• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda “Rayonumuzu tanıyaq” devizi altında ilk tur-aksiya təşkil olunub


Artıq beşinci ildir ki, Respublika Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü il avqustun 1-dən şəhər və rayon icra hakimiyyətləri tərəfindən IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaların keçirilməsinə başlanılıb. Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətlərini, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafını, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən simasını tanıtmaq məqsədilə təşkil olunmuş bu tur-aksiya olduqca böyük əhəmiyyət kəsb edir. Ölkə başçısının təşəbbüsü ilə reallaşan, gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan "Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya yenidən start verilib.

14-17 noyabr 2018-ci il tarixlərində həyata keçiriləcək aksiyaya Qazax məktəbliləri də qoşulublar. 4 gün davam edəcək tur-aksiyada rayon məktəbliləri ölkəmizin cənub bölgəsi olan Lənkəran-Masallı-Astara rayonlarının görməli yerləri ilə tanış olacaqlar. Bu il isə Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yeni bir ənənənin əsası qoyulub. Rayon rəhbərinin təşəbbüsü ilə tur-aksiyada iştirak edəcək 40 nəfər məktəbli üçün bu gün səfər öncəsi Qazax rayonu üzrə tur təşkil edilib. Aksiyada iştirak edəcək qrup rəhbəri, təhkim olunmuş digər şəxslər məktəblilərlə birlikdə "Rayonumuzu tanıyaq” devizi altında  Qazaxın gəzməli, görməli yerlərində olub, rayonumuz haqqında dolğun məlumatlar əldə ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin qarşısında toplaşan aksiya iştirakçıları gəzintiyə ilk olaraq şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanını ziyarətlə başlayıblar.

Əllərində tər qərənfillər tutmuş şagirdlər Vətən oğullarının adı və şəkli əks olunmuş löhvə önündən keçərək əziz xatirələrini yad edib, memorial önünə gül dəstələri düzüblər. Məktəblilərə məlumat verilib ki, bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi isə hələ də düşmən tapdağı altındadır. Qazax rayonu da Vətən torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.








Bildirilib ki, Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı hər zaman yüksək səviyyədə olmalıdır. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizə xüsusi diqqət ayırmasından, şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, əsaslı şəkildə təmir edilməsindən söz açılıb. Bu gün ziyarət etdikləri şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işlərinin, xüsusilə də 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulmasının bu istiqamətdə görülən əməli işlərin əyani göstəricisi olduğunu çatdırıblar.

Sonra tur-aksiya iştirakçıları Respublika Prezidenti İlham Əliyevin 3 noyabr 2018-ci il tarixli Sərəncamı ilə bu il 100 illiyini qeyd edəcəyimiz Qazax Müəllimlər Seminariyasına baş çəkiblər. Dahi şair Səməd Vurğunun vaxtilə təhsil aldığı sinifdə seminariyanı bitirmiş məzunları, eləcə də o vaxt dərs deyən müəllimləri özündə əks etdirən fotoguşə ilə tanış olublar. Milli təhsilimizin əsasını qoyan seminariyanın tarixinə nəzər salıb, Azərbaycan təhsilinə bəxş etdiyi saysız-hesabsız dəyərli insanları yad ediblər.









Şagirdlərə Qazax Müəllimlər Seminariyasının tarixi haqqında ətraflı məlumat verilərək bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli və demokratik mövqeyi Qori seminariyasının Azərbaycan (tatar) şöbəsinin Qazaxa köçürülməsini təmin etmişdi. Milli Hökumətin Gəncə xəzinəsindən 5080 manat qızıl pulla Azərbaycan (tatar) şöbəsinin əmlak xərcini ödəməsi və Gürcüstan hökumətilə əldə olunmuş razılıq, habelə böyük millətsevər, maarifçi Firidun bəy Köçərlinin fədakarlığı bu işdə mühüm rol oynamışdı. Seminariyanın tatar şöbəsinin əmlakının Ağstafa vağzalından Qazaxa köçürülməsində çox böyük fədakarlıq göstərən Qazaxın camaatı, Qori seminariyasının Qazaxdakı keçmiş məzunları yaxından iştirak etmişlər. Özünün 17 otağı olan mülkünü seminariyaya bağışlayan Qazaxın Kosalar kənd sakini Məşədi İbrahim Hacı İsmayıl oğlunun hərəkəti isə sonsuz dərəcədə fərəhli, bugünkü nəsillərə nümunə ola biləcək hadisə kimi xatırlanmağa layiqdir.

