• Təqvim

  • Unutma

  • Maraq



Sərhəddə yerləşən Abbasbəyli kəndində sakinlərlə səyyar görüş keçirilib


Bu gün Abbasbəyli kəndi sərhəddə yerləşməsinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam təmin olunmuş kənd sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Son iki il yarımda göstərilən diqqət və qayğının nəticəsidir ki, Abbasbəyli kəndində də müvafiq işlər görülüb. Qazaxda bütün sahələrlə yanaşı, vətəndaşların rahatlığının təmin olunması, qayğılarının öz müsbət həllini tapması istiqamətində görülən işlər Abbasbəyli kəndindən də yan keçməyib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov digər kəndlərdə olduğu kimi, Abbasbəyli kəndində də mütəmadi olaraq səyyar görüşlər keçirib, sakinlərin müraciətlərini yerində dinləyərək qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşıb. Ötən il 3 dəfə Abbasbəyli kəndində görüş keçirən rayon rəhbərliyi öz ənənəsinə sadiq qalaraq yeni ildə də sərhəddə yaşayan Abbasbəyli kənd sakinləri ilə görüşüb. Görüşdə kənd sakinləri ilə yanaşı, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər. 

Kənd sakinləri rayon rəhbərini böyük səmiyyət və hörmətlə qarşılayıblar.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək kənd sakinlərini salamlayıb, yeni ildə ölkəmizin tərəqqisi naminə yeni-yeni uğurlar arzulayıb. Qeyd edib ki, bu gün sizlərlə yenicə qədəm qoyduğumuz 2019-cu ilin ilk səyyar görüşünü keçiririk. Artıq iki il yardımdır ki, ənənə halını almış bu cür görüşlərin keçirilməsinin əsas məqsədi rayonumuzda, eləcə də kəndlərimizdə, o cümlədən  də Abbasbəyli kəndində görülmüş işlərdən, kənd təsərrüfatında əldə edilən uğurlardan, işsizliyin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərdən danışmaqla yanaşı, sizi narahat edən məsələləri də öyrənməkdir. İcra başçısı bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinin layiqincə yerinə yetirilməsi, vətəndaşlara bütün sahələrdə diqqət və qayğı göstərilməsi məqsədilə keçirilən bugünkü görüşün də əsas məqsədi məhz siz sakinlərin qayğıları ilə yaxından tanış olmaq və həlli istiqamətində mümkün olan nə varsa, köməklik göstərməkdir.

Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən genişmiqyaslı işləri yüksək qiymətləndirən rayon rəhbəri qeyd edib ki, ölkəmizdə olan dinamik inkişafı 2019-cu il yanvar ayının 11-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı çıxışından, yanvarın 29-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransda səslənən dəyərli fikirlərdən də aydın şəkildə gördük. İclasda ölkə başçısı öz çıxışında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin olunduğunu bir daha bütün dünyaya bəyan etdi. Bu gün Azərbaycan həyatın bütün sahələrində inkişaf etmiş ölkə olduğunu qazandığı uğur və nailiyyətləri ilə nümayiş etdirdi. 

İcra başçısı son iki il yarımda Qazaxda aparılan abadlıq və quruculuq işlərini müqayisə edərək bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayonumuz 2018-ci ildə bir çox uğurlara imza atıb. Bunu rayonda inşa olunan sosial obyektlərin sayı, kənd təsərrüfatının ildən-ilə inkişaf etməsi, əkin sahələrinin artırılması, təhsil, səhiyyə, mədəniyyət, idman, eləcə də digər sahələrdə əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.


Qazaxda ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsini, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunu, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkı, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunu, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisini nümunə göstərərək deyə bilərik ki, 2018-ci il Qazax rayonu üçün tikinti-quruculuq ili kimi də yadda qaldı.

Ötən il rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan rayon rəhbəri həmin işlərin 2019-cu ildə də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib.

İcra başçısı 2018-ci ilin rayonumuzda təhsil sahəsində də yaddaqalan olduğunu vurğulayaraq "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra edilməsini, əsaslı şəkildə yenidən qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib.

Rayon rəhbəri vurğulayıb ki, yola saldığımız il həm də ölkəmizdə elmin, təhsilin inkişafında xüsusi rolu olan Qazax rayonunun ziyalılarına verilən qiymətlə yadda qaldı. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla ötən il əlamətdar oldu. Ən əsası isə bu Sərəncam onu göstərdi ki, Qazax hər zaman ziyalıları, tarixi şəxsiyyətləri ilə seçilib.İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamı isə ölkə başçısının qazaxlılara, qazax ziyalılarına həmişə qayğı ilə yanaşdığını bir daha nümayiş etdirdi. Rayon rəhbəri qeyd edib ki, bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü yerdə dayanması, qazaxlı məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından birinci yeri tutaraq qalib kimi qayıtmaları Qazaxda təhsil sahəsinə göstərilən qayğının öz bəhrəsini verdiyini bir daha göstərdi.


