Qazaxda 2 hektar ərazidə ərik bağı salınıb
Bu gün "İDEA”
İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və
Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Qazaxda aztəminatlı ailələr üçün ərik bağları salınıb. Rayonun Qazaxbəyli kəndi ərazisində keçirilən mərasimdə
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları və
iştirakçıları salamlayıb, respublikanın müxtəlif bölgələrində aztəminatlı ailələr
üçün meyvə bağlarının salınmasının əhəmiyyətindən danışıb. Bildirib ki,"Planetimizin ən dəyərli sərvəti insanlardır. Yer kürəsində hər şey
insanların yaşaması, dünya nemətlərindən faydalanması və həm maddi, həm mənəvi
cəhətdən yüksək səviyyədə inkişafı üçündür. Təbiət də, yerin təki də, onun
üstündə olan sərvətlər də, dövlət də insan və xalq üçündür. Bütün təşkilatlar
da insanın bu günü və gələcəyi üçündür” - deyən ulu öndər təbiətin mühafizəsini
onun gələcək nəsillərə daha da inkişaf etdirilərək çatdırılmasını hər zaman
mühüm məsələ kimi ön plana çəkmişdir. Rayon rəhbəri qeyd edib ki, "Dünya Ətraf Mühitin Mühafizəsi Günü”nün
hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda da ətraf mühitin mühafizəsi
və ekoloji problemlər daim diqqət mərkəzindədir. Əsası ulu öndər tərəfindən
qoyulmuş bu ənənə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf
mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm
işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin
bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin, Azərbaycanda
hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi,
təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların
təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu
qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə "Ekologiya ili” elan
etməsi bu sahəyə diqqəti daha da artırmışdır. "Ekologiya ili” çərçivəsində,
eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların
salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf
mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər. Bununla yanaşı son illərdə kənd təsərrüfatının
inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı
və dəstək göstərilir. Kənd təsərrüfatında 2018-ci ilin doqquz ayında 4,3 faiz
artım müşahidə olunub. Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard
dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6
milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan
sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir. Ölkə başçısı İlham Əliyevin həyata
keçirdiyi siyasət nəticəsində kənd təsərrüfatının inkişafı daim diqqət
mərkəzindədir və cənab Prezidentin rəhbərliyi ilə kənd təsərrüfatı sahəsində
aparılan islahatlar daha da böyük nəticələr əldə etməyə imkan verəcəkdir. İcra başçısı bildirib ki, Heydər Əliyev Fondunun
ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən "Hərəmiz bir ağac əkək”
layihəsi də cəmiyyətimizə böyük töhfələr vermişdir. Fondun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə
yaşıllaşdırılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) xoşməramlı səfiri Leyla Əliyevanıntəşəbbüsü ilə 2011-ci ildə iyulun 12-dən fəaliyyətə başlayan İDEA (Ətraf
mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası çoxsaylı yerli və beynəlxalq
layihələrə imza atır. Reallaşdırdığı layihələr ətraf mühitin mühafizəsinə xidmət etməklə
yanaşı, ekoloji məsələlərlə bağlı ictimaiyyətin maarifləndirilməsində mühüm rol
oynayır və insanları təbiətin qayğısına qalmağa təşviq edir. "Əgər öz təbiətimizdən, iqlimimizdən səmərəli istifadə etsək özümüzü
bütün ərzaq məhsulları ilə təmin edə bilərik” - deyən ulu öndər Azərbaycan təbiətinin
qorunmasının onun iqtisadiyyatımızın inkişafı üçün töhfəsini hər zaman yüksək
qiymətləndirmişdir. İcra başçısı bildirib ki, bu gün Qazaxda həyata keçirilən bu layihə əhalinin
rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının
idxalından asılılığının azaldılmasına da töhfə verəcək. 4 nəfər Qazax rayon sakinin hər birinə 0,5 hektar bölünməklə, cəmi 2
hektar sahədə 1000 ədəd ərik ağacı əkilməsi və bağ salınması vətəndaş amilinin
ön planda olması deməkdir. Rayon rəhbəri öz adından, eləcə də Qazax ictimaiyyəti adından layihənin bütün təşkilatçılarına,
eyni zamanda, layihənin rəhbəri Leyla xanım Əliyevaya öz təşəkkürünü və minnətdarlığını
bildirib. Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 27 noyabr
2018-ci il tarixli, 9-21/145 nömrəli Sərəncamına əsasən meyvə bağının salınması
üçün torpaq sahəsi ayrılmış kənd sakinlərinin adları açıqlanıb və Sərəncamın
bir nüsxəsi sahiblərinə təqdim olunub. İDEA
İctimai Birliyinin nümayəndəsl Nəzakət İsayeva bildirib ki, meyvə ağaclarının
əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci
ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı,
daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan,
Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli və Göygöl rayonlarında
salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid
ailələrinin istifadəsinə verilmişdir. Layihə
çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik növlərindən
olmaqla ümumilikdə 18560-ə yaxın meyvə ağacları əkilib və 57 aztəminatlı ailə
meyvə bağları ilə təmin edilib. Birlik
nümayəndəsi qeyd edib ki, aztəminatlı ailələr üçün meyvə bağlarının salınması
layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında
da təşkil ediləcəkdir. Meyvə bağı
salınmış kənd sakinlərindən Qabil Qocayev, Valeh Seyidov, Müşgül Nəbiyev və
Fərhad Fərzəliyev aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması
məqsədilə həyata keçirilən bu layihəni yüksək qiymətləndirdiklərini qeyd edib,
layihənin təşkilatçılarına öz dərin minnətdarlıqlarını bildiriblər. Sonra ağacəkmə aksiyasına start verilib. İki hektar ərazidə 1000 ədəd
ərik ağacı əkilib. Qeyd edək ki, Qazax rayonunda
meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyaya 200 nəfərdən çox yerli gənc
könüllü olaraq qoşulmuşdur. Ağaclar
əkildikdən sonra tədbir Qazax rayon Mədəniyyət Mərkəzinin "Qönçə” rəqs ansamblı
üzvlərinin bir-birindən şən, şux rəqs nömrələri ilə davam etdirilib. GOYEZEN.AZ
Facebook-da paylaş