• Təqvim

  • Unutma

  • Maraq



İkinci Şıxlı kəndində hesabat yığıncağı keçirilib

 

Qazax Rayon İcra Hakimiyyəti başçısının İkinci Şıxlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Qərib Bayramov, hüquq şöbəsinin müdiri İlyaz İsmayılov, kənd sakinləri iştirak ediblər. Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Kənd İƏD-si üzrə nümayəndə Natiq Qədimov çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, 2018-ci ildə Qazax rayonunda da "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa, quruculuq işləri aparılmışdır. Respublika Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü və uğurlu iqtisadi islahatlar Qazaxda da öz bəhrəsini vermişdir. Bildirib ki, son iki il yarımda rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində həyata keçirilən quruculuq və abadlıq işləri nəticəsində şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişib, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilib.

Kənd haqqında məlumat verən icra nümayəndəsi qeyd edib ki, Qazax mahalının qədim kəndlərindən biri də İkinci Şıxlı kəndidir. 1534-cü ildə əsası qoyulan kənd coğrafi mövqeyinə görə Kür çayının sahilində, Qarayazı meşəsi boyunca Gürcüstan və Ermənistan respublikaları ilə sərhəddə yerləşir. Rayon mərkəzindən 41 km şimal-qərbdə magistral İpək yolunun üzərində yerləşən İkinci Şıxlı kəndinin ümumi ərazisi 5245 hektardır. İkinci Şıxlı kənd İƏD üzrə nümayəndəlik bir kəndi əhatə edir. Kəndin 3969 nəfər əhalisi, 1037 təsərrüfatı var. İkinci Şıxlı kəndinin ərazisində 2 tam orta məktəb, 1 poçt, 568 yerlik ATS, 2 yanacaq doldurma məntəqəsi, 1 bələdiyyə, 6 bərbərxana, 1 həkim məntəqəsi, 1 folklor evi, 2 folklor klubu, 2 kitabxana, 3 körpələr evi-uşaq bağçası, 14 super market və mağazalar kənd əhalisinə xidmət edir. 4 kafe, restoran, "Sınıq-Körpü” Avtovağzalı, mənbəyi Xram Çayından götürülmüş nasos vasitəsilə vurulan içməli su anbarı və "İnvestel GROUP” MMC fəaliyyət göstərir. 27 və 28 saylı - 2 seçki məntəqəsi vardır. İkinci Şıxlı kənd V.Musayev adına tam orta məktəbdə 330 nəfər şagirdin təlim-tərbiyəsi ilə 42 nəfər müəllim məşğul olur. 18 nəfər texniki işçi çalışır. Ş.Nəsibova adına tam orta məktəbdə isə 188 nəfər şagirdə 30 nəfər müəllim elm öyrədir. 14 nəfər texniki işçi fəaliyyət göstərir.


Hesabat ilində İkinci Şıxlı kəndində də bələdiyyə və nümayəndəlik tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, kəndin ərazisində olan 3 uşaq bağçasından 2 saylı, 2 qruplu, 35 yerlik uşaq bağçası rayon rəhbərliyinin təşəbbüsü ilə yenidən qurularaq bütün lazımi avadanlıqlarla birlikdə fidan balaların istifadəsinə verilmişdir. Bunun üçün İkinci Şıxlı kənd sakinləri adından icra başçısı Rəcəb Babaşova öz minnətdarlığımızı bildiririk.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən problemlərlə maraqlanır və yerindəcə həll etmək üçün adiyyəti üzrə lazımi tapşırıqlar verir.

Ötən ilin dekabr ayında icra başçısının kənddə sakinlərlə səyyar görüşü zamanı qaldırılmış iki məsələ öz həllini tapmışdır. Belə ki, kəndin "Sınıq Körpü” Buraxılış Məntəqəsinə yaxın olan hissəsində azyaşlı uşaqların orta məktəbə təhlükəsiz gediş-gəlişi üçün Şıxlı arxının üzərində uzunluğu 9 m, eni 1 m olan dəmir konstruksiyalardan hazırlanmış körpü salınaraq sakinlərin istifadəsinə verilmişdir. Bundan başqa, Qazax Elektrik şəbəkəsi tərəfindən qəzalı vəziyyətdə olan 7 ədəd elektrik dayağı yenisi ilə əvəz olunmuşdur. Qış mövsümü ilə əlaqədar kənd ərazisində olan 4 kv-luq elektrik naqillərinə dəyən budaqlar daranmışdır.

