• Təqvim

  • Unutma

  • Maraq



Xanlıqlar kəndi hesabat verib

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Xanlıqlar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində keçirilən hesabat yığıncağında 2018-ci ildə görülmüş işlər müzakirə olunub və 2019-cu ildə qarşıda duran vəzifələrdən danışılıb.

Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, şöbənin baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak ediblər.

Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.

Xanlıqlar kənd İƏD-si üzrə nümayəndə Xasay Balayev hesabat məruzəsi ilə çıxış edərək ötən ilin Qazax rayonu üçün uğurlu olduğunu bildirib. Qeyd edib ki, son illər respublikamızın həyatı yaddaqalan tarixi hadisələrlə zəngin olmuşdur. Bu nailiyyətlər ölkə başçısının uzaqgörən, məqsədyönlü daxili və xarici siyasətindən irəli gəlir. Ötən 2018-ci ildə respublikamız həm daxili, həm də xarici siyasətində bir çox uğurlara imza atmışdır. Müstəqil Azərbaycan dövlətinin gündən-günə inkişaf etməsi, dünya dövlətləri sırasında qabaqcıl yer tutması və suveren bir dövlət kimi dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi bütün bunların bariz nümunəsidir.

İcra nümayəndəsi qeyd edib ki, ötən il rayonumuz, o cümlədən Xanlıqlar kəndi üçün də uğurlu olmuşdur. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə Qazaxda həyata keçirilən genişmiqyaslı yenidənqurma işlərindən danışan X.Balayev son iki il yarımda çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasını, Çaylı, Bala Çaylı, Kosalar, Hüseynbəyli, Canalı, Dəmirçilər, Cəfərli kəndlərinə yeni asfalt yolların, Ermənistanla həmsərhəd olan Quşçu Ayrım, Məzəm, Bala Cəfərli kəndlərində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə istinad divarlarının çəkilməsini bu istiqamətdə görülən işlərin ən bariz nümunəsi olduğunu bildirib. Rayon rəhbərliyi tərəfindən Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan icra nümayəndəsi rayon üzrə olan 25 bağçadan 18-nin müasir standartlara cavab verən səviyyəyə çatdırıldığını bildirib. Daş Salahlı, Kosalar, İkinci Şıxlı, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində olduğu kimi Xanlıqlar kəndində də bağçanın əsaslı şəkildə yenidən qurularaq körpə fidanların istifadəsinə verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, hesabat ili dövründə rayonumuzla yanaşı Xanlıqlar kəndində də bir sıra təqdirəlayiq işlər görülmüşdür. Kənd əhalisi ilə mütəmadi olaraq görüşlər keçirilmiş, onların problemləri ətraflı araşdırılmış və lazımi tədbirlər planı hazırlanaraq icrasına başlanılmışdır. Hesabat ili ərzində əhalinin qaldırdığı problemlərin bir çoxu artıq öz həllini tapmışdır.

 

Kənd haqqında məlumat verən icra nümayəndəsi bildirib ki, Xanlıqlar kəndinin əsası XVII əsrə təsadüf edir. Əvvəllər "Baba Dərviş”, imperiya dövrünədək "Xanlıqlar”, sovet hakimiyyəti dövründə "Musaköy”, müstəqilliyimizi qazandıqdan sonra isə yenidən "Xanlıqlar” adlandırılan kənd qərbdən 29 km Ermənistanla həmsərhəddir. Hal–hazırda Xanlıqlar kəndində 3647 nəfər əhali yaşayır ki, bunlar da 935 təsərrüfatda cəmləşir. 2018-ci ildə Xanlıqlar kəndində 2 nigah, 56 doğum, 17 ölüm qeydə alınmışdır. Kəndin ümumi ərazisi 3805 hektardır. Həyətyanı və tikililər altında olan torpaq sahəsi 141 hektardır. Kənddə aparılan torpaq islahatı nəticəsində torpaqların 457 hektarı dövlət mülkiyyətinə, 2285 hektarı bələdiyyə mülkiyyətinə, 873 hektarı isə 840 ailəyə pay torpağı kimi verilmişdir.

