Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə
Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsini yad ediblər. Qara Yanvar hadisələrindən 29 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə
ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi
daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin
rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza
tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini
daha ucadan bəyan etmişdi. Düz 29 il əvvəl doğma yurdunun, xalqının azadlığını,
şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin
müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet
qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə
baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz
vətəndaşlarına divan tutan sovet imperiyasının ovaxtkı rəhbərlərinə və onların
Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst
siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar
dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin xəyanətkar mövqeyinə
etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet
ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda
misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların
ölümü ilə nəticələndi. Buna baxmayaraq, Azərbaycanın ovaxtkı səriştəsiz, kölə
psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar
sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər. Onlardan fərqli olaraq, həmin vaxt Moskvada yaşayan xalqımızın dahi oğlu
Heydər Əliyev həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın
daimi nümayəndəliyinə gələrək, Qanlı Yanvar qırğınını törədənləri pisləyən
kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya
çatdırdı. Bununla da Ulu Öndər cəsarətini, mərdliyini, xalqının sədaqətli oğlu
olduğunu bir daha sübut etdi. Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının
iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa
istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən
verməyəcək. Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı qırğın mahiyyətinə
görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüzü,
qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının kobudcasına
pozulması, ayaqlar altına atılması idi. Həmin gün keçmiş SSRİ dövləti dinc
əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq
normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar
Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını cinayətkarcasına pozmuşdu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən
qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət
verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar
Ümumxalq Hüzn Günü elan edildi. Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsini dərin
ehtiramla yad edir. Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz
tutulduğu kimi, onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə
əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin
sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin başçısının
diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial
müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib.
Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması,
yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası
yaradılıb. Dövlətimizin başçısı bu istiqamətdə sərəncam və fərmanlar verib.
Bundan başqa, əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq
mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə
daha da möhkəmləndirilir. X X X Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Qanlı Yanvar faciəsində həlak olanların əziz
xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəliblər. Dövlətimizin başçısı "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında
Azərbaycan Respublikasının dövlət himni səslənib. X X X Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları,
xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların
nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər. X X X Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Novruz
Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.
Facebook-da paylaş