• Təqvim

  • Unutma

  • Maraq



Qazax sakinləri ölkə başçısına minnətdarlıq edirlər


Günü-gündən inkişaf edən, çiçəklənən Azərbaycan bundan sonra da bütün dünyada güclü və lider dövlət kimi tanınacaqdır. Ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində inkişaf etməsi respublikamızın hər yerində olduğu kimi, Qazaxda da böyük rəğbət hissi ilə qarşılanır. Bu gün hər bir qazaxlı nəinki respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən abadlıq və quruculuq işlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımları, icra olunan layihələri, Dövlət Proqramlarını yüksək qiymətləndirir və minnətdarlıq hissi ilə qarşılayırlar. Bunu rayon sakinləri tərəfindən ölkə prezidentinə ünvanlanan saysız-hesabsız müraciətlərdən, minnətdarlıq məktublarından da aydın şəkildə görmək olar. Bütün bu müraciətlər br daha onu göstərir ki, xalq öz prezidentini uğurlu siyasətinə və fəaliyyətinə görə hər zaman dəstəkləyir. 

16 yanvar 2019, Eynal Məmmədov və başqalarından, Qazax, Azərbaycan

Əziz Prezidentimiz.

Əhalinin özünüməşğulluğunun təmin olunması barədə tapşırığının icrası nəticəsində minlərlə aztəminatlı ailə özünüməşğulluq proqramı çərçivəsində verilmiş mal və materiallar hesabına kiçik ailə təsərrüfatlarını qurub. Bizim Qazax rayonunda da aztəminatlı ailələrə belə gözəl imkan yaradılıb. Buna görə çox sevinirik.

Əvvəlcə bizi təlim kursuna cəlb edərək təsərrüfatı necə qurmaq və inkişaf etdirmək üçün bir sıra vacib məlumatları öyrətdilər. Təlim kursu zamanı öz biznes-planlarımızı hazırladıq və sonra onu müdafiə etdik. Bu günlərdə isə bizim biznes-planlarımıza uyğun mal və materiallarla təmin olunduq. Verilən mal və materiallardan razıyıq.

Cənab Prezident, bizlərə olan yüksək diqqət və qayğınıza, aztəminatlı ailələrin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Hörmətlə,

Məmmədov Eynal Yusif oğlu

Sarıyev Araz Məzahir oğlu

Bayramov Həmid Bayram oğlu

Bağırova Sevinc Haykəz qızı

Qasımov Fərhad Səməd oğlu (cəmi: 24 imza)

Azərbaycan Respublikası, Qazax rayonu.  

21 fevral 2019, Ülvi Zeynalovdan, Qazax, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün Sizin rəhbərliyinizlə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür. Hamıya yaxşı məlumdur ki, Azərbaycan dövlətinin sosial siyasətinin təməlində ölkə vətəndaşlarının rifahının yaxşılaşdırılması dayanır.

Ölkəmizdə əhalinin yaşayış səviyyəsi, sosial-iqtisadi vəziyyəti gündən-günə yaxşılaşır. Respublikamızın bütün bölgələrində infrastrukturun təkmilləşdirilməsi istiqamətində intensiv işlər həyata keçirilir. Bu inkişaf prosesi və quruculuq işləri bizim rayonumuzdan da yan keçməyib.

Hər bir azərbaycanlının Prezidenti, dəyərli rəhbərimiz, mən bir gənc kimi aydın görürəm ki, Sizin tapşırıq və tövsiyələrinizə uyğun olaraq aparılan abadlıq-quruculuq işləri sayəsində ölkəmizin qərb qapısı adlandırılan Qazax rayonunun siması tamamilə dəyişib. Yeni salınmış yollar, parklar və xiyabanlar, mövcud binaların əsaslı təmiri, istifadəyə verilən təzə ictimai binalar sakinlərdə doğma torpağa, yurda olan məhəbbəti daha da artırıb.

Rayonumuzda aparılan abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. İndi rayona gələn hər kəs geniş vüsət alan tikinti işlərinin şahidi olur.

Cənab Prezident, əmin olun ki, Azərbaycanın bütün vətəndaşları kimi, biz qazaxlılar da Sizin siyasi xəttinizi dəstəkləyir və daim Sizinləyik. Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür arzulayırıq.

Hörmətlə,

Zeynalov Ülvi Ceyhun oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu. 

23 fevral 2019, Daş Salahlı kəndinin sakinlərindən, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Yaşadığımız Daş Salahlı kəndi Qazax rayonunun ən böyük kəndlərindən biridir. Kəndimizdə 10 mindən artıq əhali yaşayır. Sizin respublikamızda apardığınız məqsədyönlü sosial-iqtisadi siyasət Qazax rayonunda, o cümlədən yaşadığımız Daş Salahlı kəndində uğurla həyata keçirilir.

