• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Azərbaycan müəllimlərinin XV qurultayında iştirak etmiş nümayəndələrlə görüşüb


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov noyabrın 28-də Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan müəllimlərinin XV qurultayında iştirak etmiş nümayəndələrlə görüşüb.

Qurultay iştirakçıları ilə səmimi söhbət edən rayon rəhbəri onların təəssüratlarını dinləyib, qurultayda qeyd olunan məsələlərlə bağlı fikir mübadiləsi aparıb, təhsilə olan diqqət və qayğıdan söz açıb.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək Azərbaycan müəllimlərinin XV qurultayının keçirilməsi münasibətilə iştirakçıları səmimi qəlbdən təbrik edib, təhsil sahəsinin inkişafı naminə daha səmərəli fəaliyyət arzulayıb.

Rayon rəhbəri bildirib ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu təhsil islahatlarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyimiz olan uşaqların bilikli, savadlı olmasına xidmət göstərir.  Bu gün ölkəmizdə təhsilə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir. Məhz bu qayğının nəticəsidir ki, təhsildə yeni-yeni qanunlar qüvvəyə minir və həmin qanunlar birbaşa müəllimlərimizə xidmət göstərməklə yanaşı, bilavasitə təhsilin inkişaf etdirilməsi deməkdir. Təhsildə olan şəffaflığın nəticəsidir ki, istər müəllimlərin, istər məktəb direktorlarının işə qəbulu test üsulu ilə həyata keçirilir. Bundan əlavə, təhsildə fərqlənən müəllimlər, şagirdlər xüsusi qayğı ilə əhatə olunur, onların əməyi yüksək qiymətləndirilir. Ən əsası da dövlətimiz və dövlət başçısı tərəfindən ölkə təhsilinin inkişaf etdirilməsi üçün hərtərəfli dəstək göstərilir. Ölkə gənclərinin istər respublikamızda, istərsə də beynəlxalq aləmdə tanınması, xarici dövlətlərdə təhsil almaları, yüksək ixtisaslı kadr kimi yetişmələri üçün hər cür imkan yaradılır.

Rayon rəhbəri bildirib ki, ölkə başçısının təşəbbüsü ilə reallaşan "Ölkəmizi tanıyaq” layihəsi respublika məktəblilərinə bölgələrimizi yaxından tanımaq imkanı yaratmaqla yanaşı, onların intellektual səviyyələrinin inkişaf etməsi baxımından da böyük əhəmiyyət daşıyır. Məktəblilərdə Vətəninə, millətinə bağlılıq hissini aşılamaqla bərabər şagirdlərin savadlı, bilikli olması üçün geniş imkanlar açır.

Hər il olduğu kimi, bu il də qazaxlı məktəblilərin də iştirak etdiyini və qələbə sevinci ilə qayıtdığını qeyd edən icra başçısı bu qələbəni təhsil sahəsinə olan qayğının bəhrəsi kimi qiymətləndirib. Qeyd edib ki, bu layihədə qazaxlı məktəblilərin 9 rayon arasında keçirilən Azərbaycan İntellektual Klublar Assosiasiyası tərəfindən təşkil olunmuş "Nə?, harada?, nə zaman?” adlı bilik yarışmasından qalib kimi qayıtması bunu bir daha sübut etdi ki, Qazax hər zaman ziyalılar yurdu olub. Hər rayon üzrə 6 komanda olmaqla, ümumilikdə 54 komandanın iştirak etdiyi yarışda rayonumuzun "Göyəzən” komandasının 1-ci yeri qazanaraq Assosiasiya tərəfindən Kuboka, Sertifikata və medallara layiq görülməsini, bundan əlavə, məktəblilərin "Asan həyat" kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq" yarışmasından da qalib kimi dönmələri bir daha göstərdi ki, təhsil sahəsinə göstərilən qayğı, diqqət öz bəhrəsini verir.

Dövlət başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri qeyd edib ki, Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamı bir daha onu sübut etdi ki, ölkə başçısı Qazax ziyalılarına hər zaman böyük önəm verib. Rayon rəhbəri Qazax təhsilinə, ziyalılarına verdiyi dəyərə, göstərdiyi diqqət və qayğıya, tarixi əhəmiyyətli Sərəncama görə bütün qazaxlı ziyalılar adından bir daha ölkə başçısına dərin minnətdarlığını bildirib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Hazırda məktəbdə avadanlıqlar yerləşdirilir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır. Bütün bunlar isə dövlətimizin və dövlət başçısının təhsil sahəsinə olan böyük qayğısıdır.

Sonra qurultay iştirakçıları öz təəssüratlarını bölüşüblər.