Müəllim və şagirdlər ölkə başçısı tərəfindən imzalanmış bu tarixi əhəmiyyətli Sərəncamı və Sərəncamda yer alan dəyərli fikirləri Qazax təhsilinə, eləcə də bütün qazaxlılara verilən ən böyük qiymət kimi dəyərləndiriblər.

"Azərxalça” ASC-nin Qazax filialı ilə tanışlıq da yaddaqalan olub. Müəssisə ilə ətraflı şəkildə tanış olan məktəblilər burada qurulmuş xanalara, toxunan xalçalara baxıblar. Şagirdlərə bildirilib ki, xalçaçılıq sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşünü və inancları ilə bağlı simvolları əks etdirib. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə də dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə tam əhatə olunub. Bu gün rayonumuzda inşa olunmuş müəssisədə işçilərin rahat şəkildə çalışmaları üçün hər cür şərait yaradılıb. Yaradılan bu yeni müəssisə qazaxlı xalçaçılara verilən ən böyük hədiyyədir. Eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət kəsb edir. Belə ki, "Azərxalça” ASC tərəfindən tikilmiş bu müəssisədə 150 nəfərin çalışması nəzərdə tutulub ki, hazırda 107 nəfər işləyir. Müəssisə ilə tanış olan məktəblilərə "Azərxalça” ASC tərəfindən təqdim olunmuş qədim xalçaların toplandığı kitab hədiyyə olunub.















Qazaxda tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən bir məkan da var ki, o da şəhərin Heydər Əliyev prospektində yerləşən Ədəbiyyat Muzeyidir. Tur-aksiya iştirakçıları bu gün bu məkanda da olub, muzey, eləcə də şairlərimizin həyat və yaradıcılığı haqqında ətraflı məlumatlar əldə ediblər.

Bildirilib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşir. Binanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır. Bu muzey Respublika Prezidentinin 2012-ci il 1 iyun tarixli Sərəncamı ilə Prezidentin ehtiyat fondundan ayrılmış 5 milyon manat vəsait hesabına tikilmişdir.










Günün ikinci yarısında baş tutan gəzinti də müəllim və şagirdlər üçün yaddaqalan olub. Belə ki, Abbasbəyli kəndi ərazisində yerləşən Göyəzən dağına baxış şagirdlərdə xoş təəssürat yaradıb.

Məktəblilərə Göyəzən dağı haqqında geniş məlumat verilərək bildirilib ki, Kiçik Qafqazın dağətəyi sahəsində ekstruziv günbəz-dağdır. Təbaşir dövründə püskürmüş vulkanın yerində əmələ gəlmişdir. Yer səthindən hündürlüyü 250 m, diametri 130 metrdən çoxdur. Düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir.

Göyəzən dağı Qazaxın rəmzi sayılır. O, mərkəzdən 20 km aralıda, Coğaz çayından 2 km solda, Alpout və Abbasbəyli kəndləri ərazisində yerləşir. Nadir geoloji təbiət abidəsi vulkan püskürməsi nəticəsində yaranıb. Morfoloji xüsusiyyətinə və gözəlliyinə görə Mon-Pele tacından (Vest-hind adalarından biri olan Martunika adasında) sonra dünyada ikinci dağ sayılır. Hündürlüyü 250 metr olsa da, qazaxlılar buranı "dünyanın mərkəzi" hesab edirlər. Zirvəsi nisbətən düzən olub, geniş meydançanı xatırladır. Burada orta əsrlərə aid yeddi bürclü qala divarları və dördkünc bina qalıqları, həmçinin bir neçə mağara aşkar edilmişdir.













