• Təqvim

  • Unutma

  • Maraq



2018-ci il Qazaxda tikinti-quruculuq ili kimi yadda qaldı


Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Aslanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2018-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında bu fikir səslənib.

Yığıncaqda Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak ediblər.

Yığıncağın aparılması üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər səslənib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev hesabat yığıncağını giriş sözü ilə açaraq rayon rəhbərliyinin adından kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dinamik inkişaf strategiyası Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində uğurla davam etdirilir. Birinci müavin bildirib ki, yola saldığımız 2018-ci il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 15 ili tamam oldu. Azərbaycan tarixinə uğur səlnaməsi kimi yazılan bu dövrdə bütün sahələrdə fundamental dəyişikliklər baş verib. Ölkəmizin beynəlxalq aləmdə mövqeyi və nüfuzu daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən bir daha aydın oldu ki, Azərbaycan gündən-günə inkişaf edir və bütün dünyada böyük söz sahibi olan dövlətə çevrilir.

M.Alıyev vurğulayıb ki, 2018-ci il Qazax rayonu üçün hər bir sahədə uğurlu il oldu. Ölkə başçısının siyasətinin Qazaxda rayon rəhbərliyi tərəfindən olduğu kimi icra olunması sayəsində rayonda bütün sahələr üzrə uğurlu nəticələr əldə olundu. Bu gün tam əminliklə deyə bilərik ki, Qazaxda elə bir sahə olmaz ki, diqqətdən kənarda qalsın. Bunu istər sosial  obyektlərin inşası, istər kənd təsərrüfatının inkişafı, istərsə də təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində əldə etdiyimiz nailiyyətlər söyləməyə əsas verir.


"2018-ci il həm də Qazax rayonu üçün tikinti-quruculuq ili kimi yadda qaldı”, - deyən müavin son 2 il yarımda görülən işlərdən də söz açıb. ”Azərxalça” ASC tərəfindən tikilən xalça müəssəsinin, ”Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun, hazırda son tamamlanma işləri aparılan İkinci Şıxlı kəndində ”İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkın, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunun, 145 çarpayılıq rayon mərkəzi xəstəxanasının, rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərində yeni asfalt yolların çəkilişi, Daş Salahlı-Ürkməzli-Dəmirçilər kənd yolunun yenidən bərpası, Qazax rayonu üzrə olan 25 bağçadan 18-də müassir standartlara cavab verən şəraitin yaradılması, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının yenidən qurulması, rayonda olan 163 ədəd çoxmənzilli yaşayış binasından artıq 129-nun yüksək səviyyədə təmir olunması və sakinlərin istifadəsinə verilməsi, bundan əlavə, rayonda sakinlərin istəyini nəzərə alaraq çoxmənzilli binaların həyətlərində xeyir-şər evlərinin tikilməsi 2018-ci ilin uğurlu il olmasının bariz nümunəsidir.

Müavin qeyd edib ki, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük  diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmışdır. Rayonumuzda barama, tütün, kartof və taxıl sahələrindən götürdüyümüz bol məhsuldarlıq sayəsində deyə bilərik ki, 2018-ci il kənd təsərrüfatı üçün məhsuldar bir il oldu. Bundan əlavə, kənd təsərrüfatının inkişaf etdirilməsi rayonda əhalinin məşğulluğunun təmin olunmasında da böyük rol oynadı. Rayon sakinlərinin işlə təmin olunmasında mühüm əhəmiyyət kəsb etdi. Ona görə də 2018-ci il bu sahədə də yaddaqalan oldu. Hazırda  rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması və şəhərimizin abadlaşması istiqamətində işlər davam etdirilir.


Aslanbəyli kənd İƏD-si üzrə nümayəndəsi əvəzi Vəfa İsmayılova hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, Aslanbəyli kəndi Qazax rayonunun qədim kəndlərindən biridir. Kəndin hazırda 971 təsərrüfatı, 4408 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 folklor evi, 1 kitabxana, 1 həkim məntəqəsi, 1 poçt, 1 rabitə şöbəsi, 1 ATS, 2 bərbərxana, 17 ticarət obyekti fəaliyyət göstərir. Kənd ərazisində Hacımahmud Əfəndi ziyarətgahı və məscidi vardır.

2018-ci ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir.

İcra nümayəndəliyi üzrə 2018-ci ildə 899 arayış verilmiş, 31 məktub daxil olmuş, vətəndaşlardan müxtəlif mövzuda 14 yazılı, 21 şifahi müraciətlər daxil olmuşdur. Həmin müraciətlərə baxılmış, 2 müraciətə baxılması üçün aidiyyəti üzrə göndərilmişdir.

Hesabat ilində kəndimizdə bir çox işlər görülmüşdür. Şəhidlərin xatirəsini əbədiləşdirmək  məqsədilə yeni abidə kompleksi quraşdırılmışdır. 2018-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Aslanbəyli kənd sakinləri ilə səyyar görüş keçirmiş, kənd sakinlərini narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlar vermişdir. Qaldırılmış problemlərdən biri olan kənddə 13 ədəd elektrik dirəkləri  dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.

Su itkisinin qarşısının alınması, suvarmanı optimal müddətdə başa çatdırmaq məqsədilə rayon rəhbərliyinin tapşırığı ilə bütün kəndlərində olduğu kimi, Aslanbəyli kəndində də uzunluğu 13,5 km olan suvarma arxının 4,1 km-i əl əməyi ilə lildən, kol-kosdan təmizlənmiş, 8,4 km hissəsi isə Suvarma Sistemləri İdarəsinin texnikası ilə təmizlənməsi davam etdirilməlidir. Kənd sakinlərinin iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında təmizlik işləri aparılmışdır. Belə iməcliklər il ərzində kənd ərazisində mütəmadi olaraq keçirilmişdir.

