonumuza əliboş qayıtmadı.
"Ölkəmizi tanıyaq” layihəsində Azərbaycan İntellektual Klublar
Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı
intellekt yarışmasından qələbə sevinci ilə döndülər. 9 rayon arasında keçirilən
bilik yarışında öz bilik və bacarıqlarını, ən əsası da Qazaxın ziyalılar yurdu
olduğunu bir daha nümayiş etdirdilər. Ümumilikdə, 51 komandanın iştirak etdiyi
yarışda rayonumuzun "Vurğun” komandası 1-ci yeri, "Günəş” komandası isə
3-cü yerləri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara
layiq görüldülər. Bundan əlavə, öz nümunəvi davranışları ilə seçilən məktəblilərimizə
Qafqaz Sport Resort Hotelin rəhbərliyi tərəfindən Təşəkkür sertifikatı da təqdim
olunub. Qələbə sevinci ilə qayıdan məktəbliləri təbrik edən
rayon rəhbəri qazanılan bu uğuru dövlət başçısı İlham Əliyevin təhsil sahəsinə
göstərdiyi diqqət və qayğıya əsl töhfə olduğunu bildirib. İcra başçısı qeyd
edib ki, bu qələbə bir daha onu sübut etdi ki, Qazax hər zaman ziyalılar,
tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə olacaqdır. Təkcə ölkə
rəhbəri tərəfindən imzalanmış 3 noyabr 2018-ci il tarixli Sərəncamla 100
illiyini qeyd etdiyimiz Qazax müəllimlər seminariyası onu deməyə əsas verir ki,
rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı gündən-günə
artır. Bu tur-aksiyada da yaxşıların yaxşısı iştirak edirdi və qazandıqları qələbə
də bunu bir daha sübut etdi ki, biz seçimimizdə yanılmamışıq. Məktəblilərin
qazandıqları bu qələbə onların bilik səviyyəsini nümayiş etdirməklə yanaşı,
"Bura Qazaxdı” fikrini bir daha təsdiqlədi. Çünki biz o kəlmələri elə-belə işlətmirik.
Qazax hər zaman böyük bir ziyalı ordusu ilə tanınıb.
İcra başçısı respublikamızda, eləcə də bölgələrimizdə
təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açaraq bu sahədə
görülən məqsədyönlü işlərdən danışıb. Ölkəmizdə "Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsinin uğurla icra edildiyini bildirən rayon rəhbəri hazırda rayonumuzda əsaslı
şəkildə yenidən qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam
orta məktəbi bu istiqamətdə görülən işlərin əyani sübutu kimi qiymətləndirib. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il
tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramında
daha 11 məktəb binasının təmirinin öz əksini tapması ölkə başçısının bölgələrimizdə
təhsil sahəsinin inkişafına necə önəm verməsindən xəbər verir.
Rayon rəhbəri vurğulayıb ki, ölkə başçısının, təhsil
nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu
sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə
seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək
dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər.
Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri
arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur. Qeyd
edib ki, bu qələbənin qazanılmasında mart ayının 18-də ”Rayonumuzu
tanıyaq”devizi altında təşkil olunmuş turun da
böyük əhəmiyyəti oldu. Belə ki, məktəblilər ilk öncə and yerimiz olan Şəhidlər xiyabanını
gül dəstələri ilə ziyarət etdilər. Sonra "Azərxalça” ASC-nin Qazax filialında,
Ədəbiyyat Muzeyində, Abbasbəyli kənd ərazisində yerləşən, Qazaxımızın simvolu
olan "Göyəzən” dağında, Daş Salahlı kəndindəki "Damcılı” mağarasında oldular.
Qazax Sement Zavodu və "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”, Yuxarı
Salahlı kəndində yerləşən dahi şairimiz Səməd Vurğunun Poeziya Evi, Qazax
Tarix-Diyarşünaslıq muzeyi, Qazax Dövlət Rəsm Qalereyası, "Azərsun-Holdinq” MMC-nin Qazax Konserv Zavodu ilə tanış
oldular. Bu tanışlıq uşaqlarımzda rayonumuzun gəzməli, görməli yerləri haqqında
zəngin təəssüratlar formalaşdırdı və məlumat əldə etmələrində böyük rol oynadı.
