Aşağı Salahlı kəndində hesabat yığıncağı keçirilib
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının (RİHB)
Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2018-ci
ildə gördüyü işlərə və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı
keçirilib. Hesabat yığıncağında Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev,
aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş
şöbəsinin müdiri Adil Vəliyev, şöbənin baş məsləhətçisi Qərib Bayramov və
kənd sakinləri iştirak ediblər. Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra
gündəlikdə duran məsələlər barədə məlumat verilib. Qazax
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat
yığıncağında çıxış edərək rayon rəhbərliyinin salamlarını çatdırıb, müstəqil
Azərbaycanın çiçəklənməsi naminə həyata keçirilən bütün işlərdə uğurlar
arzulayıb. Qeyd edib ki, dövlət başçısının böyük uzaqgörənliklə həyata keçirdiyi
milli inkişaf strategiyası nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan
bu gün bütün dünyada güclü dövlət kimi tanınır. Azərbaycanda güclü sosial siyasət
həyata keçirilir, müasir infrastruktur yaradılmaqla əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir.
Bu inkişaf ölkəmizin bütün bölgələrini, rayonları, şəhərləri, qəsəbələri və kəndləri
əhatə edir. 2018-ci ilin
ölkəmiz və xalqımız üçün uğurlu bir il olduğunu qeyd edən birinci müavin bu gün
respublikamızın bütün bölgələri kimi, Qazax rayonunun da inkişaf etdiyini
bildirib. Qazaxda
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq
görülən işlərin böyük miqyas aldığını qeyd edən birinci
müavin "Azərxalça” ASC tərəfindən tikilən xalça müəssisəsinin,
"Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda
İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən və son
tamamlanma işləri aparılan Aqroparkın, "Gedik Carçı Qaynaq”
LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod
Zavodunun, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasının tikintisini həmin abadlıq
işlərinə nümunə göstərib. Respublikamızda,
eləcə də bölgələrimizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin
uğurla icra edilməsindən danışan M.Alıyev hazırda rayonumuzda əsaslı şəkildə yenidən
qurulan S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə görülən işləri bunun
əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu il rayonda daha 3 məktəbin -
Kosalar, Kəmərli, Qaymaqlı kənd məktəblərinin də əsaslı şəkildə yenidən
qurulması nəzərdə tutulub. Bildirib ki, bu il qəbul
imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri arasında 3-cü
yerdə dayanması, qazaxlı məktəblilərin "Ölkəmizi tanıyaq” tur-aksiyasından
birinci yeri tutaraq qalib kimi qayıtmaları Qazaxda təhsil sahəsinə göstərilən
qayğının öz bəhrəsini verdiyini bir daha göstərdi.
M.Alıyev
vurğulayıb ki, yola saldığımız 2018-ci il həm də ölkəmizdə elmin, təhsilin
inkişafında xüsusi rolu olan Qazax rayonunun ziyalılarına verilən qiymətlə
yadda qaldı. Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd
olunması ilə bağlı ölkə başçısının verdiyi 3 noyabr 2018-ci il tarixli Sərəncamla
ötən il daha əlamətdar oldu. Ən əsası isə bu Sərəncam onu göstərdi ki, Qazax hər
zaman ziyalıları, tarixi şəxsiyyətləri ilə seçilib. Rayonda
azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və
düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən söz açan
birinci müavin bu gün rayon üzrə olan 25 bağçadan 18-nin müasir
standartlara cavab verən səviyyəyə çatdırıldığını qeyd edib. Vurğulayıb ki,
ötən il bağçalarda aparılan quruculuq işləri bu il də davam etdiriləcəkdir.
Rayonda daha 7 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirən birinci
müavin Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçasının da həmin bağçalar
sırasında olduğunu bildirib. Qeyd edib
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, yol infrastrukturunun
inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ölkə başçısının
respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ
kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı
Sərəncamlar bunun əyani sübutudur. Bildirib ki, dövlət başçısının yeni
avtomobil yollarının çəkilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr,
Sərəncamlar Qazaxda da uğurla icra olunur. Bu gün rayonda olan yüksək
keyfiyyətli yollara, Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı
Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli,
Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini misal olaraq göstərib.