Bundan əlavə, əhalinin suya olan tələbatının yaxşılaşdırılması üçün Respublika Prezidentinin Sərəncamı ilə 1 ədəd  subartezian quyusunun qazılması planlaşdırılmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ruhunu əziz tutaraq şəhid ailələrinə, onların doğmalarına, yaxınlarına daim diqqət və qayğı göstərir. Hər zaman onların problemləri ilə maraqlanıb, qarşılaşdıqları çatışmazlıqların həlli istiqamətində saysız-hesabsız işlər görüb. Nümayəndəlik ərazisində yaşayan şəhid ailələrinə, imkansız ailələrə Qazax Rayon İcra  Hakimiyyəti tərəfindən Yeni il, Novruz bayramı və Qurban bayramı münasibətilə bayram sovqatları verilmişdir.

Aslanbəyli kənd tam orta ümumtəhsil məktəbində 373 nəfər şagird təhsil alır. Şagirdlərin  təlim-tərbiyəsi ilə 43 nəfər müəllim məşğul olur. Məktəbdə 19  nəfər texniki işçi işləyir. Keçən il məktəbi bitirmiş 30 nəfər şagirddən 9 nəfəri ali məktəbə, 7 nəfəri isə orta ixtisas məktəbinə daxil olmuşdur. 3 nəfər isə 2017-ci ildə məktəbi bitirən şagirdlərdən orta ixtisas məktəbinə daxil olmuşdur.

Aslanbəyli kəndində 2018-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur.

Nümayəndəlik ərazisində 512 nömrəli elektron ATS və Mobil telefon stansiyaları Azərcell, Bakcell fəaliyyət göstərir.

Hesabat dövründə 34 doğum, 35 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport  qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır.

Aslanbəyli kənd əhalisinin əsas fəaliyyət sahəsi əkinçilik və heyvandarlıqdan ibarətdir.   2018-ci ilin məhsulu üçün kənd əhalisi tərəfindən 1523 hektarda səpin aparılmışdır.  Ondan 851,8 hektarda buğda (bundan 302 hehtarı icarə torpaqları olmuşdur), 481,5 hektarda arpa, 145,0 hektarda yonca, 8,0 hektarda qarğıdalı, 14,0 hektarda üzüm və  digər kənd təsərrüfatı bitkiləri əkilib becərilmişdir. Hər hektardan 20-25 sentner buğda məhsulu götürülmüşdür. Bundan əlavə, 500 kq barama istehsal olunmuşdur. Kənd təsərrüfatı ilə məşğul olan 616 nəfər əməkçilərə müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 97648,60 manat subsidiya ödənilmişdir.

2019-cu ilin məhsulu üçün 1370 hektar əkin aparılmış, bundan 785 hektarda buğda, 565  hektarda isə arpa səpilmişdir.

Kənd əhalisi arasında heyvandarlıq, taxılçılıq, tütünçülük, barama istehsalı və bağçılığı inkişaf etdirmək üçün geniş təbliğat işləri aparılır. Xüsusi olaraq heyvandarlığı inkişaf  etdirmək üçün mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında süni mayalanmadan istifadə edilməsi geniş təbliğ olunur. 01.01.2019-cu il tarixə əhali və fermer təsərrüfatlarında 956 baş iribuynuzlu, 6040 baş xırdabuynuzlu heyvan, 11000  baş quş qeydiyyata alınmışdır.

5 dekabr 2018-ci il tarixdə 9 nəfər arıçıya məxsus 180 yeşik arı ailəsi birkalanıb,  qeydiyyata alınıb, akt tərtib olunmuşdur.

Aslanbəyli kənd icra nümayəndəliyi, kənd bələdiyyəsi istər əkinçilik, istərsə də heyvandarlıq sahələrində, torpağın əkilməsində, səpilməsində, biçilməsində, sahələrin qorunmasında kənd əhalisinə yaxından köməklik göstərir. Aslanbəyli bələdiyyəsi və kənd icra nümayəndəliyi işlərini birgə həyata keçirmişlər. Kəndarası yolların təmiri, əhalinin içməli suya olan tələbatının ödənilməsi, elektrik transformatorlarının və subartezian su nasoslarının fasiləsiz işləməsi sahəsində məqsədyönlü fəaliyyət göstərmiş, Aslanbəyli kəndində olan şəhid ailələrinə, kimsəsizlərə, imkansızlara tarixi və dini bayramlarda yardımlar vermişlər.

Sonra məruzə ətrafında çıxışlar olub. Sakinlərdən ağsaqqal, təqaüddə olan müəllim Qəhəd Umudov, Asif Seyidov, Hava İsmayılova və başqaları söz alaraq hesabat məruzəsi ilə əlaqədar öz fikirlərini bildiriblər. Hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndiriblər. 2018-ci ildə respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya görə Aslanbəyli kənd əhalisi adından Prezident İlham Əliyevə və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildiriblər. Sakinlər həyətyanı əkin sahələrinin suvarılması və içməli su ilə bağlı istək və təkliflərini bildirərək kənddə əlavə yeni bir artezian quyusunun qazılmasının vacibliyini diqqətə çatdırıblar.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev sakinləri diqqətlə dinlədidkən sonra bildirib ki, hər il olduğu kimi, 2019-cu ildə də rayonda subartezian quyularının qazılması nəzərdə tutulub ki, onun da biri Aslanbəyli kəndində qazılacaqdır.







  GOYEZEN.AZ                   



Facebook-da paylaş