• Təqvim

  • Unutma

  • Maraq



Bala Çaylı kəndində səyyar görüş keçirilib


Hər həftə keçirilən və vətəndaş qayğılarının həllinə yönələn növbəti səyyar görüş bu gün Bala Çaylı kəndində keçirilib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ötən ildə həyata keçirilən məqsədyönlü işlərdən, qarşıda duran vəzifələrdən danışılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, dövlət başçısının tapşırığına əsasən bu ilin proqramına uyğun olaraq birinci dəfədir ki, sizinlə səyyar görüşümüz keçirilir. Hər bir görüşdə olduğu kimi məqsədimiz siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq keçirilən görüşlər bir amala xidmət edir ki, arxasında xalqa xidmət dayanır.

Ölkə prezidentinin rəhbərliyi altında son illər, xüsusilə də 2018-ci ildə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin Qazax rayonunda da uğurla həyata keçirildiyni qeyd edən icra başçısı yeni ildə daha böyük nailiyyətlərin qazanılacağını bildirib. Rayon rəhbəri qeyd edib ki, Qazaxda nəinki abadlıq işləri aparılıb, eləcə də bütün sahələrdə - kənd təsərrüatında, sosial obyektlərin inşasında, yeni iş yerlərinin yaradılmasında, sənayeləşmədə uğurlu nəticələr əldə olunub.

"2019-cu ilin islahatlar və inqilabi inkişaf ili” kimi yadda qalacağını qeyd edən rayon rəhbəri ilk 2 ayda ölkə başçısı tərəfindən həyata keçirilən işlərdən, imzalanan Sərəncam və Fərmanlardan söz açıb. Qeyd edib ki, 2019-cu ildə atılan ilk uğurlu addım o oldu ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin imzaladığı 19 aprel 2018-ci il tarixli Fərmanına dəyişiklik olundu və 11 min manat məbləğində birdəfəlik ödəmə bütün şəhid ailələrinə şamil edildi. Bundan əlavə, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Respublika Prezidentinin Fərmanına əsasən həmin təqaüdün məbləği 242 manatdan 300 manata çatdırıldı. Eyni zamanda, şəhid ailələrinin mənzillərlə təmin olunması istiqamətində də məqsədyönlü işlər görülür. Bütün bunlar isə şəhidlərimizə və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışan rayon rəhbəri istər təqaüdlərin, istər əməkhaqqının artırılması ilə bağlı imzalanan Sərəncam və Fərmanların bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib.

Rayon rəhbəri qeyd edib ki, Qarabağ müharibəsi əlilləri, veteranları, Əfqanıstan müharibəsi iştirakçıları, məcburi köçkün ailələri də diqqətdən kənarda qalmadılar. Onların müavinətlərinin artırılması ilə bağlı ölkə başçısı tərəfindən imzalanan Sərəncamlar göstərdi ki, dövlət hər zaman bu qəbildən olan insanlara qayğı ilə yanaşır və bu, bundan sonra da belə olacaqdır.

İcra başçısı qeyd edib ki, minimum təqaüdün 116 manatdan 160 manata, əməkhaqqının 130 manatdan 180 manata çatdırılması, bu gün problemli kreditlərlə bağlı 28 fevral 2019-cu il tarixli Fərmanın imzalanması isə bir daha onu sübut etdi ki, görülən bütün işlərin mərkəzində həmişə vətəndaş amili dayanır. Dövlət başçısının hər zaman sadə vətəndaşın yanında olduğunu göstərdi.

Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxın 7 kəndi – Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri işğal altındadır və həmin kəndlərdən 900-ə yaxın məcburi köçkün ailəsi var. Qazaxbəyli kəndində həmin məcburi köçkün ailələri üçün 304 mənzildən ibarət salınmış qəsəbədə yaradılan şəraitdən söz açan rayon rəhbəri dövlət tərəfindən göstərilən qayğıdan danışıb. Qeyd edib ki, həmin qayğının nəticəsidir ki, əlavə 300-ə yaxın məcburi küçkün ailəsinin mənzillə təmin olunması üçün yeni binaların inşa olunması nəzərdə tutulub.


Əhalinin məşğulluğunun təmin olunması istiqamətində dövlət başçısı tərəfindən görülən işlərdən və bu sahəyə xüsusi diqqətin ayrılmasından söz açan rayon rəhbəri ölkə başçısının tapşırığına əsasən 290 nəfər rayon sakininin ictimai işə cəlb olunduğunu qeyd edib. Həmin işçilərin böyük əksəriyyətinin şəhərin təmizliyinə xidmət göstərdiyini vurğulayıb.

Respublika Prezidentinin təhsil sahəsinə göstərdiyi qayğıdan söz açan rayon rəhbəri tələbə təqaüdlərinin artırılmasından da danışıb. Qeyd edib ki, ölkə başçısının gələcəyimiz olan gənclərə hər zaman qayğı ilə yanaşmasının bariz nümunəsidir ki, bu gün ödənişli əsaslarla təhsil alan tələbələr belə təqaüd alırlar. İcra başçısı rayonda 574 nəfər tələbənin təqaüd artımı ilə bağlı Sərəncamdan yararlandığını bildirib.

Təhsil sahəsində qazanılan nailiyyətlərdən danışan icra başçısı "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin rayonda uğurla icra edildiyini qeyd edib. Həmin layihənin əyani sübutu kimi əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdlərin istifadəsinə veriməsini nümunə göstərib. Bundan əlavə, rayon rəhbəri vurğulayıb ki, sevindirici haldır ki, məktəblilərimiz də əldə etdikləri uğurlarla təhsil sahəsinə olan qayğını doğrultmağa çalışırlar. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması bunu bir daha sübut etdi. Bala Çaylı kənd tam orta məktəbi bitirən 17 nəfər məzundan 10 nəfərin ali məktəbə qəbul olduğunu qeyd edən rayon rəhbəri bu uğurda onların payının da olduğunu diqqətə çatdırıb.