Xanlıqlar kənd əhalisi əsasən əkinçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğuldur. Torpaq islahatından sonra əhalinin güzəranı yaxşılaşmış, bir çox sahələrdə: yaşayış evlərinin tikintisində, şəxsi mal-qaranın sayında, bu və ya digər sahələrdə əvvəlki illərə nisbətən irəliləyişə nail olunmuşdur. 2018-ci təsərrüfat ilində əkinçilərimiz 526 hektarda payızlıq taxıl, 25 hektarda qarğıdalı, 120 hektarda kartof, 228 hektarda yonca, 65 hektarda tərəvəz əkib becərmişlər.

Ölkə Prezidentinin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçıları güzəştli şərtlərlə yanacaq, motor yağları, mineral gübrələr və kənd təsərrüfatı texnikaları ilə təmin olunmuşlar. Kənd ərazisində kənd təsərrüfatı texnikalarının kifayət qədər olması və əvvəlki illərə nisbətən suvarma suyunun səmərəli verilməsi nəticəsində ötən il daha çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. 2018-ci təsərrüfat ilində 17000 sentner taxıl, 1000 sentner qarğıdalı, 24000 sentner kartof, 13650 sentner tərəvəz, 2340 ton yonca istehsal edilmişdir.

Baramaçılığın inkişafı məqsədilə Xanlıqlar kəndinin ərazisində 500–dən çox tut tingi əkilmişdir. 2017-ci ildə baramaçılarımız 300 kq barama təhvil verdiyi halda 2018-ci ildə bu rəqəm 406 kq-a yüksəlmişdir.

2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına əkin aparılmış 695.33 hektar sahə üçün 420 vətəndaşa kart vasitəsilə 49672 manat yardım verilmiş, ehtiyacı olanlara 70 faiz güzəştlə mineral gübrələr satılmışdır.

Əhalidə olan mal-qaranın cins tərkibi yaxşılaşdırılmaqla sayı ildən-ilə artır. 1 yanvar 2019-cu il tarixə kənd əhalisinin 1765 baş iribuynuzlu, 5540 baş xırdabuynuzlu mal-qarası, 17430 ev quşları qeydə alınmışdır. Qarayara, quduzluq, dabaq xəstəliklərinə qarşı rayon Baytarlıq İdarəsinin Xanlıqlar kənd sahə həkimləri tərəfindən dövlət vəsaiti hesabına pulsuz profilaktiki tədbirlər aparılmış və daim nəzarət altında saxlanılır.

 

Hesabat ilində kənd əhalisinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində də bir sıra məqsədyönlü işlər görülmüşdür. Kənddə əhali ilə canlı ünsiyyətə, qarşıya çıxan sosial-mədəni problemlərin həllində ictimaiyyət nümayəndələrinin yaxından iştirakına üstünlük verilmişdir. Kənddə görülməsi vacib olan məsələlər ilin əvvəlindən perspektiv iş planına daxil edilmiş, icrası kənddə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinə həvalə edilmişdir. Belə ki, 2018-ci ildə nümayəndəliyin iş planına vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, kəndarası yolların təmiri, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərbi çağırışın təşkili, ekologiya və sanitariya işlərinə nəzarət, əkinçilik işlərində və heyvandarlığın inkişafında əhaliyə köməklik, səhiyyə, təhsil, mədəniyyət, rabitə və ticarət müəssisələrinin fəaliyyəti, kənd ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, imkansız və kimsəsizlərə qayğı göstərmək, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılması, kənd ərazisində milli və ümumi bayramların qeyd edilməsi, kənd ərazisinin, qəbiristanlıqların təmiz saxlanılması məqsədilə mütəmadi iməciliklər keçirilməsi və bu kimi məsələlər daxil edilmişdir.   