Ən əsası da ekskursiya etdikləri rayonlarla Qazaxı müqayisə etməkdə yardımçı
oldu. Layihə haqqında fikirlərini bölüşən icra başçısı qeyd edib ki, bu layihə
adi bir layihə deyil, Azərbaycanın yeni nəslinin vətənpərvərlik ruhunda tərbiyəsində
mühüm rol oynayacaq bir addımdır. Möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü,
tapşırığı və nəzarəti ilə həyata keçirilən, Azərbaycanın sabahını düşünərək
reallaşdırılan, dövlət başçısının gənclərə həssas münasibətini, diqqət və
qayğısını təcəssüm etdirən bir layihədir.
Rayon rəhbəri bildirib ki, respublikamızın ictimai
və mədəni həyatında çox mühüm hadisəyə çevrilən "Ölkəmizi tanıyaq” tur–aksiyası
ölkə vətəndaşları tərəfindən də böyük razılıq hissi və rəğbətlə qarşılanır.
Qazax ziyalıları məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin
vətənpərvərlik və azərbaycançılıq prinsipləri əsasında tarixi-mədəni irsimizə
hörmət ruhunda tərbiyə olunmasına xidmət edən, yeni Azərbaycanı yeni nəsillərə
tanıdan, sevdirən, onları milli tarixi kökə bağlayan, gələcəyə hazırlayan bu
misilsiz layihəyə, gənclərimizə belə canlı, real Vətən sevgisinin aşılanmasında
gəncliyə əvəzsiz xidmətinə görə ilk öncə möhtərəm Prezident İlham Əliyevə dərin
minnətdarlıqlarıı bildirirlər. Tur-aksiya iştirakçılarından – S.Əfəndiyev
adına şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdləri
Elçin Bayramlı, Nəzrin Eyubova, X sinif şagirdi İbrahim Yusifov, M.Hüseyn adına
məktəb-liseyin XI sinif şagirdləri Sənəm Qurbanova, Şəlalə Şükürova, Pakizə
Carçalova, X sinif şagirdi Nərmin Məmmədova, S.Vurğun adına şəhər 2 nömrəli tam
orta məktəbin XI sinif şagirdi Qoşqar Orucov, M.Dilbazi adına Cəfərli kənd tam
orta məktəbin XI sinif şagirdi Vüsal Mustafayev, Ş.Çobanov adına Ağköynək kənd
tam orta məktəbin XI sinif şagirdi Elcan Hacalıyev, X sinif şagirdi Günel Bayramova,
Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin X sinif şagirdi Səbinə Əhmədzadə,
A.Əmilov adına Daş Salahlı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Aqil
Nəsibov, E.Cəfərov
adına Çaylı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Könül Carçıyeva tur-akisya barədə təəssüratlarını
bölüşərək bildiriblər ki, bu ekskursiyalar ölkәmizin tarixini dәrindәn
öyrәnmәklә bərabər, bizlərә ümummilli lider Heydәr Әliyevin rәhbәrliyi ilә
milli dövlәt quruculuğu sahәsindә görülmüş işlәrlә, Respublika Prezidenti İlham
Әliyevin hәyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hәr bir şәhәr vә
rayonun nümunәsindә tanış olmaq imkanı yaratdı. Biz məktəblilər regionlarımızın müasir simasını əks
etdirən Heydər Əliyev Mərkəzləri, bölgələrin qədim tarixi, mədəniyyət
abidələri, Tarix-Diyarşünaslıq Muzeyləri, Gənclər Mərkəzləri, Bayraq
Meydanları, Rəsm Qalereyaları ilə tanış olduq. Olduğumuz bölgələrdə
gördüklərimiz, şahidi olduqlarımız bir daha onu sübut etdi ki, Qazaxımız kimi
digər rayonlarımız da ölkə başçısının rəhbərliyi altında gündən-günə
çiçəklənir, daha abad və yaraşıqlı olur. Biz həm də ona görə sevincliyik ki,
intellektual yarışdan qələbə ilə qayıtdıq. Bu, təkcə bizim uğur deyil,
ümumilikdə, Qazax təhsilinin uğurudur. Qeyd ediblər ki, sizin biz məktəblilərin yolasalma
mərasimində şəxsən iştirak etməyiniz bizim üzərimizə məsuliyyət hissi qoymaqla
yanaşı, qələbə qazanacağımıza əminlik hissi də yaratdı. Biz çalışdıq ki, sizin
bizlərə olan etimadınızı layiqincə doğrulda bilək. Çünki biz Qəbələ, Şəki və
Zaqatala rayonlarına təkcə istirahət etmək, o bölgələrin gəzməli yerləri ilə
