• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Rayonumuzu tanıyaq” devizi altında növbəti tur-aksiya təşkil olunub


Artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin "Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.

Təşkil olunan bu cür layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.

Ötən müddətdə ildə iki dəfə olmaqla 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 10 tur-aksiya təşkil edilib. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda, ümumilikdə, 23 min 444 nəfər iştirak edib.

Bu il martın 15-18 və 23-26 tarixlərini əhatə edəcək növbəti 11-ci tur-aksiyada isə 6 istiqamət üzrə Naxçıvan MR-sı, 76 şəhər və rayondan, o cümlədən məcburi köçkün rayonlarından, ümumilikdə, 3370 nəfər iştirak edəcək. Bununla da, "Ölkəmizi tanıyaq” tur-aksiyalarında iştirak edən məktəblilərin sayı 26 mindən çox olacaq.

23-26 mart 2019-cu il tarixlərində həyata keçiriləcək aksiyaya Qazax məktəbliləri də qoşulublar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkə iqtisadiyyatında önəmli rola malik olan bölgələrimizdən Qəbələ-Şəki-Zaqatala rayonlarının görməli yerləri ilə tanış olacaqlar.

Ötən il isə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir ənənənin əsası qoyulub. Belə ki, rayon rəhbərinin təşəbbüsü ilə əvvəlcə "Rayonumuzu tanıyaq” devizi altında tur-aksiya təşkil olunur. Artıq ikinci ildir ki, həyata keçirilən tur-aksiya müəllim və şagirdlər tərəfindən də böyük rəğbətlə qarşılanır.

Bu gün Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyada iştirak edəcək 40 nəfər məktəbli üçün səfər öncəsi ikinci dəfə Qazax rayonu üzrə tur təşkil edilib. Aksiyada iştirak edəcək qrup rəhbəri Kəmalə Cəfərova, təhkim olunmuş digər şəxslər – Ülkər İsgəndərova, Yaşar Əliyev, Samir Hüseynov, Elmar İbrahimov məktəblilərlə birlikdə "Rayonumuzu tanıyaq” devizi altında Qazaxın gəzməli, görməli yerlərində olub, rayonumuz haqqında dolğun məlumatlar əldə ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin qarşısında toplaşanaksiya iştirakçıları gəzintiyə ilk olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarətlə başlayıblar.

Vətən oğullarının adı və şəkli əks olunmuş löhvə önündən keçən şagirdlər şəhidlərimizin əziz xatirələrini yad edib, memorial önünə gül dəstələri düzüblər. Məktəblilərə məlumat verilib ki, bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Qazax rayonu da Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Bildirilib ki, Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə hər zaman yüksək səviyyədə diqqət və qayğı göstərilir. Qeyd olunub ki, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırması, şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, əsaslı şəkildə təmir edilməsi, xüsusilə də şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulması bu dediklərimizin əyani sübutudur.

Sonra tur-aksiya iştirakçıları ölkə prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli Sərəncamı ilə 100 illiyini qeyd edəcəyimiz Qazax müəllimlər seminariyasında olublar. Dahi şair Səməd Vurğunun vaxtilə təhsil aldığı sinifdə seminariyanı bitirmiş məzunları, eləcə də o vaxt dərs deyən müəllimləri özündə əks etdirən fotoguşə ilə tanış olan məktəblilərə seminariyanın yaranma tarixi haqqında ətraflı məlumat verilib. Milli təhsilimizin əsasını qoyan seminariyanın tarixinə nəzər salaraq Azərbaycan təhsilinə bəxş etdiyi saysız-hesabsız dəyərli insanları yad ediblər. Şagirdlərə Qazax müəllimlər seminariyasının tarixi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir. Müəllim və şagirdlər ölkə başçısı tərəfindən imzalanmış bu tarixi əhəmiyyətli Sərəncamı və Sərəncamda yer alan dəyərli fikirləri Qazax təhsilinə, eləcə də bütün qazaxlılara verilən ən böyük qiymət kimi dəyərləndirərək minnətdarlıqlarını çatdırıblar.

