Qazaxda şəhid Əlləz Əlləzov son mənzilə yola salınıb
Martın 26-da Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara
əl atıb. Dünən axşam saatlarında düşmən tərəfindən bölmələrimizin mövqelərinin
atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan
Ordusunun hərbi qulluqçusu, Yuxarı Salahlı kənd sakini Əlləzov Əlləz Ələddin
oğlu şəhid olub. Bu gün Azərbaycan Ordusunun
düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan hərbçimiz – Əlləzov Əlləz
Ələddin oğlunun
doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn mərasimi keçirilib. Dəfn mərasimində Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və aparatın kollektivi, Əməkdar
incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik
Abdulla Qurbani, hərbi qulluqçulardan Rasim Manafov və Eldəniz İmaməliyev, şəhidin əsgər və zabit
yoldaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon
şöbəsinin rəisi Mehman Rəhimov və şöbənin nümayəndələri, rayonun hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri,
KİV nümayəndələri, minlərlə rayon sakini iştirak edib. Əlləz Əlləzovun anadan olduğu evdə
keçirilən dəfn mərasimində Əməkdar incəsənət xadimi, Prezidentin fərdi
təqaüdçüsü, Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, hərbi qulluqçular Eldəniz İmaməliyev
və Rasim Manafov çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə isə
səbr diləyiblər. Çıxış edənlər qüdrətli Azərbaycan Ordusunun düşmənə hər an
tutarlı zərbə vurmağa hazır olduğunu, Vətən uğrunda canından keçən şəhidlərimizin
qanının yerdə qalmayacağını, Respublika Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər. Ruhuna dualar oxunub,
cənazə Namazı qılındıqdan sonra şəhid Əlləzov Əlləz
Ələddin oğlunun cənazəsi
hərbi orkestrin ifasında, matəm marşının sədaları altında son mənzilə yola
salınıb. Əsgərlərin çiyinlərində Yuxarı Salahlı kənd qəbiristanlığına
aparılan şəhidi yol kənarlarında toplaşan minlərlə insan üçrəngli Vətən bayrağı
ilə qarşılayıb, gül dəstələri ilə yola salıblar. Dəfn mərasimində "Şəhidlər
ölməz, Vətən bölünməz!” şüarı səsləndirilib. Şəhidin tabutuna bürünmüş
üçrəngli Azərbaycan Bayrağı onun atasına təqdim edilib. Şəhid atası Ələddin Əlləzov çıxış edərək övladı ilə
fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə
Allahdan rəhmət diləyib. Şəhid hərbçimizin cənazəsi hərbi
orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları və
yaylım atəşi altında kənd qəbiristanlığında torpağa tapşırılıb. Vətən
torpaqlarının azadlığı uğrunda 285 şəhid verən Qazax rayonu bu gün daha bir
şəhidini son mənzilə yola salıb. Məlumat üçün qeyd edək ki, Əlləzov Əlləz
Ələddin oğlu 6 noyabr 1999-cu ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olub. 2017-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam
orta məktəbi bitirib. 5 yanvar 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi
xidmətə çağırılıb. Vətən uğrunda canından keçən şəhidimizin bir qardaşı var. GOYEZEN.AZ
Facebook-da paylaş