Qazaxın sərhəd kəndi Qaymaqlıda yem emalı müəssisəsinin açılışı olub
Bu gün Qazax rayonunun Qaymaqlı kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf
fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi fəaliyyətə
başlayıb. Ümumilikdə, indiyədək birgə
reallaşdırılan SEDA layihəsi çərçivəsində Qazax rayonu da daxil olmaqla 20 yem
emalı müəssisəsi istifadəyə verilib. Bununla əlaqədar İqtisadiyyat Nazirliyinin tabeliyində
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə
keçirilmiş açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, SEDA-nın Gəncə-Qazax region üzrə direktoru Günay Zeynalova, KOBİA-nın İdarə Heyəti sədrinin müavini Elçin
İbrahimov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihə
meneceri Pərviz Musayev, Aslanbəyli, Qaymaqlı və Kəmərli kəndlərində
yaşayan sakinlər, KİV nümayəndələri iştirak ediblər. SEDA-nın Gəncə-Qazax region üzrə direktoru Günay
Zeynalova açılış nitqi ilə çıxış edərək həyata keçirilən layihə və yem emalı müəssisəsi
haqqında ətraflı məlumat verib. Bildirib ki, ərazisi 60 kvadratmetr olan yem
emalı müəssisəsinin tikintisinə 2018-ci ilin noyabrından başlanılıb. SEDA ilə
Qaymaqlı kənd bələdiyyəsi arasında bağlanmış müqavilə əsasında inşa olunan müəssisəyə
Türkiyənin "Karataş” firmasının istehsalı olunan avadanlıqlar alınıb. Azərbaycan
Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin birgə maliyyələşdirdiyi
layihə çərçivəsində tikilən müəssisədə yem emalı üçün istehsal sahəsi və anbar
inşa olunub, hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən və
ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov açılış mərasimində çıxış edərək əvvəlcə qonaqları, kənd sakinlərini və
tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, ən
xoş arzularını çatdırıb. Rayon rəhbəri qeyd edib ki, sizinlə səyyar görüş
zamanı qaldırdığınız yem emalı müəssisəsi ilə bağlı məsələ bu gün öz müsbət həllini
tapır. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmizdə bütün sahələr, o
cümlədən də kənd təsərrüfatı inkişaf edir. Ölkə iqtisadiyyatında daha böyük
uğurlara imza atmaları üçün sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olan
insanlara dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. İcra başçısı açılışını etdiyimiz yem emalı
müəssisəsinin istifadəyə verilməsinin rayon sakinlərinin heyvandarlıq və bitkiçilik
sahəsində fəaliyyətinin genişlənməsinə və yemə olan tələbatın ödənilməsinə
şərait yaradacağını bildirib. Son illər ölkəmizdə, eləcə də Qazaxda aparılan uğurlu
islahatlardan, həyata keçirilən genişmiqyaslı işlərdən söz açan icra başçısı
qeyd edib ki, görülən bütün işlərin arxasında vətəndaş amili dayanır. Son aylar
imzalanan çoxsaylı Sərəncam və Fərmanları qeyd edən rayon rəhbəri əməkhaqqının,
təqaüdlərin, şəhid ailələrinə, müharibə veteranları və əlillərinə, məcburi
köçkün ailələrinə verilən müavinətlərin artırılmasını bu sahədə atılan uğurlu
addımlar kimi qiymətləndirib. "Azərbaycan Respublikası
regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il
tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin Dövlət Proqramı Azərbaycanın
növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir. İcra
başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında
rayonumuzda 11 məktəb binasının tikintisinin, bərpa-gücləndirilmə və əsaslı təmirinin,21 ədəd subartezian quyusunun qazılmasının, Kür çayının sağ sahilində sahilbərkitmə
işlərinin aparılmasının, eləcə də digər məsələlərin nəzərdə tutulduğunu qeyd
edib. Son 3 ildə 41 ədəd subartezian quyusunun qazıldığını diqqətə çatdıran
icra başçısı bu il daha 11 ədəd artezian quyusunun qazılacağını bildirib. Əkin sahələrinin
suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının
ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12
fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu
kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı,
Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı və Çaylı kəndlərinin hər birində 1 ədəd
subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərin içərisində
sərhəddə yerləşən Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin olmasını ölkə
başçısının bu kəndin sakinlərinə olan qayğısı kimi qiymətləndirib. Rayon rəhbəri Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri Orxan Mürsəlov,
Vüqar Hüseynov, Murad Qasımov və Elşən Bayramov tərəfindən Prezident İlham
Əliyevin tapşırığına əsasən dünən rayonumuzda vətəndaşlarla keçirilən görüşdən
də söz açıb. Sakinlərin qaldırdıqları müraciətlərin bir hissəsinin yerindəcə həllini
tapdığını, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun
həlli üçün müvafiq tapşırıqlar verildiyini bildirib. Yem emalı müəssisəsinin
tikintisində əməyi keçən insanlara minnətdarlığını bildirən rayon rəhbəri kənd
sakinlərini açılış münasibətilə bir daha təbrik edib. Ölkə başçısı, Ali Baş
Komandan İlham Əliyevin rəhərliyi altında işğal altında olan Qarabağın, eləcə də
Qazaxın 7 kəndinin tezliklə düşmən tapdağından azad olumasını və bu cür müəssisələrin
həmin kəndlərdə də tikilməsini arzu edib. O günün uzaqda olmadığını vurğulayıb.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti
sədrinin müavini Elçin İbrahimov Azərbaycan Respublikası Prezidentinin
rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun
və regionların inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan
nəticələr barədə məlumat verib. Qeyd edib ki, regionlarda icma əsaslı
biznesyönümlü layihələrin icrası, o cümlədən Qazax rayonunda yem emalı
müəssisəsinin istifadəyə verilməsi bölgədə aqrar sektorun inkişafı və
məşğulluğun artırılmasında əhəmiyyətlidir.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri
Pərviz Musayev bu cür birgə layihələrin əhəmiyyətindən danışıb, regionların
inkişafına töhfə verdiyini qeyd edib. Müəssisənin tikintisində və layihənin
uğurla həyata keçirilməsində yaxından dəstək olduğuna görə rayon rəhbərliyinə və
əməyi keçən insanlara minnətdarlığını çatdırıb. Qaymaqlı kənd sakini Kazım Kazımlı, Kəmərli kənd
sakini Rəhim Rəhimov, Aslanbəyli kənd axundu Asif Seyidov çıxış edərək hər üç
kəndin sakinlərinə xidmət göstərəcək yem emalı müəssisəsinin tikilməsini
minnətdarlıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Səyyar görüş zamanı
qaldırılan bu məsələnin müsbət həllini tapmasını ölkə başçısının vətəndaş
amilinə, sakinlərə verdiyi dəyər kimi qiymətləndiriblər. Bütün kənd sakinləri adından
göstərilən diqqətə, qayğıya görə dövlət başçısı İlham Əliyevə və rayon
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda yem emalı müəssisəsinə baxış keçirilib. Tədbirdə
iştirak edənlər burada yaradılan şəraitlə və istehsal prosesi ilə yaxından
tanış olublar. GOYEZEN.AZ
Facebook-da paylaş