Dibində və ətəyində iri və qədim yaşayış yerin, yeddibürclü qalanın qalıqları görünür. Gövdəsində ilkin insanın məskəni sayılan mağara-otaqlar var. Zirvəsi nisbətən yastıdır. Deyilənə görə qədimdə bayramlarda və düşmən təhlükəsi olanda dağın zirvəsində tonqal qalanarmış. Göyəzən istehkamının IX-XII əsrlərə aid keşikçi məntəqəsi olması güman edilir. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin şəklində qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oronim türk dillərindəki kava (qaya, sıldırım) və sın/sin (dağ beli) komponentlərindən düzəlib, "sıldırımlı dağ beli" deməkdir. Tovuz rayonunun Bala Şamlıq kəndində də şiş bir qaya Göyəzən adlanır. Göyəzən toponimi ilə bağlı müxtəlif rəvayətlər və yozmalar da var.

Daş Salahlı kəndindəki Damcılı mağarasıilə tanışlıq da məktəblilərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır.

Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.





Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrüMezeolit dövrü və Neolit dövrünə aiddir. Damcılı mağarası Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı Avey dağının şərq ətəyində yerləşir. Bu ərazidə kəşfiyyat xarakterli arxeoloji təqdiqatlar ilk dəfə 1953-cü ildə keçirilmiş və 1956-cı ildən etibarən burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya təşkil olunmuşdur. Həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar etmişdir. Dünyanın bir çox bölgələrində olduğu kimi burada da ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişdilər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olub təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan özlərini qoruya bilmişdilər. Avey dağı ərazisində aşkar olunan daş dövrü insan məskənlərindən ən irisi və önəmlisi Damcılı mağara düşərgəsidir. Bu mağara formasına görə yarımdairəvidir. Hündürlüyü - 4 m, ümumi sahəsi 17 x 27 m-dir.

Daş Salahlı kəndində yerləşən  "HGC Group” MMC (Qazax Sement Zavodu)  ilə tanışlıq zamanı məktəblilərə bildirilib ki, bu zavod 5 iyul 2013-cü ildə istifadəyə verilib. Prezident İlham Əliyev Qazax sement zavodunun yeni istehsal xəttinin açılışında iştirak edib.

Qeyd olunub ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Akkord sement zavodunun tikintisi üzrə investisiya layihəsi uğurla reallaşdırılıb. Bu müəssisənin inşasına 2010-cu ildə başlanmışdır.

Bildirilib ki, Qazax-Gürcüstan sərhədi avtomagistralından Daş Salahlı kəndinə asfalt yol çəkilmişdir. Bu yolun başlanğıcında quraşdırılan monitorlarda ulu öndərin həyat və fəaliyyəti, ölkənin iqtisadiyyatı və regionların inkişafı üçün həyata keçirdiyi ardıcıl tədbirləri əks etdirən videoçarxlar nümayiş etdirilir. Asfalt yolun kənarı ilə zavoda dəmir yolu və 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, suvarma kanalı, seldən mühafizə bəndi və digər qurğular inşa olunmuşdur.

















Müəssisənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır. Burada orijinal layihə əsasında park salınmışdır. Bu istirahət məkanı müasirliyi ilə diqqəti çəkir. Zavodun ərazisində ümumi sahəsi 4 min kvadratmetrdən çox olan altımərtəbəli, 56 otaqlı, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz edilən 250 yerlik üçmərtəbəli yeməkxana inşa olunmuşdur. Ümumi sahəsi 3400 kvadratmetr olan 69 otaqlı, beşmərtəbəli inzibati binanın tikintisi də tamamlanmışdır. Hazırda ərazidə silsilə qurğular inşa edilir. Sement istehsalında istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinin müntəzəm yoxlanması üçün zavodda kimyəvi və fiziki laboratoriya quraşdırılmışdır. Laboratoriyada gips, əhəng daşı, mergel, gil, vulkan külü, klinker və sementin növlərinin kimyəvi, fiziki və mexaniki sınaqları həyata keçirilir. Zavod haqqında ətraflı şəkildə məlumat alan məktəblilər istehsal prosesi ilə də əyani şəkildə tanış olublar. Bildirilib ki, zavodun gündəlik istehsal gücü 2500 ton klinker təşkil edir.

Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğun Poeziya evinə baxış zamanı aksiya iştirakçıları dahi şairin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad ediblər. İştirakçılara məlumat verilib ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur "Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib.

Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Azərbaycan Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı.













Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunmuşdur. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə etmişdir. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib.

Məktəblilərə məlumat verilib ki, ötən il də rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.

"Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş tur-aksiyanın növbəti ünvanı isə "Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC olub. Məktəblilərə çatdırılıb ki, 2016-cı ilin 19 oktyabrında istifadəyə verilən təsərrüfatın açılışında Prezident İlham Əliyev iştirak edib. Bildirilib ki, təsərrüfat 151 hektar sahədə yaradılıb. 15 hektar sahədə isə süni yağışyağdırma üsulunun tətbiqi ilə pivot suvarma sistemi qurulub ki, bu da məhsuldarlığı 2-3 dəfə artırmağa imkan verir.















Məktəblilər binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif illərdə Qazax rayonuna səfərlərini əks etdirən fotoguşə ilə də tanış olublar. Qeyd olunub ki, binada fermer təsərrüfatında çalışanlar üçün hər cür şərait yaradılıb. Konfrans zalı, yeməkxana işçilərin istifadəsinə verilib. Diqqətə çatdırılıb ki, bu təsərrüfat "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsinin bəhrəsidir. Burada texnika üçün park inşa edilib. Təsərrüfat üçün lazım olan müxtəlif növ maşın-mexanizm alınıb. Müəssisədə istehsal olunan məhsulların təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ən müasir texnologiyalar əsasında istehsal sahəsi yaradılıb. Hazır məhsulların saxlanılması üçün tutumu 2 min ton olan anbar da inşa olunub.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeylə tanışlıq zamanı bildirilib ki,Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib.

Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.

Binanın tikinti sahəsi 432,6 kvadratmetr, ümumi sahəsi 1728 kvadratmetrdir. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.

Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var.











Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb.

Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb. Muzeyin binası müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edilib.

Tur-aksiya iştirakçılarından – Orta Salahlı kənd tam orta məktəbin X sinif şagirdi Nəzirə Məmmədova, Aşağı Əskipara kənd tam orta məktəbin X sinif şagirdi Nigar Məmmədli, Ürkməzli kənd tam orta məktəbin XI sinif şagirdi Tahirə Camalova, Bala Çaylı kənd tam orta məktəbin X sinif şagirdi Günay Quliyeva, Aşağı Salahlı kənd tam orta məktəbin IX sinif şagirdi Rasim Qasımov, şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Elçin Bayramlı, M.Hüseyn adına məktəb-liseyin IX sinif şagirdi Emin Carçalov, Qazaxbəyli kənd tam orta məktəbin IX sinif şagirdi Şəlalə Məmmədova öncə "Ölkəmizi tanıyaq” layihəsinə görə ölkə başçısı İlham Əliyevə bütün qazaxlı məktəblilər adından dərin minnətdarlıqlarını bildiriblər. Bu gün Qazaxda ilk dəfə olaraq təşkil olunmuş "Rayonumuzu tanıyaq” devizi altında təşkil olunmuş bugünkü turun həyata keçirilməsinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürlərini çatdırıblar. Öz təəssüratlarını bölüşən məktəblilər qeyd ediblər ki, bugünkü gəzinti bizim rayonumuz haqqında zəngin məlumatlar əldə etməyimizdə böyük rol oynadı. Bu gün biz əldə etdiyimiz məlumatlarla Qazaxımızı bir daha kəşf etdik. Rayonumuzun təbiəti, tarixi abidələri, gündən-günə dəyişən siması, qazandığı nailiyyətləri bizdə xoş təəssürat yaratdı. Ən əsası da səfər öncəsi təşkil olunmuş bu tur bir daha onu sübut etdi ki, bütün bölgələr arasında Qazaxımızın öz gözəlliyi və zəngin tairixi var. Bu gün biz gəzinti zamanı buna bir daha əmin olduq.




GOYEZEN.AZ

 



Facebook-da paylaş