Qazaxda “Cəhənnəm sakinləri” nümayiş etdirilib
Bu gün Qazax Dövlət Dram Teatrı
tərəfindən 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə
əlaqədar Azərbaycanın Xalq yazıçısı,
Əməkdar İncəsənət Xadimi Elçin Əfəndiyevin "Cəhənnəm sakinləri” pyesinin
motivləri əsasında hazırlanan tamaşa nümayiş etdirilib. Rayon Mədəniyyət Mərkəzinin böyük
zalında nümayiş olunan tamaşada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri,
təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri
iştirak ediblər. Rayon rəhbərliyi əvvəlcə mərkəzin
foyesində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin hazırladığı "20 Yanvar - qəhrəmanlıq tariximizin şanlı
səhifəsidir” sərgi ilə tanış olublar. Sonra tamaşanın nümayişi olub. Tamaşanın
quruluşçu rejissoru və musiqi tərtibatçısı teatrın baş rejissoru, Əməkdar
artist Musa Eyyubovdur. Tamaşada əsas rolları Nazilə Məmmədova, Aydın Orucov, İlqar Hacəliyev,
Nəsimi Aşbazov və Məmməd Hacəliyev ifa ediblər. Tamaşada hadisələr 1937-ci ilin son
günü, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə baş verir. Stalin
repressiyasının baş verdiyi bir zamanda cəmiyyət, hətta ailələr belə əziyyət
çəkir. Hamı bir-birindən şübhələnir, bir-birinə göz qoyur. İş o yerə çatır ki,
ata oğlundan, ər arvadından, qonşu-qonşusundan donos yazır. Hər kəs həyatda sağ
qalmaq xatirinə hər vasitəyə əl atır. İnsanlar dar ayaqda şeytanı lənətləyir.
Ancaq özlərinin törətdiyi əməllər şeytan əməllərindən də betərdir. Əsər tamaşaçılar
tərəfindən maraqla qarşılanıb. GOYEZEN.AZ
Facebook-da paylaş