964 şagird yerlik Səməd Vurğun adına Qazax şəhər 2 nömrəli tam orta məktəbin yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub
Son
illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə də Respublika Prezidenti
İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Məhz bu
diqqət və qayğının nəticəsidir ki, "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi
çərçivəsində ölkəmizdə minlərlə yeni məktəblər tikilir, əsaslı təmir olunur və
yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Sevindirici
haldır ki, ölkə başçısının bu istiqamətdə yürütdüyü siyasət bu gün Qazax
rayonunda da uğurla davam etdirilir. Son illər rayonumuzda yeni məktəblər
tikilmiş, məktəblərdə əsaslı təmir və yenidənqurma işləri aparılmış və bu
istiqamətdə işlər bu gün də uğurla həyata keçirilir. Bu
gün Qazaxda daha bir məktəbin - Xalq şairi Səməd
Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbin açılış mərasimi olub. Səhər saatlarında keçirilən açılış
mərasimində Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, icra aparatının məsul işçiləri, Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinə
nəzarət şöbəsinin müdiri İlqar Mahmudov, 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəis müavini Vaqif Əhmədov, hüquq-mühafizə
orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd
İƏD üzrə nümayəndələri, vaxtilə məktəbi bitirmiş
məzunlar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, işçi qrupunun üzvü olan Əməkdar
müəllimlər, bağça müdirləri, rayon ziyalıları, ağsaqqallar, Qarabağ
Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvləri, şəhid ailələri, valideynlər,
məktəbin müəllim-şagird kollektivi və KİV nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirildikdən sonra tədbirin aparıcısı, məktəbin ibtidai sinif müəllimi Könül Kərimova
çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini
çatdırıb və tədbiri açıq elan edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış
edərək bütün tədbir iştirakçılarını, müəllimləri, şagirdləri, valideynləri əsaslı
şəkildə yenidənqurmadan sonra yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik
edib, xoş arzularını bildirib. İcra başçısı fəaliyyətə
başladığı ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırdığını, müəllim və
şagirdlərə qayğı ilə yanaşdığını, Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi olduğunu
bildirib. Qazaxda təhsilin keyfiyyətlə təşkil olunması, keçirilməsi, şagirdlərin
dərsə davamiyyətinin yüksək olması barədə məlumat verib.
Ölkəmizdə elmin, təhsilin
inkişafında Qazaxın xüsusi rolu olduğunu qeyd edən rayon rəhbəri bildirib
ki, Qazax müəllimlər seminariyasının 100
illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının 3 noyabr 2018-ci il
tarixli Sərəncamı bunu bir daha sübut etdi. Bu Sərəncam onu göstərdi ki, Qazax
hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan sonra da belə
olacaqdır. Bu gün Qazaxda təhsilə yaradılan şərait onu deməyə əsas verir ki,
rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı günü-gündən
artır. İcra
başçısı respublikamızda, eləcə də bölgələrimizdə təhsilin inkişafı üçün görülən
məqsədyönlü işlərdən də danışıb. Ölkəmizdə "Yeniləşən Azərbaycana yeni
məktəb” layihəsinin uğurla icra edildiyini bildirən rayon rəhbəri əsaslı
şəkildə yenidən qurularaq 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam
orta məktəbin bu gün müəllim və şagirdlərin istifadəsinə verilməsini təhsilə
olan qayğının bariz nümunəsi olduğunu qeyd edib. Təhsil sahəsinə göstərilən
diqqət və qayğıya, müəllim və şagirdlər üçün yaradılan yüksək şəraitə görə ölkə
başçısı İlham Əliyevə, Təhsil Naziri Ceyhun Bayramova bütün qazaxlı ziyalılar
adından minnətdarlığını bildirib.
