Prezident İlham Əliyev: Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük uğurlar qazanır
Öz mədəniyyətini qoruyan dövlətlər həm hörmətə layiqdir, həm də daha böyük
uğurlar qazanır. Bax, biz o dövlətlərdənik. Bizim mədəniyyətimiz qürur
mənbəyimizdir. Biz mədəniyyətimizi qoruyuruq və çox şadam ki, çox gözəl gənc
nəsil yetişir. Bizim gənc nəsil artıq həm müasir musiqini öyrənir, həm də öz
milli köklərinə çox sadiqdir. Azərbaycanda keçirilən, həm yerli, həm də
beynəlxalq iştirakçıların qatıldığı muğam festivalları, muğam müsabiqələri çox
böyük maraq doğurur və bütün bölgələrdən olan gənclər, uşaqlar, yeniyetmələr
çalışırlar ki, o müsabiqələrdə iştirak etsinlər, özlərini göstərsinlər. Bu çox
əlamətdar hadisədir.
GOYEZEN.AZ AZƏRTAC-a
istinadən xəbər
verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan
çıxmış 78-ci kitabında yer alan bu fikirlər dövlətimizin başçısının 2017-ci il
fevralın 2-də görkəmli dirijor maestro Niyazinin abidəsinin açılış
mərasimindəki çıxışından götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı
materiallar 2016-cı ilin dekabrından 2017-ci ilin mart ayınadək olan dövrü
əhatə edir.
Kitaba Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirak etmək üçün
İsveçrəyə işgüzar səfəri və Davosda keçirdiyi görüşlər barədə informasiyalar,
Forumun "İpək yolunun səmərəsi” mövzusunda interaktiv iclasında çıxışının
mətni, Almaniyaya işgüzar səfəri zamanı Münxen Təhlükəsizlik Konfransı
çərçivəsində "Qiymətlərin sabitləşməsinə doğru: OPEC-in qayıdışı və neft
geosiyasəti” mövzusunda dəyirmi masada, "Avrasiyada əməkdaşlıq və problemlər”
adlı panel müzakirədə çıxışlarının mətnləri daxil edilib. Panel müzakirədə
dövlətimizin başçısı dünyanın diqqətini bir daha Qarabağ məsələsinə yönəldərək
problemin ədalətli həllinə çağırış edib və bu məsələlərlə bağlı sualları
cavablandırıb. Nəşrdə, həmçinin Azərbaycan Prezidentinin Belçika Krallığına,
Qətər Dövlətinə və Pakistan İslam Respublikasına səfərlərinə dair materiallar,
İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışının mətni
yer alıb.
Çoxcildliyin 78-ci kitabında Prezident İlham Əliyevin ABŞ, Peru,
Finlandiya, Estoniya, Fransa, İran, Pakistan və digər dövlətlərin, beynəlxalq
təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə
dair materiallar da verilib.
Oxucular bu kitabda ölkə rəhbərinin Əl-Cəzirə televiziyasına geniş
müsahibəsinin mətni ilə tanış ola bilərlər.
Nəşrdə dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına səfəri,
Ordubad, Culfa və Şahbuz rayonlarında, habelə ölkəmizin paytaxtında sosial
infrastruktur obyektlərinin açılışında iştirakına, ictimaiyyət nümayəndələri
ilə görüşlərinə, eləcə də Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailəsi
ilə görüşünə dair informasiyalar toplanıb.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında,
"Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda, "Cənub Qaz
Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin üçüncü toplantısında
söylədiyi nitqlərin mətnləri də bu nəşrə daxil edilib.
Kitabda "Qeydlər”, "Şəxsi adlar”, "Coğrafi adlar” göstəriciləri verilib.
"Azərnəşr” tərəfindən buraxılan 78-ci kitabın hazırlanmasında Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)
materiallarından istifadə olunub.
Facebook-da paylaş