• Təqvim

  • Unutma

  • Maraq



Bala Cəfərli kəndində sakinlərlə səyyar görüş keçirilib

 

"Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir”. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Bala Сəfərli kənd sakinləri ilə keçirdiyi səyyar görüşdə bu fikir səslənib. Bəli, bu gün Qazax rayonunun nəinki Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Sofulu, Xeyrımlı, Qızılhacılı kimi 7 kəndi işğal altındadır. Eləcə də rayonun bir neçə kəndi hər an düşmən gülləsinin atəşinə məruz qalır. Düşmənlə ən yaxın məsafədə yerləşən kəndlərdən biri də Bala Cəfərli kəndidir. Bu gün rayonun bütün sərhəd kəndləri kimi, Bala Cəfərli kəndi də sərhəddə yerləşməsinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır. Son 2 il yarımda göstərilən diqqət və qayğının nəticəsidir ki, kənd günü-gündən inkişaf edir, dövlət qayğısı ilə tam təmin olunmuş kənd sakinləri təsərrüfat və heyvandarlıqla məşğul olurlar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən bütün sərhəd kəndlərinə, o cümlədən də Bala Cəfərli kəndinə, orada yaşayan sakinlərə xüsusi qayğı ilə yanaşır. Rayon rəhbərinin mütəmadi olaraq kənddə olması, sakinlərin qayğıları ilə maraqlanması, onlar tərəfindən qaldırılan hər bir məsələyə xüsusi həssaslıqla yanaşması həmin qayğının bariz nümunəsidir.


Rayon rəhbəri bu gün də proqrama uyğun olaraq Bala Cəfərli kəndinin sakinləri ilə səyyar görüş keçirib. Aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə kənd sakinləri həmişə olduğu kimi rayon rəhbərini böyük səmimiyyətlə qarşılayıblar.

Rayon rəhbəri görüşdə çıxış edərək bütün kənd sakinlərini salamlayıb, keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb.

İcra başçısı bildirib ki, bu il birinci dəfədir ki, sizinlə belə səyyar görüşümüz keçirilir. Məqsədimiz sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. "Ölkə başçısı İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili mənim fəaliyyətimin də əsasını təşkil edir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bununla əlaqədar rəsmi qəbul günündən başqa fərdi qəbullar da keçirir, tez-tez sizin görüşünüzə də gəlirəm”, - deyən rayon rəhbəri bugünkü görüşün də məhz o məqsədə xidmət etdiyini qeyd edib.

Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsini qeyd edən icra başçısı rayonumuzda bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. Qeyd edib ki, rayonda genişmiqyaslı quruculuq işləri aparılır, yeni iş yerlərinin yaradılması ilə bağlı çox ciddi tədbirlər görülür.

 

İcra başçısı son iki il yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonumuz 2018-ci ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlərdən də görmək olar.

Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

Rayon rəhbəri qeyd edib ki, bu gün Qazaxda bir məsələnin köklü şəkildə həllinə böyük ehtiyac vardı ki, həmin məsələ də ölkə başçısının diqqəti, qayğısı sayəsində öz əksini tapır. Su-kanalizasiya sistemi yenidən qurulur. Bunun üçün lazımi işlərin görüldüyünü qeyd edən icra başçısı bununla bağlı layihənin təqdimat mərasiminin keçirildiyini də diqqətə çatdırıb.

"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanından söz açan icra başçısı bildirib ki, həmin dövlət proqramı Azərbaycanın növbəti 5 il ərzində daha böyük uğurlara imza atacağından xəbər verir. Vətəndaşların rifah halının, yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət proqramının qəbul olunmasını yüksək qiymətləndirən icra başçısı həmin proqrama əsasən 2019-cu ildə də genişmiqyaslı işlərin görüləcəyini diqqətə çatdırıb.

 

Rayon rəhbəri bildirib ki, son iki il yarımda gördüyümüz işlərdən biri də uzun illərdən bəri mövcud olan su probleminin aradan qaldırılması oldu. Həyata keçirdiyimiz məqsədyönlü işlər sayəsində artıq Qazaxbəyli, Ürkməzli, Xanlıqlar, Alpout, Kəmərli, Orta Salahlı, Daş Salahlı, Bala Cəfərli, Ağköynək, Qarapapaq, Çaylı, Bala Çaylı kəndlərinə içməli su çəkilib. 2017-2018-ci illərdə rayonda su ilə bağlı görülən işləri, xüsusilə də artezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini bildirib.

Rayon rəhbəri yola saldığımız 2018-ci ilin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə də yadda qaldığını vurğulayıb. Son iki il yarımda rayonda mövcud olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 100-dən çoxunun təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsini yüksək dəyərləndirib. Həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə daha 4 binada təmir işlərinin aparıldığını diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında ölkə prezidentinin 4 fevral 2019-cu il tarixli Sərəncamı bu sahədə görülən işlərin bundan sonra da uğurla həyata keçirilməsindən xəbər verir.

 

Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanları bu istiqamətdə görülən işlərə nümunə göstərib. Qeyd edib ki, dövlət başçısının ötən ay imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Fərmanı, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli Fərmanı Azərbaycanda şəhidlərimizə, onların ailə üzvlərinə olan yüksək diqqət və qayğını, verilən dəyəri bir daha sübut etdi.

Kənd sakinlərindən İradə Mehdiyeva, Ceyhun Rəhimov, ağsaqqal Telman Kosayev, Nuriyyə Qasımova, Murad Kosayev, Vəli Vəliyev, Vəsilə Salamatova çıxış edərək sərhəd kəndlərinin sakinlərinə göstərdiyi böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə, onlarla mütəmadi olaraq görüşə gəldiyinə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər.

Səmimi söhbət əsasında keçən səyyar görüşdə minnətdarlıq dolu sözlərlə yanaşı, sakinləri narahat edən məsələlərdən, qayğılardan da söz açılıb. Sakinlər kənddə daha bir ədəd artezian quyusunun qazılması, internet və rabitə xəttinin optik kabelləşməsi, kənddəki göldə balıq ovuna icazə verilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Sakinlərin qaldırdıqları məsələləri diqqətlə dinləyən rayon rəhbəri hər bir məsələyə diqqətlə baxılacağını bildirib. Göldə balıq ovunun isə təhlükəli olduğunu qeyd edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bundan sonra da tez-tez görüşə gələcəyini bildirərək kənd sakinlərinə gələcək işlərində uğurlar arzulayıb.





GOYEZEN.AZ


<!-- [if !supportLineBreakNewLine] -->
<!-- [endif] -->

 



Facebook-da paylaş