Xanlıqlar kəndində həkim məntəqəsi, 512 nömrəlik EATS, poçtamt, Qazax Peşə liseyi, "İmperial” MMC, "Azərcell” və "Bakcell” mobil telefon stansiyaları, 35/10 kv-luq yarımstansiya, məişət xidməti obyektləri, mağazalar, təhsil və mədəniyyət müəssisələri fəaliyyət göstərir. Xanlıqlar kənd kitabxanasının binası qəzalı vəziyyətdə olduğundan kitabxana tərəfimizdən yeni binaya köçürülmüş, təmir edilərək oxucuların istifadəsinə verilmişdir.

Xanlıqlar kənd əhalisinin maddi rifah halının yaxşılaşdırılmasında və kəndin abadlaşdırılmasında nümayəndəlik öz işini bələdiyyə ilə birgə qurmuş, elektrik transformatorlarının, subartezian quyularının daim işləməsini, içməli su xəttinin, təbii bulaqların dayanıqlığını, kəndarası yolların 6 km-nə yaxın hissəsinin təmir olunmasını təmin etmişdir. Kənddə yaşayan şəhid ailələrinə, Qarabag müharibəsi əlillərinə, imkansız və kimsəsizlərə keçirilən bayram tədbirlərində maddi və mənəvi köməkliklər göstərilmişdir. 5 nəfər Qarabağ əlili həyətyanı torpaq sahəsi ilə təmin edilmişdir.   

Kənd ərazisində bir Peşə liseyi, bir tam orta ümumtəhsil məktəbi, bir əsas ümumtəhsil məktəbi və bir körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta ümumtəhsil məktəbində 330 şagird təhsil alır ki, bunların da təlim-tərbiyəsi ilə 49 müəllim və 22 texniki işçi məşğul olur. 2018-ci il ərzində məktəbi 25 şagird bitirmişdir. Onlardan 7 nəfər ali, 3 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Ali məktəblərə qəbul olmuş 7 məzundan 1 nəfəri - İsmayılova Mələk Şəmistan qızı 641 bal toplayaraq Azərbaycan Tibb Universitetinə, 1 nəfəri - Mahmudova Tərlan Saməddin qızı 622 bal toplayaraq Bakı Dövlət Universitetinə daxil olmuşdur. Hər iki tələbə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən mükafatlandırılmışdır. 3 nəfər məzun 350 baldan yuxarı nəticə göstərmişdir. Azad Mikayılov adına əsas ümumtəhsil məktəbində isə 88 şagird təhsil alır. Ötən dərs ilində məktəbi 3 şagird bitirmiş, onların hər üçü Qazax peşə liseyinə daxil olmuşdur.

Xanlıqlar kənd körpələr evi-uşaq bağçasında 55 uşağın təlim-tərbiyəsi ilə 21 nəfər müəllim və texniki işçi məşğul olur.

Xanlıqlar kəndində fəaliyyət göstərən həkim məntəqəsi 2018-ci ildə əsaslı təmir olunmuşdur. Kənd həkim məntəqəsində fəaliyyət göstərən həkim personalı daim uşaqlar arasında müxtəlif peyvənd işləri aparmış, onların sağlamlığının qorunmasını diqqətdə saxlamışlar.

Respublikamızın dinamik inkişafında, xalqın sosial rifahının yaxşılaşdırılmasında enerji daşıyıcılarının rolu əvəzsizdir. Xanlıqlar kəndində bu sahədə çox işlər görülmüşdür. Əhaliyə 24 saat fasiləsiz elektrik enerjisi və mavi qaz yanacağı verilir. Lakin kəndin 100-dən çox yaşayış evinin 35 kv-luq elektrik xəttinin altında yerləşməsi kənd əhalisini düşündürən və narahat edən ən vacib məsələlərdən biridir. Bundan başqa, Xanlıqlar kəndində yeni salınmış yaşayış massivlərinə elektrik, qaz xəttinin çəkilməsinə və telefon dirəklərinin, kabellərin dəyişdirilməsinə ehtiyac vardır. Xanlıqlar kəndində SİP kabelləşmənin davam etdirilməsi, kəndin mərkəzi yollarının asfaltlaşdırılması da kənd sakinlərinin qaldırdığı məsələlərdəndir.