Rayon Təhsil şöbəsinin müdir müavini Rasim Carçıyev çıxış edərək öncə qurultay iştirakçılarını qəbul etdiyinə görə rayon rəhbərinə minnətdarlığını bildirib. Qeyd edib ki, hər bir sahədə olduğu kimi, Qazax ziyalılar yurdu olduğunu bir daha nümayiş etdirdi. Qurultayda iştirak edən bölgələrimizin arasında Qazaxın 12 nümayəndə ilə rayonumuzun təhsilini təmsil etməsi, nümunəvi çıxışları ilə seçilməsi bir daha onu göstərdi ki, Qazax tarixən ziyalıları ilə seçilib. R.Carçıyev qurultayın "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında panel sessiyalarında ölkəmizdə müvafiq sahələrin inkişafı istiqamətində görülən işlərdən danışıldığını, qarşıda duran vəzifələrin müəyyənləşdirildiyini, öz təklifləri ilə çıxış etdiyini qeyd edib. Qurultayda digər bölgələrimizdə yaşayan və elmin sirlərini gələcəyimiz olan uşaqlara öyrədən qazaxlı müəllimlərlə olan görüşün onda xoş təəssürat yaratdığını bildirib. Qazaxda təhsil sahəsinə olan diqqət və qayğının həmin yerlilərimiz tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Qurultay iştirakçısı olan M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova da öz ürək sözlərini bildirib. Əvvəlcə onlara etimad göstərib qurultayda iştirak etmələri üçün yaratdığı imkana görə öz adından və həmkarları adından dərin təşəkkürlərini bildirib. Qeyd edib ki, tədbir iştirakçılarının ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin və Azərbaycan müəllimlərinin XIV qurultayından ötən dövr ərzində vəfat etmiş təhsil işçilərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad etmələri məndə qürur hissi oyatdı ki, Azərbaycan müəllimi, ziyalısı öz tarixi şəxsiyyətlərinə, şəhidlərinə belə dəyər verir.

Qeyd edib ki, bu qurultayda iştirakım mənə fəxr hissi yaşatdı ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu bir ziyalı kimi qürurla dinlədim. Təhsil naziri Ceyhun Bayramovun iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XV qurultayının işinə uğurlar arzulaması təhsilə verilən qiyməti, biz müəllimlərə olan qayğını bir daha nümayiş etdirdi. Qurultayda hər bir rayon öz təhsil sahəsindəki yeniliklərdən danışırdı. Mən də Qazaxda təhsil sahəsinin daim diqqət mərkəzində olmasından, işçi qrupunun yaradılmasından, bu gün məktəblərimizdə dərsə davamiyyətin 95 %-dən yuxarı olmasından, "Ölkəmizi tanıyaq” layihəsinin Qazaxda əsl toy-bayram kimi qeyd olunmasından, aksiyada iştirak edən məktəblilərə xüsusi qayğı ilə yanaşılmasından söhbət açdım. Mənim üçün sevindirici hal o oldu ki, Qazaxda təhsildə olan bu inkişaf digər həmkarlarımız tərəfindən böyük rəğbət hissi ilə qarşılandı.

Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru, "Tərəqqi” medallı müəllim Söylü Xəlilova da qurultay barədə fikirlərini bölüşüb. Azərbaycan müəllimlərinin ilk qurultayının 1906-cı ildə keçirildiyini bildirib. Ənənəvi olaraq 5 ildən bir keçirilən qurultayda baş verən hər bir hadisənin yüksək səviyyədə keçdiyini qeyd edib. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 5 qurultayının keçirildiyini vurğulayıb. Bu qurultayda ailə-məktəb münasibətlərinin formalaşması mövzusunda söhbətlər apardığını bildirib. Qeyd edib ki, qurultayda səslənən fikirlərdən bir daha əmin olduq ki, Azərbaycan təhsili gündən-günə inkişaf edir və biz müəllimlər bu tərəqqinin şahidi oluruq. Ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində təhsilimiz bundan sonra da yüksək tərəqqiyə doğru inkişaf edəcəkdir.

Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı çıxış edərək istər rayonda təhsil sahəsinin belə yüksək səviyyədə inkişaf etməsi istiqamətində gördüyü işlərə, istərsə də müəllimlərə verdiyi yüksək dəyərə görə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova rəhbərlik etdiyi kollektiv və çoxsaylı müəllim ordusu adından dərin minnətdarlığını bildirib. Bugünkü görüşü göstərilən qayğının təzahürü kimi qiymətləndirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq bildirib ki, istər respublikamızda, istərsə də bölgələrimizdə əldə edilən hər bir uğurun, qazanılan nailiyyətin təməlində təhsil sahəsi, bilik və savad dayanır. Qazax təhsili, ziyalıları da hər zaman öz sözünü deməyi bacarıb. Qazax Müəllimlər Seminariyasının 100 illlik tarixinin olması bir daha onu göstərir ki, təhsilimizin 100 yaşı var.

GOYEZEN.AZ



Facebook-da paylaş