Təhsil Nazirliyinin ümumtəhsil məktəblərinə
nəzarət şöbəsinin müdiri İlqar Mahmudov çıxış edərək Təhsil Naziri Ceyhun
Bayramovun səmimi salam və arzularını çatdırıb. Müəllim və şagirdləri,
valideynləri, bütün Qazax ictimaiyyətini əlamətdar gün münasibətilə təbrik edərək
yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, bu gün dahi şəxsiyyət, ulu öndər
Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” kəlamı real həyatda öz əksini
tapır. Gələcəyimiz olan gənclər üçün bu cür məktəblərin inşa olunması, təhsil
sahəsinə daim dövlət səviyyəsində qayğı göstərilməsi bir daha onu göstərir ki,
bu sahə gələcəyimizə hesablanıb. Bütün işlərin, həyata keçirilən tədbirlərin təməlində
məktəblilərimiz, onların savadlı, bilikli, vətənpərvər gənc kimi yetişməsi
dayanır.
Rayon Təhsil şöbəsinin müdiri
Nizaməddin Babanlı məktəblilərə xoş arzularını çatdıraraq
təbrik edib. Qeyd edib ki, ölkə başçısının, təhsil nazirinin təhsil sahəsinə
göstərdikləri diqqət və qayğının nəticəsidir ki, bu sahə gündən-günə inkişaf
edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri ilə seçilir. Sevindirici
haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını yüksək dəyərləndirən qazaxlı
məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə verirlər. Bu il qəbul
imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü
yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur. Bu göstəricilərin əldə
olunmasında 2 nömrəli tam orta məktəbin də xüsusi yerinin olduğunu qeyd edən
N.Babanlı növbəti qəbul imtahanlarında daha böyük nailiyyətlər qazanmalarını və
məktəbin göstəricilərinin artmasını arzulayıb.
S.Vurğun adına şəhər 2 nömrəli tam
orta məktəbin direktoru Murğuz Mustafayev çıxış edərək bildirib ki, bu gün ölkəmizdə təhsil ocaqlarının müasirləşməsi ilə
bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra
olunur. Son illərdə istifadəyə verilən məktəblər sırasına bu gün Qazax şəhər
S.Vurğun adına 2 nömrəli tam orta məktəb də əlavə olunur. Məktəb haqqında ətraflı məlumat verən direktor qeyd
edib ki, 1965-ci ildə inşa olunan məktəbimizdə təmir, bərpa və gücləndirmə işlərinə
2018-ci ilin aprel ayında başlanıb. 77 müəllimin çalışdığı, 642 şagirdin təhsil
aldığı 964 yerlik bina 38 sinif otağı, fənn kabinetləri, laboratoriyalar, akt və
idman zalları, bufet, kitabxana, kompyuter otaqlarından ibarətdir. Bildirib ki,
məktəb lazım olan inventar və avadanlıqlarla tam təmin olunmuşdur. İstilik
sistemi tamamilə yenilənmiş, 100 və 150 ton tutumu olan iki su hovuzu tikilmiş,
su-kanalizasiya və işıqlandırma sistemləri qurulmuş, məktəbin həyətinə tamet
döşənilmiş, hasar və dahi şair S.Vurğunun büstü yenilənməşdir. M.Mustafayev məktəbin təmirinə başlayan ilk andan
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tikinti işlərini daim diqqətdə
saxladığını, hər zaman görülən işlərlə tanış olduğunu, öz tapşırıq və tövsiyələrini
verdiyini də diqqətə çatdırıb. Məktəb direktoru yaradılan bu şəraitə görə ölkə
prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil
Naziri Ceyhun Bayramova, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik
etdiyi kollektiv və valideynlər adından öz dərin minnətdarlığını bildirib. "Təhsilə göstərilən bu diqqət və qayğının Azərbaycan
xalqının gələcəyinə xidmət etdiyini”, - deyən məktəb direktoru qeyd edib ki, müasir
standartlara cavab verən bu məktəb ölkəmizin ən nümunəvi təhsil ocaqlarından
biri olacaqdır. Bu rayon sakinlərinə və şagirdlərə ən böyük hədiyyədir. Bilikli,
savadlı, vətənpərvər, gənc nəsli tərbiyə etmək üçün bundan sonra da daha böyük əzmlə
çalışacaqlarını bildirib.