Bununla yanaşı kənddə 1 ədəd artezian quyusu qazılaraq istifadəyə verilmişdir. Ötən ildə qazılmış artezian quyusunun yanında sakinlərin istifadəsi üçün Xanlıqlar bələdiyyəsinin hesabına hündürlüyü 14 metr, tutumu 15 ton olan su çəni quraşdırılmışdır. Kəndin əsas içməli su mənbəyi olan "Bayramov” su xəttinin üzərində təmir işləri aparılmışdır. Bu təmir nəticəsində içməli su ilə kəndin 80 faizi təmin edilir. Bundan başqa, bələdiyyə tərəfindən "Karqaya" bulağının da borularında təmir-bərpa işləri aparılmış, 2300 metr boru xətti yenisi ilə əvəz olunaraq suyun kəndə gəlməsi təmin edilmişdir. Yaxın günlərdə həmin bulaqda yeni su anbarının tikilməsi nəzərdə tutulmuşdur.

Hesabat ili ərzində Xanlıqlar kənd sakinlərinin ərizə və şikayətlərinə baxılması, onların qəbul edilərək tələb və təkliflərinin yerinə yetirilməsi sahəsində müsbət işlər görülmüşdür. İl ərzində vətəndaşlardan 20 ərizə və 38 şifahi müraciət daxil olmuşdur. Ərizələr məzmun etibarı ilə təsərrüfatdan ayrılma və sosial yönümlü müraciətlərdən ibarətdir. Şifahi müraciətlərin əksəriyyəti isə torpaq sərhədləri, yol, suvarma suyu və qonşu münasibətləri ilə əlaqədar olan məsələlərdir. Həmin şifahi müraciətlər və verilmiş ərizələr vətəndaş müraciət etdiyi gündən dərhal sonra münaqişəli tərəflərin birgə iştirakı ilə yerində həll edilmişdir. İl ərzində nümayəndəliyə yuxarı təşkilatlardan 28 ədəd məktub, qərar və sərəncam daxil olmuşdur. Məktublara aidiyyəti olaraq cavab verilmiş, qərar və sərəncamların  icrası üçün isə lazımi tədbirlər görülmüşdür. 2018-ci ildə icra nümayəndəliyində keçirilmiş 13 iclasda 26 məsələ müzakirə olunmuşdur.

Kənd sakinləri adından çıxış edən Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova söz alaraq hesabat ilində kənddə görülmüş işləri yüksək qiymətləndirib. 2018-ci ildə respublikamızda, eləcə də bölgələrimizdə görülən işlərə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, əhaliyə göstərdiyi diqqət və qayğıya görə Xanlıqlar kənd camaatı adından Prezident İlham Əliyevə və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.

 

Hesabat yığıncağında iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar rayon rəhbərliyinin səmimi arzularını çatdırıb, ən xoş arzularını bildirib. Qeyd edib ki, hər il olduğu kimi yola saldığımız 2018-ci il ölkəmiz və xalqımız üçün uğurlu bir il olmuşdur. Qurucusu və memarı ulu öndər Heydər Əliyevin olduğu Azərbaycanın ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyini bildirib.


M.Alıyev respublikamızda olan inkişafın bölgələrimizdə də davam etdiyini bildirib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında rayonda bütün sahələrdə uğurlu nəticələrin əldə olunduğunu qeyd edib.

Bildirib ki, bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, bu da yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında da son tamamlanma işlərinin aparıldığını diqqətə çatdırıb.

Rayonda yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən də danışan müavin başlanılması nəzərdə tutulan su-kanalizasiya xəttinin, Gəncə-Qazax-Gürcüstan dövlət sərhəddi avtomobil yolunun çəkilməsinin, "Saloğlu” fərdi mebel firması tərəfindən yeni tikiləcək fabrikin bu istiqamətdə görülən işlərin əyani sübutu olduğunu bildirib. İstər açılışı gözlənilən, istərsə də tikintisi nəzərdə tutulan bütün işlərin bir amala – vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb.



GOYEZEN.AZ

                  


Facebook-da paylaş