İcra başçısı məktəblilərlə görüşüb
Son iki il yarımdır ki, Qazax Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən təhsil
sahəsinə xüsusi diqqət ayırması, istər müəllimlərə, istərsə də şagirdlərə qayğı
ilə yanaşması hər kəsə yaxşı məlumdur. Bu gün rayon rəhbərinin 20 Yanvar faciəsinin
29-cu ildönümünə həsr olunmuş "Şəhidli, şahidli gecə” adlı rəsm sərgisinin
iştirakçıları ilə görüşməsi də bu qayğının bariz
nümunəsidir. İcra Hakimiyyətində keçirilən görüşdə sərgidə əsərləri
nümayiş olunan və şeir söyləyən S.Vurğun adına şəhər 2 nömrəli tam orta
məktəbin, İ.Qayıbov adına 3 saylı tam orta məktəbin şagirdləri, müəllimləri,
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və dərnək rəhbərləri
iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə
çıxış edərək bugünkü sərgidə çıxışlarına görə fərqlənən hər bir şagirdə
ayrı-ayrılıqda sağ ol deyib, onlara dərslərində daha böyük müvəffəqiyyətlər
qazanmalarını arzulayıb. Qazax rayonunun ölkəmizdə təhsilin beşiyi sayıldığını
bildirən icra başçısı bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd
edib ki, rayonumuzda təhsil sahəsi ildən-ilə inkişaf edərək daha böyük bəhrə
verir. Ölkəmizdə elmin, təhsilin inkişafında Qazaxın xüsusi
rolu olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, Qazax Müəllimlər Seminariyasının
100 illik yubileyinin qeyd olunması ilə bağlı ölkə başçısının 3 noyabr 2018-ci
il tarixli Sərəncam verməsi bunu bir daha sübut etdi. Bu Sərəncam onu göstərdi
ki, Qazax hər zaman ziyalılar, tarixi şəxsiyyətlər yurdu olub və bu, bundan
sonra da belə olacaqdır. Təkcə Qazax Müəllimlər Seminariyası onu deməyə əsas
verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərimizin sayı
günü-gündən artır İcra başçısı respublikamızda, eləcə
də bölgələrimizdə təhsilin inkişafı üçün görülən məqsədyönlü işlərdən də
danışıb. Ölkəmizdə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin uğurla icra
edildiyini bildirən rayon rəhbəri hazırda rayonumuzda əsaslı şəkildə yenidən
qurulan 964 şagird yerlik S.Vurğun adına şəhər 2 nömrəli tam orta məktəbdə
görülən işləri bunun əyani sübutu kimi qiymətləndirib. Bundan əlavə, bu il rayonda
daha 3 məktəbin – Kosalar, Qaymaqlı və Kəmərli kənd məktəblərinin də əsaslı şəkildə
yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib. Rayon rəhbəri vurğulayıb ki, ölkə
başçısının, təhsil nazirinin təhsil sahəsinə göstərdikləri diqqət və qayğının nəticəsidir
ki, bu sahə gündən-günə inkişaf edir, qazanılan uğurları, əldə edilən nailiyyətləri
ilə seçilir. Sevindirici haldır ki, dövlət tərəfindən göstərilən bu qayğını
yüksək dəyərləndirən qazaxlı məktəblilər öz uğurları ilə ölkə təhsilinə töhfə
verirlər. Bu il qəbul imtahanlarının nəticələrinə görə Qazaxın respublika məktəbləri
arasında 3-cü yerdə dayanması bütün bu dediklərimizin əyani sübutudur. Məktəblilərin mükəmməl bir təhsilə sahib olmalarında
bağçaların böyük rolunun olduğunu qeyd edən icra başçısı bildirib ki, son iki il yarımda
Qazaxda bütün sahələrdə olduğu kimi, azyaşlı körpələrin sağlam və düzgün böyüməsi,
yüksək şəraiti olan bağçalarda tərbiyə olunması da daim diqqət mərkəzində
saxlanılır. Məhz bu diqqətin nəticəsidir ki, bu gün rayonda olan 25 uşaq
bağçasından 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Rayon rəhbəri bildirib ki, bu gün bu gözəl balaları
qəbul etməkdə əsas məqsədim onlara olan diqqət və qayğını göstərmək, xüsusi
istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki bu uşaqlara,
eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss
etdirmək lazımdır. Gənc rəssam Akif
Əmirov çıxış edərək keçirilən sərginin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd
edib ki, sərgini təşkil etməkdə məqsədimiz məktəbliləri vətənpərvər ruhda
böyütmək və tarixi keçmişimizi unutdurmamaqdır. Xalqımızın başına gətirilən
müsibətləri məktəblilərin gözü ilə qiymətləndirməkdir. Gənc rəssam Qazaxda təşkil
olunan bütün sərgilərin yüksək səviyyədə təşkil olunmasına, onlara göstərilən
diqqətə, qayğıya və sərgidə iştirak etdiyinə görə Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova sərgi iştirakçıları adından dərin minnətdarlığını
bildirib. Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər
Rəhimova, şəhər 2 nömrəli tam orta məktəbin direktoru Murğuz Mustafayev, 3
saylı tam orta məktəbin direktor əvəzi Nailə Əfəndiyeva, Qazax Dövlət Rəsm
Qalereyasının müdiri Münəvvər Xəlilova çıxış edərək təhsil, eləcə də mədəniyyət
sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə,
onlara göstərilən bu səmimi münasibətə və qayğıya görə Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşova rəhbərlik etdikləri kollektivlər adından öz dərin
minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün istər müəllimlərin, istərsə də
şagirdlərin əməyinə verilən ən böyük qiymət olduğunu qeyd ediblər. Səmimi söhbət əsasında keçən görüşdə məktəblilər də öz
ürək sözlərini bildirib, arzu və istəklərini çatdırıblar. Şəhər 2 nömrəli tam
orta məktəbin şagirdi Növrəstə Haqverdiyeva, 3 saylı tam orta məktəbin şagirdi
Nazim Şaqumov onlarla keçirilən bu görüşün həyatlarında böyük əhəmiyyət
daşıdığını bildiriblər. Göstərilən diqqət və qayğının etimadı olaraq bundan
sonra da dərslərini daha yaxşı oxuyacaqlarını və məktəblərinin adını uca
tutacaqlarını söyləyiblər. Keçirilən bütün tədbirlərdə daha böyük məharətlə
çıxış edəcəklərini çatdırıblar. Məktəbli yoldaşlarının adından bugünkü görüşə
görə təşəkkürlərini bildiriblər. Səmimi söhbət əsasında keçən görüşdə sonda xatirə şəkli
çəkdirilib. GOYEZEN.AZ
Facebook-da paylaş