Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2019-cu ildə böyük Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.
İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər
mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin
mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə
qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik
fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin
aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və
çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil
edir.
Nəsimi dünya poeziyasının ən kamil nümunələri
sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani
məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist
ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da
zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin
mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna
imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın
yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli
təsir göstərmişdir.
Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat
xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş
fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş
yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu
öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk
dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil
edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur.
Həmin dövrdən etibarən Nəsimi irsinin və
bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması
istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq
milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin
yaddaqalan obrazı yaradılmış, Bakının mərkəzində şairin əzəmətli heykəli
ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu
Nəsiminin adını daşıyır.
2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş
qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsi və 2018-ci ilin
sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının
təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi
hesab oluna bilər.
İmadəddin Nəsiminin adı həqiqət naminə, fikir
azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşib, əsrlərdən bəri Şərq
xalqlarının yaddaşında yaşamaqdadır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin yüksək səviyyədə
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi
Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti böyük Azərbaycan şairi və
mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər
planının hazırlanıb həyata keçirilməsini təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2018-ci il.
Facebook-da paylaş