Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil
Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni
mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə
zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı
amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai
mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən
rəngarəng obrazlar qalereyası yaratmışdır. Ana dilinin saflığı uğrunda daim
mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və
nəsr əsərləri, parlaq publisistika dərin humanist məzmuna malik olub, özündə
milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun
hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol
açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən "Molla
Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan xalqının çoxəsrlik mədəni
sərvətlər xəzinəsinə misilsiz töhfələr vermiş söz ustası Cəlil
Məmmədquluzadənin 150 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası
ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla,
böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər
planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 2019-cu il.
Facebook-da paylaş