Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək və bu tədbirlərin əhatə
dairəsini daha da genişləndirmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi aşağıdakılarla bağlı normativ hüquqi aktların layihələrini
on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin: 1.1. yaşa görə sosial müavinətin məbləğinin 130 manata
çatdırılması; 1.2. sosial müavinətin məbləğinin I qrup əlilliyə görə
150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110
manata çatdırılması; 1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara
sosial müavinətin məbləğinin 150 manata çatdırılması; 1.4. ailə başçısını itirməyə görə sosial müavinətin
məbləğinin 80 manata çatdırılması; 1.5. valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) sosial müavinətin məbləğinin
100 manata çatdırılması; 1.6. müddətli həqiqi hərbi xidmət qulluqçularının
uşaqlarına sosial müavinətin məbləğinin 100 manata çatdırılması; 1.7. beşdən çox uşağı olan qadınlara sosial müavinətin
məbləğinin hər uşaq üçün 55 manata çatdırılması; 1.8. uşağın anadan olmasına görə sosial müavinətin
məbləğinin 200 manata çatdırılması; 1.9. dəfn üçün ödənilən sosial müavinətin məbləğinin
300 manata çatdırılması; 1.10. I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud
18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə
əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi; 1.11. müharibə veteranlarına kommunal, nəqliyyat və
digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət
etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə
əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi; 1.12. müharibə əlillərinə Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 250 manata, II qrup
əlilliyə görə 230 manata, III qrup əlilliyə görə 210 manata çatdırılması; 1.13. əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə
xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada
olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş
verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə
(gözdən əlillər istisna olmaqla) şamil olunması və məbləğinin 100 manata
çatdırılması; 1.14. 1941–1945-ci illər Böyük Vətən müharibəsi
iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin
mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və
"Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş
nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün məbləğinin 150 manata çatdırılması. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 25 fevral 2019-cu il.
Facebook-da paylaş