• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı çoxmənzilli binalarda yaşayan sakinləri yel çərşənbəsi münasibətilə təbrik edib


Bu gün böyük bir tikinti meydançasına bənzəyən Qazax rayonunda bütün sahələr inkişaf edir. Kənd təsərrüfatından tutmuş sosial obyektlərin inşası, yeni sənaye müəssisələrinin yaradılması, rayonda yeni iş yerlərinin açılması, demək olar ki, bütün sahələr daim diqqət mərkəzində saxlanılır. Artıq 3 ilə yaxındır ki, rayonda olan bu inkişafı aparılan abadlıq, tikinti-quruculuq işlərindən də aydın şəkildə görmək olar. İstər yeni bağçaların, məktəblərin tikilməsi, istər yeni yolların çəkilməsi, bir sözlə, bütün sahələrdə olan inkişaf nəzərə çarpacaq dərəcədədir.

Qazaxda ölkə başçısının müvafiq Sərəncamları ilə həyata keçirilən işlərdən biri də çoxmənzilli binalarda aparılan təmir işləridir. Həmin Sərəncamların uğurla icra edilməsinin nəticəsidir ki, rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxu təmir olunub.

Ötən il çoxmənzilli yaşayış binalarında aparılan təmir işləri bu il də davam etdirilir. Belə ki, hazırda şəhərin Heydər Əliyev prospektində yerləşən hər biri 4 blokdan, 5 mərtəbədən ibarət olan 173 və 175 saylı, eləcə də 9 mərtəbəli, 2 bloklu 179 saylı, Azadlıq küçəsi 107 saylı binalarda təmir işləri aparılır. Azadlıq küçəsində yerləşən 206A saylı binanın qarşısında isə sakinlərin istəyi nəzərə alınaraq xeyir-şər evi tikilir. Bakı küçəsi 1 ünvanında yerləşən 3 bloklu, 5 mərtəbəli, 30 mənzilli binada isə təmir işləri yekunlaşıb.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dam örtükləri dəyişdiriləcək Azadlıq küçəsi 31, 31 A, 32 və 33 saylı binalarda yaşayan sakinlərlə görüşüb.

32 saylı binanın həyətində sakinlərlə görüşən icra başçısı bütün bina sakinlərini yel çərşənbəsi münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Rayonda həyata keçirilən işlərdən danışan rayon rəhbəri əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ölkə prezidentinin imzaladığı Sərəncamların da sakinlərin rahatlığının təmininə yönəldiyini qeyd edib. Respublikanın şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında imzalanan 4 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. İcra başçısı digər çoxmənzilli binalarda olduğu kimi, ötən il blok və fasadında təmir işləri aparılan bu binaların da dam örtüklərinin dəyişdiriləcəyini və bu gündən işlərə başlanıldığını qeyd edib.

İcra başçısı ilə səmimi söhbət edən bina sakinləri Qazaxda görülən genişmiqyaslı işlərə, vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə də çoxmənzilli binaların təmirinə görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Yaşadıqları binaların təmir olunmasını, indi isə dam örtüklərinin dəyişdirilməsini onlara göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər. Novruz bayramı ərəfəsində binanın dam örtüyünün dəyişdirilməsi xəbərini sevinc hissi ilə qarşıladıqlarını və əsl bayram hədiyyəsi olduğunu bildiriblər.





GOYEZEN.AZ



Facebook-da paylaş