• Təqvim

  • Unutma

  • Maraq



Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

 

Bu gün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış, xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr – Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. 

Qeyd edib ki, 30 il bundan əvvəl, 1988-ci il noyabrın 17-də imperiya zülümündən cana doymuş Azərbaycan xalqının ayağa qalxması tarixə meydan hərəkatı kimi daxil oldu. Türk dünyasının böyük oğlu, ümummilli lideri Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli-siyasi azadlıq hərəkatında yeni bir mərhələ başladı. Heydər Əliyev həmin gərgin günlərdə xalq arasında olmaqla Naxçıvanda Azərbaycan xalqının milli-azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizəsinə başçılıq edirdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən bu sessiyanın qərarları Sovet rejiminə sarsıdıcı zərbə vurmaqla çox əhəmiyyətli rol oynadı. Sessiya muxtar respublikanın adından "Sovet Sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi. Ulu öndər Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin 5 fevral 1991-ci il tarixli sessiyasındakı çıxışında SSRİ-dən imtinanın və müstəqillik uğrunda mübarizənin vacibliyini məntiqi şəkildə əsaslandırdı.  Həmin sessiyada Azərbaycan SSR-nin adı dəyişdirilərək "Azərbaycan Respublikası” adlandırıldı və üçrəngli bayrağımız dövlət bayrağı kimi təsdiq olundu.

Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı. Dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu.

Ulu öndərin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmişdir. Onun əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.


Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.

Xalqın özünüdərk prosesinin zirvəsi, milli oyanışın təntənəsi olan həmin tarixi meydan hərakatından 30 il keçir. Bu qısa zaman kəsiyinə nəzər salsaq ölkəmizin qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə bütün dünyada lider dövlətlərdən birinə çevrilməsi təkzibedilməz faktdır. Ötən müddət ərzində müstəqil Azərbaycan dövlətinin qazandığı uğurlar göz qabağındadır. Dövlət müstəqilliyinin üçüncü onilliyini yaşayan Azərbaycanın inkişafını, yüksəlişini, beynəlxalq arenada qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı strategiyasının təməlini qoymaqla kifayətlənməmiş, bu strateji kursu davam etdirməyə qadir istedadlı, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dünya birliyində özünə layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Qafqazdakı lider rolunun möhkəmləndirilməsinə, enerji və nəqliyyat təhlükəsizliyinin davamlılığına, ərzaq təhlükəsizliyinin təmin olunmasına, güclü və qüdrətli ordu quruculuğuna, ölkə vətəndaşlarının xoşbəxt və firəvan yaşayışının etibarlı şəkildə təmin edilməsinə nail olundu. Bu gün Azərbaycan Respublikasında hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını dövlət tərəfindən həyata keçirilən uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. Hazırda dünyanın bir sıra nöqtələrində, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər sabitliyin nə qədər böyük dəyər olduğunu təsdiqləyir. Müəyyən beynəlxalq güclər öz maraqları naminə bir sıra dövlətlərin daxilində vəziyyəti gərginləşdirdilər və hazırda çox acınacaqlı durum yaranıb. Həmin ölkələrin xalqları, günahsız insanlar çox ağır məhrumiyyətlərlə üz-üzə qalıblar. Bütün bunlar bir daha bu reallığı təsdiqləyir ki, hər bir cəmiyyətin qarşısında duran ən mühüm əsas vəzifələrdən biri məhz ictimai-siyasi sabitliyin təmin edilməsidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı və kompleks tədbirlər makroiqtisadi sabitliyin daha da möhkəmlənməsinə, ölkənin dayanıqlı inkişafına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələr verir. Digər tərəfdən, bu siyasətin əsas mahiyyəti aztəminatlı əhali qruplarının dayanıqlı təminat sistemini yaratmaq, bununla da, ölkə əhalisinin həyat şəraitinin uzunmüddətli yaxşılaşdırılmasına nail olmaqdır. Son 15 ildə əmək haqlarının, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin dəfələrlə artması və işsizlik probleminin getdikcə aradan qaldırılması bunları bir daha təsdiqləyir. Bir sözlə, görünən odur ki, əhalisinin sosial müdafiəsinin təmin edilməsi müstəqil Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial problemlərinin həllini vacib vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.


Qətiyyətlə deyə bilərik ki, Respublika Prezidenti İlham Əliyev cənabları qısa müddətdə bu yüksəlişə nail olmaqla ölkəmizin ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi oldu. Ölkə başçısı İlham Əliyevin timsalında hər bir Azərbaycan vətəndaşı ölkəmizin tərəqqisini görür və bu böyük şəxsiyyəti inkişafımızın təminatçısı kimi dəstəkləyir.

Sonra mövzu ətrafında RİHB Aparatının baş məsləhətçisi Vəfa Cəbiyeva, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Tərlan Bədəlova, Təhsil şöbəsində aparıcı məsləhətçi Əziz Məmmədov çıxış edərəkMilli Dirçəliş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, ötən müddət ərzində ölkəmizin qazandığı uğurlardan söz açıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq Azərbaycan xalqını və rayon sakinlərini bu əlamətdar gün münasibətilə bir daha səmimi qəlbdən təbrik edib, gələcək işlərində uğurlar arzulayıb.











GOYEZEN.AZ

 

 

 

 



Facebook-da paylaş