• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı məktəbliləri qəbul edib


Bu gün rayon rəhbərliyi tərəfindən bir çox sahələrə olduğu kimi, təhsil sahəsinə göstərilən diqqət və qayğı hər kəsə yaxşı məlumdur. İcra başçısının rəhbər kimi təyin olunduğu ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, müəllimlərə, şagirdlərə, xüsusi istedadı ilə fərqlənən gənclərə hər zaman qayğı ilə yanaşması bu dediklərimizin əyani göstəricisidir.

Rayon rəhbərinin Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunmuş "Cəzasız cinayət” adlı ədəbi-bədii kompozisiyada fəal iştirak edən məktəbliləri qəbul etməsi, onlarla görüşməsi də bu qayğının bariz nümunəsidir. Demək olar ki, rayon rəhbərliyi tərəfindən keçirilən bu cür görüşlər artıq bir ənənə şəklini alıb.

İcra Hakimiyyətində keçirilən görüşdə A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin şagirdləri, Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvləri və dərnək rəhbəri iştirak edib.   

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək Xocalı faciəsinin Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olduğunu bildirib. Qeyd edib ki, Xocalıda baş verənlər, günahsız insanlara yaşadılan ağrı-acılar o qədər dəhşətlidir ki, illər ötsə belə Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaqdır. Xocalı faciəsi elə bir yaradır ki, illər keçsə də hər zaman bizləri sızladacaqdır.

Mərkəzin dərnək üzvləri tərəfindən Azərbaycanın ilk işğal olunmuş kəndi Bağanıs Ayrım kəndinə, eləcə də Xocalı faciəsinə həsr etdikləri "Əsgərana gedən yol” adlı ədəbi-bədii kompozisiyadan söz açan rayon rəhbəri öz fikirlərini bölüşüb və uşaqların çıxışlarını yüksək qiymətləndirib. Qeyd edib ki, məktəblilərin yaşlarının az olmasına baxmayaraq o ağrı və acıları olduğu kimi yaşamaları, düşmənə olan nifrət hissini yüksək peşəkarlıqla insanlara çatdırmaları bir daha sübut etdi ki, yetişməkdə olan gənc nəsil vətənpərvər ruhda tərbiyə olunur. Ən əsası da xalqının başına gətirilənlərə biganə qalmayaraq böyüyür və öz tarixi keçmişinə sahib çıxmağı bacarır.

İcra başçısı bildirib ki, bu gün bu gözəl balaları qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.

Sonda tədbirdə çıxışlarına görə fərqlənən hər bir şagirdə təşəkkürünü çatdıran rayon rəhbəri onlara dərslərində daha böyük müvəffəqiyyətlər qazanmalarını arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, gənc rəssam Akif Əmirov çıxış edərək keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, sizlərin hər bir tədbirdən sonra məktəblilərlə, tədbir iştirakçıları ilə keçirdiyiniz görüşlər nəinki onlara böyük stimul verir, bu, eyni zamanda, uşaqlara olan sonsuz diqqət və qayğının bariz nümunəsidir. Gənc rəssam Qazaxda təşkil olunan bütün sərgilərin, tədbirlərin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən qayğıya görə rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova, mərkəzin bədii qiraət dərnəyinin rəhbəri Xədicə Kazımova, Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin direktoru Söylü Xəlilova çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, onlara göstərilən bu səmimi münasibətə görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün istər müəllimlərin, istərsə də şagirdlərin əməyinə verilən ən böyük qiymət olduğunu qeyd ediblər.

Səmimi söhbət əsasında keçən görüşdə məktəblilərə hədiyyə təqdim olunub və sonda xatirə şəkli çəkdirilib.








GOYEZEN.AZ



Facebook-da paylaş