"Azərxalça” ASC-nin Qazax filialı ilə tanışlıq da məktəblilərin marağına səbəb olub. Müəssisə ilə ətraflı şəkildə tanış olan məktəblilər burada qurulmuş xanalara, toxunan xalçalara baxıblar. Şagirdlərə bildirilib ki, xalçaçılıq sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşünü və inancları ilə bağlı simvolları əks etdirib. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Qeyd olunub ki, bütün sahələr olduğu kimi, bu sahə də dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə tam əhatə olunub. Bu gün rayonumuzda inşa olunmuş müəssisədə işçilərin rahat şəkildə çalışmaları üçün hər cür şərait yaradılıb. Yaradılan bu yeni müəssisə qazaxlı xalçaçılara verilən ən böyük hədiyyədir. Eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, "Azərxalça” ASC tərəfindən tikilmiş bu müəssisədə 150 nəfərin çalışması nəzərdə tutulub ki, hazırda 100-dən çox işçi işləyir. Məktəblilər müəssisədə toxunan xalçaların və iplərin saxlandığı anbarla da tanış olublar.

Aksiya iştirakçılarının ziyarət etdiyi növbəti ünvan isə tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan tur-aksiya iştirakçıları burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Bildirilib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.

Ədəbiyyat muzeyi ilə tanışlıqdan sonra məktəblilər Mütəfəkkirlər parkında da olublar. Burada şagirdlərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun və ətraflı məlumatlar verilib. Qeyd olunub ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur. Ölkə Prezidenti İlham Əliyev tərəfindən görkəmli şəxsiyyətin 100 illik yubileyinin respublika səviyyəsində keçirilməsi ilə bağlı 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalanıb. Məktəblilərə bildirilib ki, bu gün hər bir qazaxlı bu Sərəncamı yüksək minnətdarlıq hissi ilə qarşılayır və təkcə İsmayıl Şıxlı şəxsiyyətinə verilən qiymət kimi deyil, eyni zamanda, Qazax ziyalılarına verilən böyük dəyər kimi qiymətləndirirlər.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur. Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan aksiya iştirakçılarına "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.

Sonra məktəblilər artıq 33 ildir ki, fəaliyyət göstərən və bu gün də hər kəsin sevimli məkanına çevrilən Qazax Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Burada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin foto-şəkilləri şagirlər tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlərə vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə bağlı ayrıca məlumatlar verilib.

"Azərsun-Holdinq” MMC-nin Qazax Konserv Zavodu ilə tanış olan tur-aksiya iştirakçılarına məlumat verilib ki, bu müəssisə 2012-ci ilin 12 aprelində istifadəyə verilib və Prezident İlham Əliyev zavodun açılışında iştirak etmişdir. Qeyd olunub ki, zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradıb. Bildirilib ki, İtaliya, Hollandiya və Türkiyə texnologiyaları əsasında inşa olunan müəssisədə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin iştirakı ilə 1996-2011-ci illərdə "Azərsun-Holdinq”ə məxsus müəssisələrin açılışlarını əks etdirən fotoguşə yaradılmışdır. İstehsal prosesi ilə tanış olan məktəblilər burada olan avadanlıqlar haqqında da ətraflı məlumatlandırılıblar.

Günün ikinci yarısında baş tutan gəzinti də müəllim və şagirdlər üçün yaddaqalan olub. Belə ki, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağına baxış şagirdlərdə xoş təəssürat yaradıb.

Məktəblilərə Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir.

Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir.

Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var.

Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq da məktəblilərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası,forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrüMezeolit dövrü və Neolit dövrünə aiddir. Damcılı mağarası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir.

Daş Salahlı kəndində yerləşən Qazax Sement Zavodu ilə tanışlıq zamanı məktəblilərə bildirilib ki, bu zavod 5 iyul 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib. Qeyd olunub ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılıb. Bu müəssisənin inşasına 2010-cu ildə başlanmışdır. Bildirilib ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda ulu öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur. Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Zavod haqqında ətraflı şəkildə məlumat alan məktəblilər istehsal prosesi ilə də əyani şəkildə tanış olublar. Bildirilib ki, zavodun gündəlik istehsal gücü 2500 ton klinker təşkil edir.

Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya Evinə baxış zamanı aksiya iştirakçılarına məlumat verilib ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur "Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Azərbaycan Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunmuşdur. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə etmişdir. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Məktəblilərə məlumat verilib ki, ötən il də rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.

"Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyanın sonuncu ünvanı isə "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC olub. Məktəblilərə çatdırılıb ki, 2016-cı ilin 19 oktyabrında istifadəyə verilən təsərrüfatın açılışında Prezident İlham Əliyev iştirak edib. Bildirilib ki, təsərrüfat 151 hektar sahədə yaradılıb. 15 hektar sahədə isə süni yağışyağdırma üsulunun tətbiqi ilə pivot suvarma sistemi qurulub ki, bu da məhsuldarlığı 2-3 dəfə artırmağa imkan verir. Məktəblilər binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Qazax rayonuna səfərlərini əks etdirən fotoguşə ilə də tanış olublar. Qeyd olunub ki, binada fermer təsərrüfatında çalışanlar üçün hər cür şərait yaradılıb. Konfrans zalı, yeməkxana işçilərin istifadəsinə verilib. Diqqətə çatdırılıb ki, bu təsərrüfat "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin bəhrəsidir. Burada texnika üçün park inşa edilib. Təsərrüfat üçün lazım olan müxtəlif növ maşın-mexanizm alınıb. Müəssisədə istehsal olunan məhsulların təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ən müasir texnologiyalar əsasında istehsal sahəsi yaradılıb. Hazır məhsulların saxlanılması üçün tutumu 2 min ton olan anbar da inşa olunub.

Tur-aksiya iştirakçılarından – şəhər 1 saylı tam orta məktəbin XI sinif şagirdləri Nəzrin Eyubova, Elçin Bayramlı, şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Toğrul Allahmanov, Qoşqar Orucov, M.Hüseyn adına məktəb-liseyin XI sinif şagirdi Pakizə Carçalova, Daş Salahlı kənd 2 saylı tam orta məktəbin X sinif şagirdi Aytac Omarova, Yuxarı Salahlı kənd tam orta məktəbin X sinif şagirdi Elcan Şəmşiyev, Bala Çaylı kənd tam orta məktəbin X sinif şagirdi Günay Quliyeva və XI sinif şagirdi Şəlalə Sanılı, Alpout kənd tam orta məktəbin XI sinif şagirdi Mirvari Nəbizadə öncə "Ölkəmizi tanıyaq” layihəsinə görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı məktəblilər adından dərin minnətdarlıqlarını bildiriblər. Bu gün Qazaxda ikinci dəfə olaraq "Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş bugünkü turun həyata keçirilməsinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar. Öz təəssüratlarını bölüşən məktəblilər qeyd ediblər ki, bugünkü gəzinti bizim rayonumuz haqqında zəngin məlumatlar əldə etməyimizdə böyük rol oynadı. Bu gün biz əldə etdiyimiz məlumatlarla Qazaxımızı bir daha kəşf etdik. Rayonumuzun təbiəti, tarixi abidələri, gündən-günə dəyişən siması, qazandığı nailiyyətləri bizdə xoş təəssürat yaratdı. Ən əsası da səfər öncəsi təşkil olunmuş bu tur bir daha onu sübut etdi ki, bütün bölgələr arasında Qazaxımızın öz gözəlliyi və zəngin tairixi var. Bu gün biz gəzinti zamanı buna bir daha əmin olduq.

GOYEZEN.AZ

Şəhidlər xiyabanını ziyarət










Qazax müəllimlər seminariyası ilə tanışlıq






"Azərxalça” ASC-nin Qazax filialı ilə tanışlıq 


















Ədəbiyyat muzeyi ilə tanışlıq







Məktəblilər Mütəfəkkirlər parkında





Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq 












Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq 









Qazax Konserv Zavodu ilə tanışlıq 










Məktəblilər Göyəzən dağının ətəyində 




Məktəblilər Damcılı mağarasında 








Qazax Sement Zavodu ilə tanışlıq 







Səməd Vurğunun Poeziya Evi ilə tanışlıq 












"Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC ilə tanışlıq











Facebook-da paylaş