Sizin sərəncamlarınıza əsasən son dövrlərdə Daş Salahlı kəndində bir sıra mühüm işlər görülüb. Əhalinin elektrik enerjisinə ilə təchizatını yaxşılaşdırmaq üçün Sizin açılışını etdiyiniz Daş Salahlı yarımstansiyasının istifadəyə verilməsi, əhalinin suya olan tələbatını ödəmək məqsədilə 3500 metr uzunluğunda magistral su xəttinin köhnə borularının yeniləri ilə əvəz olunması, əhalinin təbii qaz təchizatının yaxşılaşdırılması üçün 2500 metr uzunluğunda yeni qaz xəttinin magistral xəttə birləşdirilməsi, 1200 kubmetr tutumu olan su anbarının təmiri, hazırda çəkilişi davam edən və kəndimizi həm Bakı-Qırmızı körpü magistral avtomobil yoluna, həm də Qazax-Quşçu Ayrım yoluna birləşdirən 12 kilometrlik asfalt yolun salınması görülən işlər sırasındadır.

Möhtərəm cənab Prezident, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın körpələrə göstərdiyi diqqət və qayğı Daş Salahlı kəndindən də yan keçməyib. Belə ki, Daş Salahlı kəndindəki 20 yerlik 2 saylı, 35 yerlik 3 saylı körpələr evi-uşaq bağçaları yüksək səviyyədə yenidən qurularaq və müasir avadanlıqlarla təmin olunaraq körpələrin istifadəsinə verilib.

Hörmətli cənab Prezident, yuxarıda sadaladığımız və sadalaya bilmədiyimiz digər işlərə görə kənd sakinləri adından, o cümlədən 1 saylı körpələr evi-uşaq bağçasının kollektivi və orada tərbiyə alan uşaqların valideynləri adından Sizə təşəkkürümüzü bildiririk. Həm Sizə, həm də Birinci vitse-prezident Mehriban xanıma gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Daş Salahlı kəndinin bir qrup sakini.

Azərbaycan Respublikası, Qazax rayonu.

02 mart 2019, Razim İbrahimovdan, Qazax, Azərbaycan

Hörmətli cənab Prezident.

Son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər hər bir vətəndaşımızda böyük ruh yüksəkliyi yaradıb. Sizin Sərəncamınızla 2019-cu il martın 1-dən minimum aylıq əməkhaqqının artırılması xalça toxucularını da əhatə edəcək, onların rifah halının yüksəlməsinə müsbət təsir göstərəcək.

Əziz Prezidentimiz, Siz Azərbaycan xalçaçılarına hər zaman yüksək diqqət və qayğı göstərirsiniz. Respublikamızın bölgələrində xalçaçılar üçün yaratdığınız emalatxanaların dünyada analoqu yoxdur. Azərbaycanda xalçaçılıq sənətinin yaşadılması Sizin xalqımız qarşısındakı tarixi xidmətlərinizdən biridir.

Bütün bunlara görə, Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, göstərdiyiniz böyük diqqət və qayğının müqabilində daha yaxşı işləyəcək, bu sənətin yaşadılması, inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

"Azərxalça” ASC-nin Qazax filialının kollektivi adından dərin hörmətlə,

İbrahimov Razim Nazim oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu.

04 mart 2019, Raqif İsmayılovdan, Qazax, Azərbaycan

Hörmətli Prezident cənab İlham Əliyev.

İlk növbədə, bir Azərbaycan vətəndaşı kimi ailəmiz adından Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm. Siz müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan unudulmaz dahi şəxsiyyət, ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi islahatları çox böyük uğurla davam etdirirsiniz. Verdiyiniz hər bir fərman, sərəncam xalqımızın rifah halının gündən-günə yaxşılaşmasına öz müsbət təsirini göstərir. Azərbaycan xalqı bir daha əmin oldu ki, dövlətimizin sükanı etibarlı əllərdədir, ölkənin hər bir gəncinin taleyini xoş günlər gözləyir.

Minimum əməkhaqqının, pensiya və sosial müavinətlərin artırılması, vətəndaşların problemli kreditlərinin həlli ilə əlaqədar imzaladığınız fərman və sərəncamlar Azərbaycanda inqilabi dəyişikliklərə gətirib çıxaracaq. Əlbəttə ki, bu, dövlətimizin başçısının hər zaman xalqına olan diqqəti və qayğısı kimi qiymətləndirilir. Xalqımız bir daha əmin oldu ki, Prezidentimiz hər zaman xalqın həyat səviyyəsinin yüksəldilməsi, onun xoş gələcəyi üçün çalışır. Bu da Azərbaycanda demokratiyanın əyani güzgüsüdür.

Hörmətli cənab Prezident, mən hər zaman Sizin siyasətinizi dəstəkləmişəm. Yaşasın, xalqın seçimi və hər zaman ümidi olan cənab İlham Əliyev!

Hörmətlə,

İsmayılov Raqif Yaşar oğlu.

Azərbaycan Respublikası, Qazax rayonu.

 




Facebook-da paylaş