• Təqvim

  • Unutma

  • Maraq



Sərhəddə yaşayan sakinlərə hər zaman diqqət və qayğı göstərilir


Ermənistanla 168 km sərhəddi olan Qazax rayonununbu gün 7 kəndi 25 ildən çoxdur ki, işğal olunub. Rayon Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verib. 7 Milli Qəhrəmanı var. Bütün bunlarla yanaşı, rayonun 5 kəndi isə daim erməni silahlı birləşmələrinin atəşi altındadır.Hər zaman düşmən atəşinə məruz qalan kəndlərdən biri də Quşçu Ayrım kəndidir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərinə, orada yaşayan sakinlərə xüsusi diqqət və qayğı ilə yanaşır. İstər yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin olunması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. 

Rayon rəhbərliyi tərəfindən yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq ilk növbədə atəş nöqtələrinə ən yaxın məsafədə yerləşən evlərin qarşısına müdafiə hasarlarının çəkilməsi, düşmən gülləsinə tuş gələn pəncərələrin bağlanması və bunun kimi bir sıra işlər bu dediklərimizin əyani sübutudur.

Bu gün sevindirici hallardan biri isə odur ki, sərhəddə yaşayan sakinlərə rayon rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğı nəinki kənd sakinləri, eləcə də Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.

Rayonda, xüsusən də sərhəd kəndlərində aparılan abadlıq işlərini böyük rəğbətlə qarşılayan və görülən işlərə dəstək olmaq istəyən həmyerlilərimizdən biri də Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşayan sahibkar Allahquliyev Hüseyn Pəsən oğludur. Daş Salahlı kəndində doğulub boya-başa çatan bu eloğlumuz respublikamızda, o cümlədən də Qazaxda görülən işləri hər zaman yüksək qiymətləndirdiyini bildirərək bu işlərə dəstək olmaq istədiyini bildirən zaman rayon rəhbəri yenə də ilk növbədə sərhəddə yaşayan sakinlərin qayğılarını düşündü və düşmən gülləsindən zərər çəkmiş evlərin dam örtüklərinin yenilənməsi təklifini irəli sürdü.

Bəli, bu gün həmin təklif sərhəddə yerləşən Quşçu Ayrım kənd sakinlərinin böyük sevincinə səbəb olub. Belə ki, həmyerlimiz bayram ərəfəsində kənd sakinlərini sevindirib. Dam örtüklərinin yenilənməsi üçün 193 ailəyə 2414 ədəd yeni şifer göndərib.

Bu gün həmin dam örtükləri öz sahiblərinə paylanılıb.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bununla əlaqədar Quşçu Ayrım kəndində olub, sakinlərlə görüşüb. Qarşıdan gələn Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, bu gün nəinki dövlətimiz, ölkə başçımız, eləcə də ürəyi Azərbaycanla, Qazaxla döyünən digər soydaşlarımız da sərhəddə yaşayan sakinlərə qayğı göstərir. Bu gün bizlər bu qayğının bariz nümunəsini sizlərlə birlikdə görürük.

 

İcra başçısı bu gün sakinlər üçün yaşanılan sevincli anlara, eləcə də rayonda görülən işlərə verdiyi qiymətə və dəstəyə görə həmyerlimiz Hüseyn Allahquliyevə kənd sakinləri adından minnətdarlığını çatdırıb.

Sevinc dolu anlar yaşayan kənd sakinləri də ürək sözlərini çatdıraraq hər zaman onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Dam örtüklərinin dəyişdirilməsi üçün etdiyi köməyə görə E.Allahquliyevə təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, bu gün biz sakinlər bizlərə olan qayğını görən zaman daha da ruhlanırıq. Hiss edirik ki, dövlətimiz və dövlət başçımız, həmçinin, rayon rəhbərimiz arxamızda dayanıb. Bu cür həmyerlilərimiz sayəsində diqqət və qayğı ilə əhatə olunuruq. Bu, biz sakinlərə daha da güclü olmağa və düşmən qarşısında rahat şəkildə yaşamağa stimul verir. Ölkə başçısının diqqət və qayğısını hər zaman hiss edən kənd sakinləri Ali Baş Komandanın əmri ilə öz doğma kəndlərini hər an müdafiə etməyə hazır olduqlarını bildiriblər.

Sonra dam örtükləri dəyişdiriləcək sakinlərə yeni şiferlər paylanılıb. Məlumat üçün qeyd edək ki, bu gün 193 ailədən artıq 127-nə təzə şiferlər verilib.


















GOYEZEN.AZ



Facebook-da paylaş