Uzunluğu 16 km olan Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun da yenidən
bərpa olunduğunu bildirib və bu istiqamətdə görülən işlərin bundan sonra da
davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq 4,5 km uzunluğu olan
Ürkməzli-Dəmirçilər yolunun yenidən qurularaq kənd sakinlərinin istifadəsinə
verilməsini vətəndaşların rahatlığının təmin olunması sahəsində görülən işlər
kimi qiymətləndirib. M.Alıyev rayonumuzda barama, tütün, kartof və taxıl
sahələrindən götürdüyümüz bol məhsuldarlıqdan danışaraq 2018-ci ili kənd təsərrüfatı
ili kimi dəyərləndirib. Bildirib ki, bu inkişafı əkin sahələrinin hektarından
da aydın şəkildə görmək olur. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci
ildə 18694,37 hektarda əkin aparılmışdısa, 2018-ci ildə bu rəqəm 20682 hektar
olmuşdur. 2019-cu ildə isə 21481,30 hektarda əkin işlərinin aparılması nəzərdə
tutulmuşdur. Yeni iş yerlərinin
yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan birinci müavin
həmin işlərin bu il də davam etdiriləcəyini qeyd edib. Buna misal olaraq
başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan
dövlət sərhəddi avtomobil yolunun çəkilməsini, "Saloğlu” fərdi mebel
firması tərəfindən yeni tikiləcək fabrikin inşasını göstərib. 2019-cu
ilin ilk uğurlarından söhbət açan birinci müavin Xalq yazıçısı İsmayıl Şıxlının
100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidenti İlham
Əliyevin 28 yanvar 2019-cu il tarixli Sərəncam imzalamasını Qazax ziyalılarına
verilən yüksək dəyər kimi qiymətləndirib və bütün qazaxlılar adından
minnətdarlığını bildirib.
Aşağı Salahlı kənd İƏD-si üzrə nümayəndə Yaşar Əfəndiyev hesabat məruzəsi ilə çıxış edərək Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil olmuş 2018-ci
ildə qazanılmış nailiyyətlərdən danışıb. Qeyd edib ki, ölkəmizlə yanaşı hesabat
ilində rayonumuzda da genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında həyata keçirilən
quruculuq və abadlıq işləri nəticəsində ötən il şəhər və kəndlərimizin siması köklü
şəkildə dəyişmiş, Qazax respublikamızın ən inkişaf etmiş rayonlarından birinə
çevrilmişdir. Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə
nümayəndəliyi bir kəndi əhatə etməklə kənddə təsərrüfatların sayı 456, əhalinin
sayı 1929 nəfərdir. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 orta məktəb, 1
diyarşünaslıq evi, 1 kitabxana, 1 tibb məntəqəsi, 6 ticarət obyekti, 3 çayxana,
2 balaca un dəyirmanı və 1 çörəkbişirmə sexi fəaliyyət göstərir. Kənddə 1 orta məktəb fəaliyyət
göstərir ki, burada 256 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29 müəllim məşğul
olur. 2017-2018-ci tədris ilində məktəbin XI sinfini bitirən 4 nəfər məzun ali məktəblərə
sənəd vermiş və daxil olmuşlar. Fəaliyyət göstərən 1 körpələr evi-uşaq
bağçasında 35 körpənin tərbiyəsi ilə 14 nəfər tərbiyəçi məşğul olur. Kənddə
1 tibb məntəqəsi fəaliyyət göstərir ki, burada 5 nəfər işçı kənd əhalisinin
sağlamlığının keşiyində dayanır. 2018-ci ildə tibb məntəqəsinə 1245 nəfər
ambulator gəliş olmuşdur. Ərazidə 378 abonent elektrik
enerjisindən, 344 abonent qaz yanacağından istifadə edir. Kənddə 250 nəfər
telefon, 70 nəfər isə internet istifadəçisi vardır. Həmin abonentlər istifadə
etdikləri enerji haqlarını vaxtında kənd poçt filialına ödəyir. Kənddə işıq və
qaz fasiləsiz olaraq verilir. O cümlədən, əhali rabitə və sürətli internetdən
istifadə edir. Nümayəndəlikdə hesabat dövründə
13 kabinet iclası olmuş, iclasda 31 məsələ müzakirə edilmiş və məsələlər
vaxtında həllini tapmışdır. Hesabat dövründə nümayəndəliyə 19 məktub daxil
olmuş, 484 məktub ayrı-ayrı təşkilat və müəssisələrə göndərilmişdir. 8 yazılı,
35 şifahi müraciət daxil olmuş, müraciətlərə baxılmış və aidiyyəti üzrə həllini
tapmışdır. 2018-ci ildə 19 nəfər uşaq
doğulmuş, 12 nəfər sakin rəhmətə getmişdir. 5 nəfər rəsmi dövlət nigahına
durmuşdur.