Rayonda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan icra başçısı bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki, ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir. Rayonda daha 7 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Kosalar, Daş Salahlı, Hüseynbəyli kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.

Rayon rəhbəri yola saldığımız 2018-ci ilin əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə də yadda qaldığını qeyd edib. Son iki il yarımda rayonda olan çoxmənzilli yaşayış binalarından yüzdən çoxunun təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsini yüksək dəyərləndirib. Həmin işlərin uğurla davam etdirildiyini və şəhərdə daha 4 binanın təmirinə başlanıldığını diqqətə çatdırıb.

İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Bildirib ki, dövlət başçısının yeni avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr, Sərəncamlar Qazaxda da uğurla icra olunur. Bu gün rayonda olan yüksək keyfiyyətli yollara Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini misal olaraq göstərib. Rayon rəhbəri hazırda uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən bərpa olunduğunu bildirib və bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq 4,5 km uzunluğu olan Ürkməzli-Dəmirçilər yolunun yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilməsini vətəndaşların rahatlığının təmin olunması sahəsində görülən işlər kimi qiymətləndirib.

Şəhid ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri ölkə başçısı tərəfindən imzalanan Sərəncam və Fərmanları bu istiqamətdə görülən işlərə nümunə göstərib. Qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Fərmanı, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli Fərmanı Azərbaycanda şəhidlərimizə, onların ailə üzvlərinə olan yüksək diqqət və qayğının, verilən dəyərin əyani təzahürüdür.

İcra başçısı bildirib ki, mənim sərhəd kəndlərinə xüsusi yanaşmam var. Fəaliyyətə başladığım ilk gündən sərhəd kəndlərinin əhalisinə xüsusi diqqət və qayğı göstərirəm. Bu gün rayonun sərhəd kəndləri olan Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndlərində SİB kabelləşmə işi tam başa çatıb. Digər sərhəd kəndləri kimi, Abbasbəylidə də xeyli işlər görülmüşdür. Qaz, işıq, su, telefon, yol və digər məişət və sosial məsələlər öz müsbət həllini tapıb.

Rayon rəhbəri bildirib ki, bu gün rayonun bir neçə kəndində, o cümlədən də Abbasbəyli kəndində torpaq islahatı getməyib. Buna baxmayaraq camaatın, xüsusilə gənclərin torpaq sahələrinə ehtiyacı var. Ona görə də işçi qrupunun, kənd ağsaqqallarının iştirakı ilə bu məsələ həll olunmalıdır.

Kənd sakinləri bu xəbəri böyük sevinc hissi və alqışlarla qarşılayıblar.

İcra başçısı kənddə əkin sahələrinin suvarılması üçün arxların beton üzlüyə alınmasının vacib məsələ olduğunu qeyd edərək bu istiqamətdə də məqsədyönlü işlərin görüləcəyini qeyd edib. Bu məsələnin həll olunması üçün dövlət layihəsinin hazırlanmasının nəzərdə tutulduğunu bildirib.

Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin direktoru İsmayıl Abdullayev, Abbasbəyli kənd ibtidai məktəbin direktoru Günəş Əliyeva, sakinlərdən Faiq Mərdanov, Nizami Mehdiyev, Kamal Nəbiyev, Mələk Abbasova, Nizami Hüseynov və başqaları çıxış edərək son illər ölkəmizdə, eləcə də bölgələrimizdə həyata keçirilən genişmiqyaslı işlərə, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlara görə ölkə başçısı İlham Əliyevə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlarla mütəmadi görüşlər keçirdiyinə, kənd sakinlərinə daim diqqət və qayğı göstərdiyinə görə icra başçısına sonsuz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, bu gün biz sərhəddə yaşayan sakinlər ölkəmizin inkişafı naminə atılan bütün uğurlu addımları yüksək qiymətləndiririk. Bu gün biz sakinlər sevinirik ki, bizim qayğılarımızı bizlərdən də yaxşı bilən rayon rəhbərimiz var. Son iki il yarımdır ki, hər an diqqət və qayğı ilə əhatə olunmuş biz sakinlər artıq əminik ki, qaldırılan hər bir məsələ öz müsbət həllini tapacaqdır. Çünki son iki il yarımdır ki, biz sakinlər ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazaxda hər zaman ön plana çəkildiyinin şahidi oluruq. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər onları narahat edən məsələləri də qeyd ediblər. Sakinlər tərəfindən səsləndirilən hər bir məsələyə diqqətlə baxılacağı bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bundan sonra da tez-tez görüşə gələcəyini bildirərək kənd sakinlərinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.









GOYEZEN.AZ

 



Facebook-da paylaş