Hesabat ilində İkinci Şıxlı bələdiyyəsi və kəndimizin iş adamları tərəfindən ümumilikdə 70 maşın çınqıl daşınaraq kəndarası yollara döşənmişdir.

Bildiyiniz kimi, kənd Gürcüstan Respublikası ilə sərhəddə yerləşir. Hər gün yüzlərlə xarici vətəndaş respublikamızın Qərb qapısı olan "Sınıq Körpü” Buraxılış Məntəqəsindən keçərək ölkəmizə qonaq gəlir. Buna görə də kəndin təmizliyinin qorunub saxlanılması daim diqqət mərkəzində saxlanılır. Kəndin 10 nəfər sakini həmin ərazidə təmizlik işləri ilə məşğul olur.

2018-ci ildə kənd ərazisində yerləşən məişət tullantılarının atılması üçün ayrılan ərazidə texnika vasitəsilə təmizlik işləri aparılmışdır. Bundan başqa, bayram və istirahət günlərində daim yol kənarlarında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılır.

Kənd sakinlərinin əsas məşğuliyyəti maldarlıq və əkinçilikdir. 01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatında 1436 baş iribuynuzlu, 6050 baş xırdabuynuzlu mal-qara, 12550 baş quş və 8 təsərrüfatda 96 arı ailəsi qeydiyyata alınmışdır. Hesabat dövründə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi təmin olunmuşdur. 2018-ci ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına buğda əkininin hər hektarına 90 manat, digər əkinlər üçün hər hektara 50 manat ödəməklə ümumilikdə 502 nəfər kənd əhalisinə 107331,30 manat vəsait ödənilmişdir. 2018-ci ilin məhsulu üçün 645 hektar buğda, 410 hektar arpa, 225 hektar qarğıdalı, 240 hektar kartof, 9 hektar tərəvəz, 211 hektar noxud, 5 hektar bostan əkilmişdir. 2019-cu ilin məhsulu üçün İkinci Şıxlı kəndinin pay torpaqlarında 1060 hektar səpin olmuşdur. Bundan 740 hektara buğda, 320 hektara arpa səpilmişdir. Hal-hazırda əkin sahələrində işlər davam edir. Bu günə qədər 1400 hektar sahədə şumlama işləri aparılmışdır. 3 hektar torpaq sahəsi tütün üçün nəzərdə tutulmuşdur. 2018-ci ildə kənddə 353 kq barama və 1750 ton tütün kənd əhalisi tərəfindən istehsal olunaraq təhvil verilmişdir. Kənd ərazisində baramaçılığın daha da inkişaf etdirilməsi üçün 1000 ədəd tut ağacı əkilmişdir.

Artıq 2 ildir ki, rayon rəhbərliyinin təşəbbüsü ilə kənd ərazisində olan Şıxlı arxı, ana kanallar və su arxları İkinci Şıxlı bələdiyyəsi, Suvarma Sistemləri İdarəsinin işçiləri və kənddə olan texnika vasitəsilə təmizlənmişdir ki, su itkisinə yol verilməsin. Kəndin ərazisində olan uzunluğu 11,6 km kanaldan 6,5 km hissəsi əl əməyi, 5,1 km hissəsi isə texnika ilə təmizlənmişdir.

İkinci Şıxlı kəndi ərazisində yeni inşa edilən "İnvestel GROUP” MMC-nin kəndimizdə inşa olunması kənd əhalisinin yeni iş yerləri ilə təmin olunmasına gətirib çıxarmışdır. Hazırda "İnvestel GROUP” MMC-də daimi olaraq 82 nəfər, mövsümü olaraq isə 325 nəfər işləyir.

