Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 26-cı bəndini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət
haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə
əsasən və Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə
komplektləşdirmək məqsədi ilə qərara alıram:
1. 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin
gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə
doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan
möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad
edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il aprelin 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.
2. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini
keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il aprelin 1-dən
30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 fevral 2019-cu il.
Facebook-da paylaş