tanış olmaq üçün getməmişdik. Biz, eyni zamanda, hər il olduğu kimi, bu il də qələbə
xəbəri ilə dönməyi qarşımıza məqsəd qoymuşduq. Ən əsası da biz komandalar
olaraq yarışsaq da heç vaxt öz aramızda rəqabət haqqında düşünmədik. Bir ailə
olaraq qalibiyyət uğrunda mübarizə apardıq. Çünki bizim bir məqsədimiz vardı, o
da Qazaxın adının qaliblər sırasında çəkilməsi idi. Bu gün bizlər 1-ci və 3-cü
yeri rayonumuza gətirməklə bir daha sübut etdik ki, Qazax doğrudan da ziyalılar
vətənidir. Bu qalibiyyət də bizim halal haqqımızdır. Çünki bu tur-aksiyada
iştirak edən hər bir məktəbli qazandığı nailiyyətlərə, bilik və savadına görə
seçilmiş şagirdlərik. Bu qələbəmiz biz məktəblilərə bir daha göstərdi ki,
bilik, savad olan yerdə bütün qalibiyyətlər bizimdir. Bu gün biz məkətəblilər
tam əminliklə deyə bilərik ki, qalib olduğumuz o yerləri bilik və savadımız sayəsində
əldə etdik. Məktəblilər bu uğurun
qazanılmasında əməyi keçən müəllimlərinə, tur-aksiyada iştirak zamanı onlara
daim qayğı ilə yanaşan təhkimçilərə də minnətdarlıqlarını bildiriblər. Səmimi ürək
sözlərini və təəssüratlarını bölüşən şagirdlər bu cür tur-aksiyanın
keçirilməsinə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə
ediblər. Məktəblilərə həmişə dəstək olduğu üçün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar. Məktəblilər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında işğalda olan torpaqlarımızın, eləcə də
Qazaxın 7 kəndinin tezliklə işğaldan azad olunmasını və növbəti tur-aksiyaların
həmin bölgələrə təşkil edilməsini arzulayıblar. Qarabağa, Xocalıya, Şuşaya, Laçına,
Xocavəndə, Kəlbəcərə, Ağdərəyə, Ağdama, Cəbrayıla, Füzuliyə, Qubadlıya,
Zəngilana, eləcə də Bağanıs Ayrıma,
Xeyrımlıya, Barxudarlıya, Sofuluya, Qızılhacılıya, Yuxarı Əskipara və Aşağı Əskiparaya ekskursiya etmələrini bildiriblər. Hətta, o günün uzaqda olmadığını qeyd
ediblər. Məktəblilərlə
keçirilən görüşdə iştirak edən Ağköynək kənd tam orta məktəbin direktoru Səfurə
Rəhimova, ağsaqqal Cavanşir Rüstəmov çıxış edərək təhsil sahəsinə göstərdiyi
diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, hər zaman müəllimlərə,
məktəblilərə göstərdiyi səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova bütün təhsil işçiləri, müəllimlər adından dərin
minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü şagirdlərə göstərilən qayğının
ən bariz nümunəsi kimi qiymətləndiriblər. Görüşdə 23-26 mart 2019-cu il tarixlərində keçirilmiş "Ölkəmizi
tanıyaq” tur-aksiyasında fəal iştiraklarına görə aksiyaya təhkim olunmuş şəxslər,
aksiya iştirakçılarının sinif rəhbərləri, müəllimləri Qazax Rayon İcra Hakimiyyəti
başçısının Fəxri Fərmanı ilə təltif olunublar. Digər əməyi keçən müəllimlərə isə
rayon rəhbərliyi tərəfindən Təşəkkür elan edilib, hədiyyə və gül dəstələri təqdim
olunub. Bizlərə qələbə
sevincini yaşadan "Vurğun” komandasının üzvlərinə isə "Ölkəmizi tanıyaq” layihəsində təşkil olunmuş yarışmada
qazandıqları uğurlara görə Azərbaycan İntellektual Klublar AssosiasiyasınınSertifikatları və hədiyyələr təqdim edilib. Bundan əlavə, bütün tur-aksiya iştirakçılarına
rayon rəhbərliyi tərəfindən hədiyyə verilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov görüşə yekun vuraraq qazandıqları nailiyyətlərə, eləcə də "Ölkəmizi
tanıyaq” tur-aksiyasında nümunəvi iştiraklarına görə məktəbliləri bir daha səmimi
qəlbdən təbrik edib, qələbələrinin daimi olmasını arzulayıb. Hər zaman müəllimlərinin,
valideynlərinin onlara göstərdikləri etimadı öz uğurları ilə doğrultmalarını
tövsiyə edib.
Facebook-da paylaş