Məktəbin məzunu olmuş Ağköynək kənd tam orta məktəbin direktor müavini, Əməkdar müəllim, Tərəqqi medallı Sədaqət
Əmirxanova çıxış edərək təhsil sahəsinə, xüsusilə də müəllimlərin əməyinə verilən
qiymətə görə ölkə başçısına, təhsil nazirinə çoxsaylı müəllim yoldaşları
adından minnətdarlığını çatdırıb.
Məktəbin daha bir məzunu Əməkdar
Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev
çıxış edərək respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən genişmiqyaslı
tikinti-quruculuq və abadlıq işlərindən söz açıb. Qeyd edib ki son illər bütün
bölgələrimiz gündən-günə inkişaf edir, əhalinin maddi rifah halı yaxşılaşır.
Qazaxda son iki il yarımda görülən işləri bu abadlıq işlərinin bariz nümunəsi
kimi qiymətləndirən idman xadimi bildirib ki, bu gün elə bir sahə tapılmaz ki,
orada bir yenilik olmasın. Qazaxda təhsil və idman sahəsinə göstərilən qayğının
daim diqqət mərkəzində olduğunu bildirən R.Tağıyev başda ölkə başçısı İlham
Əliyev olmaqla rayon rəhbərliyinə qazaxlı ziyalılar və rayon ictimaiyyəti
adından təşəkkürünü bildirib.
Valideynlərdən
- şəhid ailəsi Kifayət Mustafayeva çıxış edərək bütün tədbir iştirakçılarını əlamətdar gün münasibətilə
təbrik edib, yeni məktəbdə yeni nailiyyətlər qazanmalarını arzulayıb. Valideyn
olaraq gələcəyimiz olan uşaqlara bu cür qayğı ilə yanaşdıqlarına, xüsusilə də müəllimlərə
və şagirdlərə belə gözəl şəraiti yaratdıqlarına görə dövlət başçısı İlham
Əliyevə, hər zaman uşaqlara göstərdiyi qayğısı ilə nümunə olan Mehriban xanım
Əliyevaya, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova minnətdarlığını
bildirib. Şəhid ailəsi kimi ölkə başçısının son günlər imzaladığı Fərman və Sərəncamları
yüksək dəyərləndirən K.Mustafayeva şəhid ailələrinə, şəhidlərə olan sonsuz diqqət
və qayğıya görə respublika prezidentinə bütün şəhid ailələri adından təşəkkürünü
bildirib.
Şəhid ailəsi Aygül Məmmədova
da çıxış edərək şəhid ailələrinə istər dövlət, istərsə də rayon səviyyəsində hər
zaman qayğı göstərildiyini qeyd edib. Bildirib ki, Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi təyin olunduğu ilk gündən şəhid
ailələrinə qayğı ilə yanaşıb. O, çıxışı zamanı bir şəhid balasının – qızı
Hamayanın arzusunu yerinə yetirərək onun atasının adına bulaq tikilməsini şəhid
ailələrinə olan qayğının əyani təzahürü kimi qiymətləndirib. "Yeni istifadəyə
verilən məktəb körpə fidan balaları daha da yaxşı oxumağa həvəsləndirəcək”, deyən
A.Məmmədova dövlət başçısına, rayon rəhbərliyinə və əməyi keçən insanlara təşəkkürünü
ifadə edib.
Məktəbin VII sinif şagirdi Növrəstə
Haqverdiyeva Xalq şairi Səməd Vurğunun "Azərbaycan” şerini səsləndirdikdən
sonra məktəbin rəmzi açılışını bildirən qırmızı lent kəsilib.
Sonra
tədbir iştirakçıları S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbə baxış
keçiriblər. Məktəbin foyesinə, akt,
idman zalına, bufetə, fənn kabinetlərinə və laboratoriyalarına, kitabxanaya,
tibb və müəllimlər otağına, siniflərə baxış keçirən tədbir iştirakçıları yeni məktəbdə
yaradılan şəraiti yüksək qiymətləndiriblər. Gələcəyimiz olan uşaqlara yaradılan
bu gözəl şəraitə görə əməyi keçən insanlara bir daha minnətdarlıqlarını
çatdırıblar. GOYEZEN.AZ
Facebook-da paylaş