• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar toplantı və layihənin təqdimat mərasimi keçirilib


Bu gün Qazax Rayon İcra Hakimiyyətində şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar toplantı və layihənin təqdimat mərasimi keçirilib.

Toplantıda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, "Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov, "Sukanal” ETLİ-nin Su mənbələrinin tədqiqi və işlənməsi şöbəsinin rəisi Elkin Rüstəmov, "Birləşmiş Sukanal” MMC-nin direktoru Ramil Sadıqov, Layihə İdarəetmə qrupunun rəhbəri Arzuman Bayramov, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tikinti üzrə direktor müavini Anar Məmmədov və layihə üzrə digər nümayəndələr, şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət yaradılmış komissiyanın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov toplantını giriş sözü ilə açaraq qonaqları salamlayıb, rayonumuz üçün əlamətdar olan bugünkü gün münasibətilə toplantı iştirakçılarını təbrik edib. Respublika Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu islahatlardan, layihələrdən söz açan icra başçısı bu gün nəinki paytaxt Bakının, eləcə də bütün bölgələrimizin gündən-günə inkişaf etdiyini qeyd edib. Rayon rəhbəri son iki il yarımda Qazaxda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, həyata keçirilən məqsədyönlü tədbirlərdən danışaraq bildirib ki, bu gün rayonun həlli vacib olan məsələlərindən biri su-kanalizasiya sisteminin yenidən qurulmasıdır ki, bu məsələ də ölkə başçısının diqqət və qayğısı sayəsində öz müsbət həllini tapır.

Bu gün Qazaxın tarixində əlamətdar bir gün yaşandığını qeyd edən icra başçısı şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə, "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova rayon ictimaiyyəti, ağsaqqallar və ziyalılar adından öz dərin minnətdarlığını bildirib.

Bu gün respublikamızın ən ucqar rayonu olan, xüsusilə də düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda bu əlamətdar günün yaşanmasının ölkə başçısı tərəfindən qazaxlılara verilən ən böyük dəyər olduğunu vurğulayıb. Uzun illərdən bəri mövcud olan bu məsələnin köklü şəkildə həll olunmasını vətəndaşlara göstərilən qayğının əyani təzahürü kimi qiymətləndirib.

Sonra icra başçısı Qazax şəhərində su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması, kommunikasiya xətlərinin təhlükəsizliyinin və qorunmasının təmin olunması, işlərin layihədə nəzərdə tutulmuş mərhələlərlə yerinə yetirilməsi, həmçinin, işlərin keyfiyyətlə həyata keçirilməsi məqsədilə komissiyanın yaradılması barədə 9-21/30 nömrəli 4 fevral 2019-cu il tarixli Sərəncam imzaladığını bildirib. Rayon rəhbəri qeyd edib ki, həmin Sərəncama əsasən aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərindən, rayon ağsaqqallarından, ziyalılarından ibarət komissiyanın yaradılmasında əsas məqsəd şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması zamanı görülən işlərə dəstək vermək, layihənin təşkilatçılarına yardımçı olmaq, öz təklif və tövsiyələrimizi verməkdir.

Layihənin həyata keçiriləcəyi müddət ərzində hər bir təşkilat tərəfindən dəstək olunacağını qeyd edən icra başçısı bütün işçilərə uğurlar arzulayıb.


"Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov çıxış edərək toplantı iştirakçılarını salamlayıb və "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun səmimi arzularını çatdırıb. Respublikamızda əhalinin içməli su və müasir kanalizasiya sistemi ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan natiq son dövrlər ölkə başçısının bu sahədə imzaladığı çoxsaylı sərəncam və fərmanları qeyd edib. Bölgələrdə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzlərinin içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb. Qazaxda da su-kanalizasiya sisteminin yenidən qurulmasını bu sahədə görülən işlərin davamı olduğunu bildirib.

Sədr müavini bütün bölgələrdə olduğu kimi, Qazaxda da bu layihənin uğurla başa çatdırılacağını və bunun üçün lazımi işlərin görüldüyünü bildirib. "Azərsu” ASC, eləcə də digər aidiyyəti təşkilatlar tərəfindən tam nəzarət olunacağını və həyata keçirilən bütün işlərin yüksək keyfiyyətlə yerinə yetiriləcəyini qeyd edib.

E.Məmmədov bildirib ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. Xüsusilə də rayonda su-kanalizasiya sisteminin çəkilişi ilə bağlı rayon rəhbərliyi tərəfindən komissiyanın yaradılmasını yüksək qiymətləndirən sədr müavini hər bir komissiya üzvünün fikirlərindən bəhrələnəcəklərini, onların təklif və tövsiyələrinə baxılacağını da qeyd edib.

Sədr müavini onlara göstərilən səmimi münasibətə, layihənin uğurla başa çatdırılması üçün verilən dəstəyə, diqqət və qayğıya görə "Azərsu” ASC-nin kollektivi adından rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra Qazax şəhərinin su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin tikintisi layihəsinin təqdimatı olub.

Təqdimat zamanı bildirilib ki, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılacaqdır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılmasının nəzərdə tutulduğu qeyd olunub. Bütün işlərin tikinti normalarına uyğun olaraq aparılacağı və məsələlərin xüsusi proqramda da əksini tapdığı vurğulanıb.

Geniş müzakirələr şəraitində keçən təqdimatdan sonra toplantı iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb.

Komissiya üzvlərindən Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Qazax rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidənqurulması layihəsinin rəhbəri Sədi Namazov, rayon ağsaqqallarından Qasım Əliyev, ziyalılardan Tahirə Comərdova çıxış edərək Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlılar adından öz dərin minnətdarlıqlarını bildiriblər. Gündən-günə inkişaf edən Qazaxda su-kanalizasiya sisteminin yenidən qurulmasını, uzun illərdən bəri mövcud olan problemin köklü şəkildə aradan qaldırılmasını yüksək qiymətləndiriblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov toplantıya yekun vuraraq şəhərin su-kanalizasiya sisteminin yenidən qurulmasına görə ölkə başçısına, layihənin həyata keçirilməsində əməyi olan insanlara bir daha rayon sakinləri adından minnətdarlığını çatdırıb və uğurlar arzulayıb.








GOYEZEN.AZ

 

 



Facebook-da paylaş