Aşağı
Salahlı kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik, üzümçülük və
heyvandarlıqdır. Dövlət başçısının kənd təsərrüfatı məhsulları istehsalçılarına
dövlət dəstəyi haqqında 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn
vəzifələrin icrası ilə əlaqədar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32
saylı, 16 noyabr 2007-ci tarixli 181 saylı qərarına uyğun 2018-ci ildə 748
hektar sahəni əhatə edən 281 istehalçıya 51648 manat pul verilmişdir. 2018-ci ildə ərazidə 2 hektar tütün əkilib becərilmiş,
3402 kq məhsul təhvil verilmişdir. Cari ildə barama istehsalının artırılması məqsədilə
Çin Xalq Respublikasından gətirilmiş 1500 ədəd tut tingləri əkilmişdir. Ərazidə
22 hektarda meyvə bağı, 1 hektarda fındıq, 20 hektarda qarğıdalı, 220 hektarda
yonca, 8 hektarda günəbaxan, 15 hektarda tərəvəz, 15 hektarda kartof, 1,5
hektarda bostan, 69 hektarda üzüm bağı becərilmişdir. Ərazidə 2018-ci ildə 340
hektara buğda, 111 hektara arpa səpilmişdir. Sahələr Axmaz, Zor arxları vasitəsilə,
Kür çayının sağ sahilində yerləşən sahələr isə K-1 kanalı vasitəsilə suvarılır.
Rayon rəhbərliyinin tapşırığı ilə ərazinin ayrı-ayrı suvarma arxlarında təmir və
təmizlik işləri aparılır. Təmizlənməsi nəzərdə tutulan 25,5 km arxın artıq
20,62 km-i təmizlənmişdir ki, bundan 16,36 km-i əl əməyi, 4,26 km-i isə texnika
vasitəsilə həyata keçirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir. Kənddə 1 yanvar 2018-ci il tarixə 1953 baş iribuynuzlu
mal-qara, 9348 baş xırdabuynuzlu qoyun-keçi vardır. Bu il 1850 baş heyvanlarda
qarayara xəstəliyinə qarşı profilaktik tədbir aparılmış, 550 baş iribuynuzlu
heyvanlarda brüselyoz xəstəliyinə qarşı sıraloji müayinə aparılmışdır. 9300 baş
xırdabuynuzlu heyvanlarda davaq, 250 baş iribuynuzlu heyvanlarda vərəmə və 237
baş itlərdə quduzluq xəstəliyinə qarşı peyvənd aparılmışdır. Ərazidə 1 nəfər süni mayalanma üzrə ixtisaslaşmış
mütəxəssis fəaliyyət göstərir. Onun fəaliyyəti sayəsində 2018-ci ildə 32 baş inək
süni mayalanmış 16 baş bala alınmışdır. Dövlət büdcəsi hesabına Aşağı Salahlı kənd körpələr evi-uşaq bağçası cari təmir olunmuşdur. Bağçanın
həyətində səliqə-səhman yaradılaraq yaşıllıq salınmışdır. 12 nəfər fermerin 20 hektar
pay torpağını və kəndin aşağı hissəsindəki həyətyanı torpaqların 3 hektarını əhatə
etməklə 1 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir. Bundan əlavə,
ərazidə 8 ədəd artezian quyusu fəaliyyət göstərir. 2018-ci ildə 2 ədəd artezian
quyusu cari təmir edilmişdir. İribuynuzlu mal-qaranın örüşə
getməsini və pay torpaqlarına gediş-gəlişin yaxşılaşdırılması məqsədilə derenaj
kanalın üzərində eni 8 metr olan körpü salınmışdır. Kəndin "Salmanlı” məhəlləsində
yolun bir hissəsinə çınqıl döşənmiş qreyder vasitəsilə hamarlanmışdır. Kənddə
