İcra başçısı 2 nömrəli məktəbdə görülən son tamamlanma işləri ilə maraqlanıb
Bu gün rayon rəhbərliyinin təşəbbüsü və Təhsil Nazirliyinin
xətti ilə əsaslı tikinti işləri aparılan, dahi şair Səməd Vurğunun adını
daşıyan şəhər 2 nömrəli tam orta məktəb ölkə başçısı İlham Əliyevin təhsil
sahəsinə göstərdiyi diqqət və qayğının, bu sahənin inkişafı istiqamətində
gördüyü işlərin əyani sübutudur. Nəinki paytaxtla yanaşı, eləcə də
bölgələrimizdə müasir standartlara cavab verən yeni məktəb binalarının inşa olunması
isə təhsil sahəsinin daim diqqət mərkəzində olmasından xəbər verir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov demək olar ki,
tikinti başlayan ilk gündən mütəmadi olaraq görülən işlərlə tanış olur,
lazım olan köməklikləri edir. Rayon rəhbəri bu gün də əsaslı şəkildə yenidən
qurulan məktəbdə olub, son tamamlanma işləri ilə maraqlanıb. İş icraçısı
Pərviz Qafarov görülən işlər barədə məlumat verərək bildirib ki, işlərə ilk
gündən böyük sürətlə start verilib. Məktəbin əsas binasında, A, B, C
korpuslarında, sinif otaqlarında, köhnə idman zalı, klub və bufetdə, arxada
yerləşən yardımçı otaqlarda işlərin yüksək səviyyədə həyata keçirildiyini qeyd
edib. Məktəb binası ilə yanaşı, həyətdə də tikinti işlərinin aparıldığını
bildirib. Məktəbin həyətinə tamet döşəndiyini və bu işin yekunlaşdığını, bundan
əlavə, həyətdə dahi şair Səməd Vurğunun yeni büstünün qoyulduğunu qeyd edib. İş icraçısı
bildirib ki, hazırda avadanlıqlar yerləşdirilir. Məktəb üçün lazım olan bütün
müasir standartlara cavab verən partalar, yazı lövhələri, əyani vəsaitlər və
digər avadanlıqlar gətirilib. Məlumat üçün
qeyd edək ki, məktəbdə əsaslı təmir işləri ilə yanaşı, müasir standartlara
cavab verən emalatxana, qazanxana, nasosxana və su anbarları da inşa olunub. Məktəbin direktoru
Murğuz Mustafayev müəllim-şagird kollektivi
barədə məlumat verərək qeyd edib ki, məktəbdə Azərbaycan və rus bölmələri üzrə
tədris aparılır. 964 şagird yerlik məktəbdə 45 sinif otağı vardır. 34 sinif
komplektində şagirdlərə dərs keçirilir. Həmin siniflərdən 23-ü Azərbaycan, 11-i
rus bölməsi üzrədir. Hazırda məktəbdə 641 nəfər şagird təhsil alır ki, onların
da təlim-tərbiyəsi ilə 76 müəllim məşğul olur. Bundan əlavə, 6 nəfər rəhbər
heyət və 27 texniki işçi çalışır. Azərbaycan bölməsində 2 birinci, 1 doqquzuncu
və 2 onbirinci sinif var. Rus bölməsində isə birinci, doqquzuncu və onbirinci
siniflərin sayı 1-dir. Bundan başqa, 5 yaşlı hazırlıq qrupunda 51 uşaq elmin
sirlərinə yiyələnir. Məktəb
direktoru rayonumuzda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, təhsil
sahəsinə, müəllimlərə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti
İlham Əliyevə bütün müəllimlər adından öz dərin minnətdarlığını çatdırıb.
Fəaliyyətə başladığı ilk gündən rayon təhsilinin inkişaf etdirilməsi üçün hər
zaman öz qayğısını əsirgəməyən rayon rəhbərliyinə sonsuz təşəkkürlərini ifadə
edib.
GOYEZEN.AZ
Facebook-da paylaş