Səhiyyə sahəsinə göstərilən qayğıdan danışan icra başçısı "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən hər il fevralın 12-dən may ayının 12-dək təşkil olunan əhalinin tibbi müayinəsi aksiyasının həmin məqsədyönlü tədbirlərin bariz nümunəsi olduğunu bildirib. Ardıcıl olaraq altıncı ildir ki, həyata keçirilən bu xeyirxah aksiyanın rayonumuzda da uğurla həyata keçirildiyini qeyd edib. Rayon sakinlərinin tibb müəssisələrinə gələrək müayinədən keçdiyini, dövlət tərəfindən yaradılmış bu şəraitdən yararlanaraq aksiyada fəal iştirak etdiklərini bildirib.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlar əldə etməsindən xəbər verir. İcra başçısı Dövlət Proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planında rayonumuzun Qaymaqlı kəndində yeni məktəbin tikintisinin, Kosalar kənd tam orta məktəbin bərpa-gücləndirilməsinin və əsaslı təmirinin, Orta Salahlı kənd tam orta məktəbin tikintisinin, Sarıvəlli kənd tam orta məktəbin tikintisinin, İkinci Şıxlı kənd tam orta məktəbin əsaslı təmirinin, Qazax şəhər 5 nömrəli tam orta məktəbin əsaslı təmirinin, Çaylı kənd 1 nömrəli tam orta məktəbin əsaslı təmirinin, məktəb-liseyin əsaslı təmirinin də qeyd edildiyini bildirib. Dövlət Proqramına uyğun olaraq bu ildən təmir-tikinti işlərinə başlanılacağını qeyd edib.

Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən Qazaxda görülən məqsədyönlü işlərdən də söz açıb. Son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu olduğunu bildirib. 2018-ci ildə yol infrastrukturu ilə bağlı görülən işlərin 2019-cu ildə də uğurla davam etdiriləcəyini və Dövlət Proqramında da öz əksini tapdığını qeyd edib. Hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən qurulmasını bu dediklərimizin əyani sübutu olduğunu bildirib. Artıq uzunluğu 4,5 km olan Ürkməzli-Dəmirçilər avtomobil yolunun çəkilərək sakinlərin istifadəsinə verildiyini, Daş Salahlı kəndində uzunluğu 11,5 km olan yeni asfalt yolun çəkilişinin isə davam etdiyini qeyd edib.

Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 19-nun müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Bildirib ki, bu gün bir neçə kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də Bala Çaylı kəndidir. Rayon rəhbəri bu kənddə də bağçanın açılması üçün məqsədyönlü işlərin görülməsinin nəzərdə tutulduğunu qeyd edib.

Rayon rəhbəri  uzun illərdən bəri mövcud olan su probleminin də tədricən aradan qaldırıldığını bildirib. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində son illər rayonun Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkildiyini qeyd edib. 2017-2018-ci illərdə rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Respublika Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamını həmin məqsədyönlü işlərin əyani sübutu kimi dəyərləndirib. İcra başçısı həmin Sərəncama əsasən rayonun Cəfərli, Xanlıqlar, Canalı, Kosalar, Dəmirçilər, Bala Çaylı, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı  Çaylı kəndlərinin hər birində 1 ədəd subartezian quyularının qazılacağını bildirib. Rayon rəhbəri həmin kəndlərdən birinin məhz Bala Çaylı kəndi olduğunu qeyd edərək yeni subartezian quyusunun qazılmasını suvarma ilə bağlı problemin aradan qaldırılması kimi qiymətləndirib.

 

Suvarma arx və kanallarında aparılan təmizlik işlərindən söz açan rayon rəhbəri qeyd edib ki, 2019-cu ildə 266,58 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Bunun da 140,13 km-i əl əməyi, 126,45 km-i isə texnika vasitəsilə həyata keçirilməsi planlaşdırılır. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də bu rəqəmin artacağı gözlənilir. Hazırda bu gün ümumi rayon üzrə 282,17 km arxın təmizləndiyini qeyd edən rayon rəhbəri bildirib ki, bunun 149,74 km-i əl əməyi, 132,43 km-i isə texnika vasitəsilə həyata keçirilib. Rayon rəhbərinə məlumat verilib ki, Bala Çaylı kəndində 9,4 km nəzərdə tutulduğu halda 9,9 km arx və kanallarda təmizlik işi aparılıb. Bunun da 6,3 km-i texnika, 3,6 km-i isə əl əməyi ilə olmaqla həyata keçirilib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən də söz açıb. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib.

Sonra "Bugünkü görüşümüzün də əsas məqsədi sizləri dinləməkdir”, - deyə müraciət edən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 
Sakinlərdən Pakizə Süleymanova, Humayə Məmmədova, Maarif Bağırov, Güləbatın Vəliyeva, Rasim Nağıyev, Şəfaqət Omarova, Zenfira Bənnayeva, Arif Mirzəliyev, Məmməd Qocayev, Rafiq Alıyev, Samirə Omarova çıxış edərək rayonda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlər tərəfindən səsləndirilən ev təmirinə köməklik olunması, artezian quyusunun qazılması, məktəbin qarşısındakı asfalt yola tramplin qoyulması, digər səpkili müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.











GOYEZEN.AZ

 



Facebook-da paylaş