• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda şəhid Qoşqar Qurbanovun adına tikilmiş bulaq kompleksinin açılışı olub

Son iki il yarımdır ki, Qazaxda bütün sahələrdə olduğu kimi, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına daim diqqət və qayğı göstərilir. Rayonda elə bir sahə tapılmaz ki, orada bu təbəqədən olan insanlara üstünlük verilməsin.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə, onların ailə üzvlərinə verdiyi qiymət, göstərdiyi qayğı son iki il yarımda hər kəsə yaxşı məlumdur. Rayon rəhbəri tərəfindən ilk olaraq şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi, ən əsası da şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanının yenidən qurulması, şəhidlərin şəkli əks olunmuş lövhələrin vurulması, xiyabanın qarşısında parkın salınması bu dediklərimizin bariz nümunəsidir. Bu gün rayonda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi  istiqamətində yeni bulaq komplekslərinin tikilməsi demək olar ki, ənənə halını alıb. Bu günə kimi Qazax rayonunda Milli Qəhrəmanlardan Alı Mustafayevin, Şamoy Çobanovun, Mərfət Nəsibovun, Firuddin Şamoyevin, Aprel şəhidlərindən - kapitan Mühüd Orucovun, baş leytenant Elvin Namazovun, şəhid Orxan Əliyevin, Şahvələd Abbasovun, polis şəhidlərin, döyüşlərdə iştirak etmiş Vəfa Dəmirçioğlunun xatirəsinə bulaq komplekslərinin tikilməsi şəhidlərimizə olan ehtiramın əyani sübutudur.  

Rayon rəhbərliyinin tapşırığına əsasənşəhərin M.Ə.Rəsulzadə küçəsində daha bir şəhidin də adı əbədiləşdirilib. Şəhid Qurbanov Qoşqar Məqsəd oğlunun adına yeni bulaq kompleksi tikilib.

Bu gün Qoşqar Qurbanovun vəfatının 4-cü ildönümü günündə həmin yeni bulaq kompleksinin açılışı olub.  

Açılış mərasimində Qazax RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin kənd İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, müharibə veteranları, məktəb direktorları, Fərəhli kənd sakinləri, şəhidin ailə üzvləri, yaxınları, doğmaları və KİV nümayəndələri iştirak ediblər. 

Əvvəlcə şəhidin ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Sonra bulaq kompleksinin açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb və tər çiçək dəstələri düzülüb.





 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək Respublika Prezidenti İlham Əliyev tərəfindən şəhidlərimizə və şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıb. Qeyd edib ki, bu gün ölkəmizdə dövlət başçısı tərəfindən sistemli ordu quruculuğu ilə yanaşı, Vətənin bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə veteranlarına və əlillərinə böyük diqqət və qayğı göstərilir. Respublika Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranları və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həll olunması, ən əsası da hər cür qayğı ilə əhatə olunmaları təşkil edir.


Rayon rəhbəri bildirib ki, bu gün cəbhə bölgəsində yerləşən Qazax rayonu 285 şəhid verib. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün bizlər azad şəkildə müstəqil və suveren bir dövlətdə yaşayırıqsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır.


İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da şəhid ailələrinə, onların ailələrinə hər zaman xüsusi qayğı ilə yanaşıldığını qeyd edib, bu sahədə görülən məqsədyönlü işlərdən söz açıb. Şəhidlərin adlarına yeni bulaq komplekslərinin inşa olunaraq onların ailə üzvlərinə, eyni zamanda, qazaxlıların istifadəsinə verilməsini bu istiqamətdə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, son iki il yarımda sayca onuncu şəhid bulağıdır ki, bu gün açılışına toplaşmışıq. Bu cür işləri görməkdə əsas məqsədimiz şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bu bulağın suyundan içən hər bir kəs şəhidə dua oxumaqla bərabər rayonunun şəhidini də tanıyacaqdır.


Fərəhli kənd İƏD üzrə nümayəndəsi Nəsimi Vəliyev çıxış edərək şəhid Qoşqar Qurbanov haqqında məlumat verib. Qeyd edib ki, şəhid Q.Qurbanov 26 aprel 1980-ci ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1987-ci ildə Fərəhli kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin səkkizinci sinfini bitirmişdir. 1995-99-cu illərdə Qazax rayon Kənd Təsərüfatı Texnikumunda təhsil almışdır. 1999-2001-ci illərdə Azərbaycan Milli Ordu sıralarında xidmət etmiş, həqiqi hərbi xidmətini başa vurduqdan sonra 2001-2014-cü illərdə fərdi əməklə məşğul olmuşdur. 2014-cü ildə Azərbaycan Milli Ordu sıralarında müddətsiz hərbi xidmətə daxil olaraq kiçik çavuş rütbəsi ilə xidmət etmişdir. 7 dekabr 2014-cü ildə Qazax rayonunun Cəfərli kəndi istiqamətində hərbi vəzifə borcunu yerinə yetirərkən hərbi texnika ilə minaya düşərək şəhid olmuşdur. Fərəhli kəndində dəfn edilmişdir.


Şəhid Q.Qurbanov ölümündən sonra Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə "Hərbi xidmətdə fərqlənməyə  görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Vaxtilə məzun olduğu Fərəhli kənd ümumi orta məktəbin direktoru Ramin Həsənov çıxış edərək Vətən uğrunda qanından keçən igid oğul və qızlarımızın xatirəsinin əziz tutulmasından, rayon rəhbərliyinin fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə böyük diqqət və qayğı göstərməsindən söz açıb. Vətənini sevən igid oğul kimi Cəfərli kəndinin müdafiəsi zamanı şəhid olduğunu bildirib. Məktəbin məzunu olan digər şəhid oğullar kimi, Qoşqar Qurbanovun da "Şəhidlər” lövhəsində adının və şəklinin əks olunduğu, onun döyüş yolunun məktəblilər üçün bir örnək olduğunu vurğulayıb. 


Qarabağ müharibəsi əlili Namiq Alıyev rayonda görülmüş işlərə, xüsusilə də şəhid ailələrinə göstərdiyi diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova bütün qazaxlılar adından sonsuz minnətdarlığını bildirib. Bulaqların qarşısından keçən minlərlə insanın bulağın tikilməsinə görə sonsuz minnətdarlıq hissi bildirdiyini, adını daşıyanlara isə Allahdan rəhmət dilədiyini qeyd edib. Azərbaycan Ordusunun bugünkü qüdrətindən, döyüş qabiliyyətindən və hər an Vətənin müdafiəsinə hazır olmasından danışıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün elə də uzaqda olmadığını bildirib.


Şəhidin qardaşı Mehman Qurbanov və qayınatası Nürəddin Məmmədov bütün şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə ailələri adından minnətdarlıqlarını bildiriblər. Şəhidin xatirəsinin əbədiləşdirilməsi üçün yeni bulaq kompleksinin tikilməsinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıblar.

Şəhidin qardaşı Mehman Qurbanov qardaşının qanının yerdə qalmayacağını, işğal olunmuş ərazilərimizin tezliklə geri qaytarılacağını və üçrəngli Azərbaycan bayrağının həmin torpaqlarda dalğalanacağını qeyd edib. Hər an qardaşının qisasını almağa hazır olduğunu bildirib.

Sonra şəhidin qızı Hamaya Qurbanova Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirib.







 

GOYEZEN.AZ



Facebook-da paylaş