qazılacaq artezian quyusuna gedən yol düzəldilmiş və 1 ədəd eni 6 metr olan suötürücü
beton boru salınmışdır. 21 ailənin istifadə etdiyi məişət su borusunun üzərində
yerləşən sıradan çıxmış paylayıcı qurğu yenisi ilə əvəz olunmuşdur. "Məmmədrzalıq”
adlanan məhəllədən keçən arxın 100 metrlik hissəsində təmir işləri aparılmış və
1 ədəd su borusu salınmışdır. Kənd ərazisində məişət tullantıları üçün nəzərdə
tutulmuş ərazi təmizlənmiş və ərazinin təmizliyinə riayət olunmasını bildirən xəbərdarlıq
lövhələri vurulmuşdur. "Hacıxəlili” məhəlləsində məhəllə yoluna həyətyanı sahələrdən
gələn suyun ötürülməsi üçün eni 6 metr olan 1 ədəd suötürücü metal boru
salınmışdır. Kənd ərazisində olan 5 ədəd
yararsız elektrik dayaqları, 4 ədəd rabitə dayaqları dəyişdirilərək yeniləri ilə
əvəz olunmuşdur. Nümayəndəlikdə mütəmadi olaraq kənd qəbiristanlığında iməciliklər
keçirilmişdir. Aşağı Salahlı kəndində yaşayan
şəhid ailələri və Qarabağ əlillərinə, yaşlı sakinlərə diqqət və qayğı ilə yanaşılmış, rayon rəhbərliyinin təşəbbüsü
ilə həmin ailələrin evlərinə gedilmiş və bayram sovqatı verilmişdir. 2019-cu ildə qarşıda duran vəzifələrdən
və görüləcək işlərdən söhbət açan icra nümayəndəsi bildirib ki, kənddə icra
nümayəndəliyinin, bələdiyyənin, tibb məntəqəsinin, diyarşünaslıq evinin, kitabxananın
tikintisinə və ya əsaslı təmirinə, N.Hüseynov
adına Aşağı Salahlı kənd tam orta məktəbin istilik sisteminin yenidən
qurulmasına, suvarma suyunun daha da yaxşılaşdırılması məqsədilə suvarma
arxlarının beton örtüyə alınmasına və 2 ədəd subartezian quyusunun qazılmasına,
Kür çayının sağ sahilində bəndbərkitmə işlərinin aparılmasına ehtiyac vardır. Bundan əlavə, bağça binasının darısqal
şəraitdə olmasını nəzərə alaraq əlavə otaqların tikilməsi, kəndin aşağı hissəsində yerləşən şəhidlərin adına inşa edilmiş bulaq
kompleksinin əsaslı təmir olunması və ətrafında kiçik parkın salınması, həmin ərazidəki
dayanacağın yenidən tikilməsi və yaxud da əsaslı təmir olunması, kəndin girişində
yerləşən ünvanı göstərən abidənin yanında bağın salınması, orada dekarativ
ağacların əkilməsi də həlli vacib olan məsələlərdəndir. Aşağı Salahlı kənd tam orta məktəbin
direktoru Cahangir Alnaqov, məktəbin müəllimi Cəbrayıl Qələndərov, sakinlərdən İsmayıl
Qələndərov, Asimə Ballayeva, İlham Nəbiyev, Əkbər Mirzəyev və başqaları çıxış
edərək 2018-ci ildə rayonumuzda, eləcə də Aşağı Salahlı kəndində görülən
genişmiqyaslı işlərə görə ölkə başçısına, rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını
bildiriblər. Minnətdarlıq dolu ürək sözlərini çatdıran sakinlər kənd ərazisində
zibil qutularının qoyulması və s. bağlı bir sıra istək və təkliflərini də qeyd
ediblər.
Facebook-da paylaş