• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı şəhid ailələri ilə görüşüb

                 

Son illər Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir. 

Bu gün Azərbaycanda ölkənin müdafiə potensialının gücləndirilməsi, ölkəmizdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi də daim diqqət mərkəzində saxlanılır.

Bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixli Fərmanı şəhidlərimizə və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi də şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir.

Qazax rayonu da Vətən, torpaq, xalq uğrunda 285 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 285 şəhidin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin əyani göstəricisidir.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqların qürur yerimiz olan bu müqəddəs məkana baş çəkməsi, memorial önünə tər çiçəklər düzməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan ehtiramın daha bir nümunəsidir. Bundan əlavə, rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması onların daim qəlblərdə yaşaması deməkdir.

Hər kəsə yaxşı məlumdur ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirir. Lazım gəldikdə isə fərdi şəkildə qəbul edir, qayğıları ilə maraqlanır.

İcra başçısı bu gün Qazax Rayon İcra Hakimiyyəti Aparatına müraciət etmiş şəhid ailələri üzvlərinin sığorta ödənişi ilə bağlı müraciətlərinin araşdırılması ilə əlaqədar bir qrup şəhid ailəsi ilə görüşüb.

İcra başçısı bildirib ki, yadınızdadırsa bu məsələ ilə bağlı mən sizlərlə ötən il iki dəfə - 10 və 19 oktyabr 2018-ci il tarixlərdə görüşdüm. Birdəfəlik ödəmə ilə bağlı müraciətlərinizi dinləyən zaman sizlərə bildirdim ki, qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacaq və həlli mümkün olan nə varsa ediləcəkdir. Sizlərin mövqeyiniz, bu məsələyə xüsusi həssalıqla yanaşmağınız həm şəhidlərimizin, həm də rayonumuzun adını uca etdi. Mən də sizlərin dövlətinə, dövlət başçısına olan inam və etimadını doğrultmaq üçün dəfələrlə bu mövzu ətrafında danışıqlar apardım. Sizlərin istəyini aidiyyəti təşkilatlar qarşısında səsləndirdim. Bəli, bu gün sizlərin haqlı olaraq qaldırdığınız həmin məsələ dövlət başçısı tərəfindən öz müsbət həllini tapdı.

"Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Fərmanı ölkə başçısının humanistliyini nümayiş etdirməklə yanaşı, siz şəhid ailələrinə necə yüksək dəyər verdiyini bir daha göstərdi.

Şəhid ailələri ilə keçirilən görüşdə dövlət başçısının şəhidlərimizin, onların ailə üzvlərinin ünvanına söylədiyi dəyərli fikirlər bir daha onu sübut etdi ki, Vətənin azadlığı uğrunda canından keçmiş bütün oğul və qızlarımızın xatirəsi hər zaman əziz tutulacaqdır. Onların ailələrinə, yaxınlarına, doğmalarına həmişə diqqət və qayğı olub və bu, bundan sonra da belə olacaqdır.

Rayon rəhbəri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 yanvar 2019-cu il tarixli Sərəncamını, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2019-cu il tarixli Fərmanını Azərbaycanda şəhidlərimizə, onların ailə üzvlərinə olan yüksək diqqət və qayğının, verilən dəyərin əyani təzahürü olduğunu bildirib.

Quşçu Ayrım kənd sakinləri olan şəhid atalarından Aslan Pirvəliyev, Abbas Mirzəyev, Qaymaqlı kənd sakini olan şəhid anası Lilpar Bəşirova, şəhər sakini olan şəhid ailəsi Kifayət Mustafayeva çıxış edərək bildiriblər ki, fəaliyyətə başladığınız ilk gündən biz şəhid ailələrinə hər zaman xüsusi qayğı ilə yanaşmısınız. Biz şəhid ailələri ilə keçirilən hər bir görüş bizdə dövlətimizə, dövlət başçımıza hər zaman inam hissi yaradıb. Son iki il yarımdır ki, rayonda vətəndaş amilinin ön plana çəkilməsinin nəticəsidir ki, hər bir məsələ öz müsbət həllini tapır. Biz sizinlə görüşən zaman da qaldırdığımız məsələnin həll olunacağına tam əmin idik. Çünki bilirdik ki, ölkə başçımız həmişə olduğu kimi yenə də öz humanistliyini bir daha göstərəcək və şəhidlərimizin ailə üzvlərinə veriləcək həmin birdəfəlik müavinət hər kəsə şamil olunacaq. Bəli, bu gün biz bunun bir daha şahidi olduq. Buna görə də biz şəhid ailələri bizlərə verilən bu yüksək dəyərə, ən əsası da şəhidlərimizə olan sonsuz hörmət və ehtirama görə Respublika Prezidenti İlham Əliyevə bütün şəhid ailələri adından dərin minnətdarlığımızı bildiririk. Biz şəhid ailələrinə həmişə səmimi münasibət göstərdiyinizə görə sizə təşəkkür edirik.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, fəaliyyətə başladığım ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına, məcburi köçkün ailələrinə xüsusi diqqət və qayğı göstərməyə çalışmışam. Çünki sizlər hər şeyin ən yaxşısına layiqsiniz. Vətən uğrunda canını fəda edən insanların doğmalarına qayğı ilə yanaşmaq isə hər kəsin ən ümdə vəzifəsidir.

Çıxışının sonunda "Şəhidlərimizin qanı yerdə qalmayacaqdır”, - deyən rayon rəhbəri Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qələbə xəbərinin elə də uzaqda olmadığını qeyd edib.






GOYEZEN.AZ



Facebook-da paylaş