• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün bayram süfrəsi açılıb

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından və qanlarından keçərək şəhidlik zirvəsinə ucalanların xatirəsi hər zaman yüksək tutulur. Respublikamızda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğı özünü Qazax rayonunda da göstərməkdədir. Bu gün düşmənlə 168 km sərhəddi olan, 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalan, Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altında olan Qazax rayonu da yüzlərlə şəhid verib. Bu gün Qazaxın Vətən uğrunda canından keçən 285 nəfər şəhidi var ki, onlardan 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.Bütün respublikamızda olduğu kimi, Qazax rayonunda şəhid ailələri dövlət təminatı ilə əhatə olunub, qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan istifadə edirlər. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında şəhid ailələrinə hər zaman diqqətlə, ehtiramla yanaşılır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov da mütəmadi olaraq Milli Qəhrəmanların və şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, onların problemlərini dinləyir, əlamətdar günlərdə, Ramazan bayramı, Qurban bayramı, Yeni il və Novruz bayramlarında bu kateqoriyadan olan insanlara baş çəkir, mənəvi köməklik göstərir.

Rayonumuzda hər bayram və əziz günlərdə olduğu kimi, Novruz bayramında da şəhid ailələri unudulmayıb, onlar üçün bayram süfrəsi açılıb. Həmin ənənə bu il də davam etdirilib.

Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Birinci Şıxlı kəndindəki "Lalə” şadlıq evində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün təşkil olunmuş bayram tədbirində şəhidlərin yaxınları və doğmaları iştirak edib.

Tədbirdə öncə torpaqlarımız uğrunda canlarından keçən Vətən oğul və qızlarının ruhlarına fatihə surəsi oxunub.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bayram tədbirini giriş sözü ilə açaraq şəhid ailələri və Qarabağ müharibəsi əlillərini Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını bildirərək bol ruzi və bərəkət arzulayıb.

İcra başçısı dövlət və ölkə rəhbəri tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb. Bu istiqamətdə imzalanan Sərəncam və Fərmanlardan danışıb. Qeyd edib ki, ölkə prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 19 aprel 2018-ci il tarixli Fərmanı şəhid ailələrinə olan qayğı deməkdir. Ölkə başçısı bu Fərmanı ilə bir daha sübut etdi ki, şəhid ailələrinin maddi rifah halının yaxşılaşdırılmasını hər şeydən üstün tutur. Rayon rəhbəri dövlət başçısının birdəfəlik ödəmə ilə bağlı Fərmana dəyişiklik etməsini və 11 min manat məbləğində birdəfəlik ödəmənin bütün şəhid ailələrinə şamil edilməsini şəhidlərimizin ailələrinə olan hörmət və ehtiramın əyani sübutu olduğunu bildirib. Vurğulayıb ki, bundan əlavə, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Respublika Prezidentinin Fərmanına əsasən həmin təqaüdün məbləğinin 242 manatdan 300 manata çatdırılması, eyni zamanda, şəhid ailələrinin mənzillərlə təmin olunması istiqamətində də məqsədyönlü işlərin görülməsi, şəhidlərimizə və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

 

Rayon rəhbəri qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən demişəm ki, şəhidlərimizin ruhu mənim üçün hər zaman əzizdir. Onların ailəsi mənim öz doğma ailəmdir. Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, bu, şəhidlərimizin şücaəti sayəsindədir. Biz hər şeyə görə onlara borcluyuq. Onlar bizim aramızda olmasalar da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayırlar. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək isə bizim hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir. Çünki onlar bu millət, bu torpaq uğrunda canlarından keçiblər.

İcra başçısı Qarabağ müharibəsi əlilləri və veteranlarına da həmişə diqqət və qayğı göstərdiyini, onlar üçün əlindən gələni əsirgəmədiyini, qaldırdıqları məsələlərə həssaslıqla yanaşdığını qeyd edib. Bildirib ki, şəhid ailələri kimi rayonumuzda yaşayan müharibə əlilləri və veteranları da dövlət qayğısı ilə tam təmin olunub. Rəcəb Babaşov çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək onların ailə üzvlərini bir daha bayram münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.

Sonra Rəcəb Babaşov bir-bir stollara yaxınlaşaraq şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri ilə görüşüb, onların bayramlarını təbrik edib.






Tədbirdə şəhid atası Sarı Hüseynov və şəhid anası Tamella Süleymanova çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə şəhid ailələri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Onların problemləri ilə yaxından maraqlandığına, bu bayram günlərində onları yaddan çıxartmayaraq bayram süfrəsi ətrafında bir yerə topladığına və öz qayğısını onların üstündən heç zaman əsirgəmədiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova səmimi ürək sözlərini söyləyib, təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, biz təkcə bu gün deyil, hər zaman arxamızda bir güc, bir qüvvə hiss etmişik. Bizlərə həm ata, həm qardaş, həm də oğul hissini yaşatmısınız. Buna görə biz şəhid doğmaları sizə uzun ömür və cansağlığı, bundan sonrakı gələcək işlərinizdə uğurlar arzu edirik.



Şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsdi Ələkbərova, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, Qazax Gənclər Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxış edərək Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi işlərdən söz açıblar. Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə sonsuz təşəkkürlərini ifadə ediblər. Rayon rəhbərliyi tərəfindən hər il təşkil olunan bayram tədbirini yüksək qiymətləndirərək Rayon İcra Hakimiyyətinin başçsı Rəcəb Babaşova bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə iştirak edən gənclərdən Bakı Dövlət Universiteti Qazax filialının tələbələri Fəridə İsgəndərova və Səbinə Camalova, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbəsi Cavid Nağızadə çıxış edərək Qazax rayonunda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş insanların şərəfli ömür yolunun gənclər üçün örnək olduğunu bildiriblər. Qeyd ediblər ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən də biz gənclər öz şəhidlərimizi tanımalı, onların keçdiyi həyat yolunu öyrənməliyik. Vurğulayıblar ki, bu gün biz gənclər rahat şəkildə yaşayırıqsa, azad və firəvan bir ölkənin vətəndaşıyıqsa, bu, siz qəhrəman şəhid analarının Vətən üçün böyütdüyü igid, qəhrəman oğulların şəhidliyi sayəsində mümkün olmuşdur. Biz gənclər bu gün uca və ali zirvəyə - şəhidlik zirvəsinə yüksələn şəhidlərimizlə qürur duyuruq. Hər zaman onların müqəddəsliyi, ruhları qarşısında baş əyirik. Çünki şəhidlər bizim keçmişimizlə gələcəyimizi bizlərə bağışlayan və üçrəngli Azərbaycan bayrağını biz gənclərə əmanət edən dəyərli şəxslərdir. Onları yad etmək, xatirələrini əziz tutmaq biz gənclərin ən ümdə vəzifəsidir. Bu gün biz gənclərin üzərinə elə bir vəzifə düşür ki, onu yerinə yetirməli, ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək Vətəni bizlərə əmanət edən şəhidlərimizin qisasını almalıyıq. Ali Baş Komandanın əmrinə hər an hazır dayanan müsəlləh əsgərlər olmalıyıq.

Bayram şənliyi aşıqlardan Camoy Qurbanovun, Saqif Məzəmlinin, Yaşar Gülümcanovun, Şahin Süleymanovun, gənc müğənni Nəsimi Aşbazovun ifasında səslənən bir-birindən şən-şux musiqi sədaları altında davam edib.












GOYEZEN.AZ



Facebook-da paylaş