Hesabat ilində Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən kənd sakinlərinin problemlərinin yerindəcə öyrənilməsi və həlli ilə əlaqədar adiyyəti üzrə məsələlər qaldırılması məqsədilə kənddə 10 nəfər tərkibdən ibarət işçi qrupu yaradılmışdır. Kənd icra nümayəndəliyinin, kənd bələdiyyəsinin, işçi qrupunun təşəbbüsü, kənd əhalisinin iştirakı ilə kəndarası yolların, mərkəzi yolun ətrafı, kənd qəbiristanlığında təmizlik işləri aparılmışdır. Belə iməclik kənd ərazisində mütəmadi olaraq aparılır. Dekabrın 22 və 23-də ümumkənd iməcliyi keçirilmişdir.

2018-ci ildə icra nümayəndəliyinə 13 məktub daxil olmuş, təşkilatlara nümayəndəlik tərəfindən 37 məktub göndərilmişdir. Vətəndaşlara 1372 ədəd müxtəlif məzmunlu arayışlar verilmişdir. 4 rəsmi müraciət daxil olmuş və müraciətin hamısı öz müsbət həllini tapmışdır. 17 şifahi müraciətə baxılmış, nəticəsi barədə həmin vətəndaşlara məlumat verilmişdir. İl ərzində nümayəndəlik tərəfindən 6 nigah, 37 ölüm şəhadətnaməsi verilmişdir. 9 nəfər kənddə qeydiyyata alınmışdır. Qeydiyyatdan çıxan isə olmamışdır.

Məruzə ətrafında çıxış edən İkinci Şıxlı kənd bələdiyyəsinin sədri Fikrət Talıbov, sakinlərdən Qurban Mikayılov, Eldəniz Binnətov, Nərminə Kələşova, Gülarə Qurbanova çıxış edərək hesabat ilində kənddə görülmüş işlərdən söz açmış, İkinci Şıxlı kəndinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyevə bütün kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, kənddə məktəb və 2 bağçanın təmiri nəzərdə tutulub ki, o da həyata keçiriləcəkdir. Biz sakinlər əminik ki, kəndimiz bundan sonra da rayon rəhbərliyinin qayğısı sayəsində gündən-günə inkişaf edəcəkdir.


Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağında çıxış edərək rayon rəhbərliyinin adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Bu inkişaf və tərəqqini dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində ölkəmizin son 15 ildə qazandığı uğur və nailiyyətlərdən də aydın şəkildə görmək olar. Son illərdə ölkəmizin beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun artması, bütün sahələr üzrə güclü dövlət kimi tanınması bunun bariz nümunəsidir.

M.Alıyev qeyd edib ki. Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən bir daha aydın oldu ki, Azərbaycan gündən-günə inkişaf edir və bütün dünyada böyük söz sahibi olan qüdrətli dövlətə çevrilir.

Birinci müavin vurğulayıb ki, 2018-ci il rayonda həyata keçirilmiş və aparılan tikinti-quruculuq işləri, yeni iş yerlərinin yaradılması, istifadəyə veriləcək istehsal müəssisələrin sayına görə uğurlu il olub. Ölkə başçısının yürütdüyü siyasətin Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunması sayəsində rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə edilib. Məhz bunun nəticəsidir ki, Qazaxda diqqətdən kənarda qalan bir sahə olmamışdır. Bunu istər sosial obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir. "2018-ci ilin Qazax rayonu üçün tikinti-quruculuq ili kimi yadda qaldığını”, - deyən müavin son iki il yarımda görülən işlərdən də söz açıb.

 

”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının, rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişini, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən bərpasını, Qazax rayonu üzrə olan 25 bağçadan 18-də müassir standartlara cavab verən şəraitin yaradılmasını, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulmasını, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunmasını və sakinlərin istifadəsinə verilməsini, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsini 2018-ci ilin uğurlu il olmasının əyani sübutu kimi qiymətləndirib.

"Qazaxda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir”, – deyən M.Alıyev bildirib ki, rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz məhsuldarlıq sayəsində deyə bilərik ki, 2018-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il olub. Bundan əlavə, kənd təsərrüfatının inkişaf etdirilməsi rayonda əhalinin məşğulluğunun təmin olunmasında da böyük rol oynayıb. Ona görə də 2018-ci il bu sahədə də yaddaqalan olub. Müavin hazırda rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və şəhərimizin abadlaşması istiqamətində görülən işlərin uğurla davam etdirildiyini qeyd edib.






GOYEZEN.AZ

 



Facebook-da paylaş